Putin SSRİ-nin bərpası istiqamətində ilk addımını atır

27.05.2014 - 10:58

Putin SSRİ-nin bərpası istiqamətində ilk addımını atır

  Putin SSRİ-nin bərpası istiqamətində ilk addımını atır
İki gün sonra Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayacaq 
Mayın 29-da Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalanacaq. Avrasiya İqtisadi Birliyinin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, müqaviləni Rusiya, Qazaxıstan və Belarus prezidentləri imzalayacaq. Qazaxıstanın Müstəqillik Sarayında baş tutacaq tədbirdə Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edəcək. Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalandıqdan sonra mətbuat üçün brifinq olacaq. 
Müşahidəçilər bu toplantını SSRİ-nin bərpası istiqamətində ilk addım sayırlar. Düzdür, ötən həftə Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın SSRİ-ni bərpa edəcəyi ilə bağlı səslənən məlumatlara reaksiyasında demişdi ki, bu iddialar əsassızdır  və informasiya müharibəsinin tərkib hissəsidir. Onun sözlərinə görə, Rusiya heç də postsovet məkanını öz təsiri altına almaq niyyətində deyil. V. Putin qeyd edib ki, bəzi dairələr bilərəkdən Rusiyanın guya SSRİ-ni bərpa edəcəyi ilə bağlı məlumatlar yayır. Putin Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı  imzalanacaq sənəddə heç bir imperiya ambisiyalarının olmadığını vurğulayıb. Ancaq görünən budur ki, Putin Kremlin layihəsi olan Avrasiya İttifaqının yaradılmasını, faktiki olaraq SSRİ-nin dirildilməsini 2015-ci ilin ilk aylarınadək başa çatdırmağa tələsir. 
Bu arada Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın hansı qərar verəcəyi məlum deyil. Bir müddət öncə Nazarbayev Dağlıq Qarabağın ittifaqa qoşulmasını mümkünsüz saymışdı. Kremlin millətçi ideoloqlarından biri hesab olunan, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, imperiyapərəst politoloq Aleksandr Duqin isə Ermənistanın 1in.am saytına müsahibəsində Bakı ilə bərabər İrəvanı da hədələyib. O, Gömrük İttifaqına üzvlüyü perspektivindən söz açarkən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi xarakterizə edib. Duqinin sözlərinə görə, Qarabağla Ermənistan arasında sərhəd məntəqəsinin qoyulmasının tərəfdarı olanlar və bu fikri səsləndirənlər Ermənistanın Gömrük İttifaqına  üzvlüyünə mane olmaq istəyənlərdir. 
A. Duqin Rusiya ilə Ermənistan arasındakı münasibətlərin dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb. Hərəkat lideri onu da qeyd edib ki, əgər Ermənistan Rusiyanın Gömrük İttifaqı və Avrasiya Birliyi layihəsinə qoşulmazsa, o zaman əlaqələr pisləşəcək: “Ermənistan Moskvaya  ultimatumları təqdim etməməlidir və Qarabağı bəhanə gətirməməlidir. Ermənistan Rusiyanın Avrasiyaya inteqrasiya layihələrinə qoşulmasa, təbii ki, münasibətlər pisləşəcək və çətin duruma düşəcək”.
Vəfa Quluzadə: “Putin Avrasiya İttifaqının yaranmasından yalnız piar baxımından bəhrələnəcək”
 Qeyd edək ki, Ermənistan rəhbərliyində Qarabağla sərhəddə gömrük məntəqələrinin quraşdırılması barədə müzakirələr getdiyi bildirilir. Ermənistan parlamentinin müxalifətçi  deputatı Aleksandr Arzumanyan da bununla bağlı məsələ qaldırıb. Bu zaman, parlament spikeri Ovik Abramyan onun dediklərinə dolayı yolla da olsa haqq qazandırıb və onu Qarabağ barədə danışmamağa çağırıb. “Biz də istəyirik ki, dediyimiz olsun. Amma bu barədə az danışmaq lazımdır”-,deyə spiker cavab verib.
“Ermənistanın Avrasiya İttifaqına girişi haqqında sənəd bir iyun tarixinə kimi hazır olacaq. Ermənistan ittifaqa Dağlıq Qarabağsız qoşulmağa məcburdur. Bu məsələ hətta müzakirə edilmir”.  
Ermənistan və “DQR” arasında sərhədlərin olmaması İrəvanın əsas şərtidir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da bildirib ki, Gömrük Şurasına üzv olacağı halda Ermənistan və “DQR” arasında nəzarət buraxılış məntəqələri ola bilməz. Avrasiya İqtisadi Komissiyası isə Ermənistanın bu şərti ilə razı deyil. Xüsusila, Belorus və Qazaxıstan Azərbaycanla yaxşı münasibətlərini nəzərə alaraq Avrasiya İttifaqının sərhədlərinin əvvəlcədən müəyyənləşdirilməsinin vacib olduğunu bildirir.
Ermənistan XİN-də Anton Azarovun bəyanatını şərh etməkdən imtina ediblər. Amma Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın mətbuat katibi David Babayan bəyanatı şərh edib: “Aydındır ki, Dağlıq Qarabağ bu ittifaqa daxil olmayacaq. Biz bunun üçün müraciət etməmişik, çünki hələ də münaqişənin nizama salınması ilə bağlı problemlər mövcuddur. Sərhədlərə gəlincə, düşünmürəm ki, hansısa dəyişikliklər olacaq. Ermənistan və Dağlıq Qarabağın yüksək inteqrasiyasını nəzərə alaraq sərhəddə gömrük məntəqələrinin qurulması mümkün deyil”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə qurumun perspektivinə inanmır: “Bu yaxınlarda Lukaşenko demişdi ki, Avrasiya İttifaqının yaradılmasına 10 il sonra başlamaq lazımdır, indi olduqca tezdir. Putin sözsüz ki, Avrasiya İttifaqının yaranmasından yalnız və yalnız təbliğat, piar baxımından bəhrələnəcək. Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində liderliyini qabartmaq üçün Putin bunlardan yararlanacaq və göstərəcək ki, Rusiya Qazaxıstana, Belorusa bərabər ölkə deyil, liderdir və Moskva artıq bu prosesi başlayır. Amma əslində hələlik Rusiyanın yaratdığı heç bir ittifaq işləmir. Mən 1999-cu ilədək MDB-nin 5-6 sammitində, Minskdəki qərargahındakı toplantısında iştirak etmişəm. Daim təəccüb edirdim ki, bu, nə saxta bir şeydir, ortalıqda heç bir şey yoxdur. Ölkə prezidentləri çıxış edəndən sonra çay, qəhvə, nahar olurdu və hərə ürəyi istədiyini deyirdi və heç bir ümumi müqavilə imzalanmırdı”. 
V.Quluzadə Astanada müqavilənin imzalanacağı barədə məlumata da reaksiya verdi: “Müqavilə məsələsi çox müəmmalıdır. Bir çox müqavilələr deklarasiya xarakteri daşıyır, amma dünyaya və xalqlara real müqavilə kimi təqdim olunur. Məsələn, guya Çinlə qaz haqqında müqavilə imzalanıb. Amma əslində bu, müqavilə yox, niyyətlər protokoludur”. 
Keçmiş müşavir SSRİ-nin yaradılması zamanı imzalanan müqavilələrlə və o zamankı situasiya ilə indikini eyniləşdirməyin əleyhinədir: “SSRİ dövründə vəziyyət tamam başqa idi. O vaxt regionda bircə oyunçu var idi – SSRİ, başqası yox idi. İndi baxın, görün regionda Rusiyadan başqa nə qədər oyunçu var? Xüsusilə də Türkiyə və İran faktoru var. Region ölkələrinin hamısı bu iki ölkə ilə güclü surətdə əməkdaşlıq edir. Üstəlik, regionda ABŞ, Avropa, eyni zamanda Çin amili var. Bunların hamısı bir yerdə Rusiyada işləyir. Sovet İttifaqının vaxtında bu qüvvələr Rusiyada işləmirdi. SSRİ hegemon idi, nə istəyirdi, edirdi. Amma indi vəziyyət başqa olduğuna görə Rusiyanın heç bir ittifaqı baş tutmur. MDB baş tutmadı, KTMT layihəsi də alınmadı”. V.Quluzadə İrəvanın bu prosesdə hansı mövqedə duracağı barədə isə bunları bildirdi: “Ermənistanın ürəyi Avropadadır, amma bilmir nə cür etsin ki, Gömrük İttifaqından boyun qaçırsın. Ermənistan ürəkdən Gömrük İttifaqına getmək istəmir”. Rəsmi Bakıya gəldikdə, politoloq əminliklə “Bu, 100 faizdir ki, Azərbaycan Gömrük İttifaqına getməyəcək” deyib.  
Qeyd edək ki, Azərbaycan rəhbərliyi dəfələrlə heç bir bloka qoşulmayacağını, Qoşulmamaq Hərəkatının üzvü kimi balanslı siyasətə üstünlük verəcəyini bəyan edib. 
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7499

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031