Türkiyəli nazirlər Azərbaycana niyə gəlib?
27.05.2014 - 11:02
Türkiyəli nazirlər Azərbaycana niyə gəlib?
Bəzi ehtimallara görə, “nurçu” məsələsi yenidən müzakirə olunacaq
Ilham Ismayıl: “Azərbaycanda yaşayan “nurçu”ların Türkiyə hakimiyyətinə qarşı təsir imkanları çox azdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sonuncu Bakı səfəri “nurçu dosyesi” ilə yadda qaldı. Ərdoğan səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirdi ki, münasibətlərə problem yarada biləcək bütün məsələlər həllini tapıb.
Həmin səfər çərçivəsində Ərdoğanın Ilham Əliyevə “nurçular”ın siyahısını verməsi hökumət mətbuatında da təkzib olunmadı və sonrakı mərhələdə müəyyən mənada özünü doğrultdu. Belə ki, adı “nurçu”luqda hallanan bir neçə məmur vəzifədən azad edildi, “nurçular”a məxsus dərsanə bağlandı, “nurçu” olduğu deyilən sıravi vətəndaşlar saxlanıldı və s.
Yəni Ərdoğanla əldə olunan razılığa uyğun olaraq müəyyən addımlar atıldı. Maraqlı məqam ondan ibarətdir ki, Ərdoğan iyun ayında yenidən Bakıya səfər edəcəyini bildirmişdi.
Bütün bunları xatırlamaqda məqsədimiz, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və daxili işlər naziri Əfqan Alanın Azərbaycana səfərinə diqqət çəkməkdir.
Türkiyənin daxili işlər naziri Əfqan Ala səfər çərçivəsində həmkarı Ramil Usubovla görüşüb və digər rəsmi şəxslərlə də görüşü nəzərdə tutulur. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin də üçtərəfli görüşü başlayıb. Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov, əsasən, regional layihələri, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutlarını müzakirə ediblər. Qeyd edək ki, bundan əvvəl XIN başçıları arasında ikitərəfli görüşlər də olub.
Bəzi ehtimallara görə, həm Əhməd Davudoğlunun, həm də Əfqan Alanın Bakı səfərinin əsas məqsədi “nurçu” məsələsini yenidən müzakirə etməkdir və ikitərəfli görüşlərin əsas mövzusu bu faktor olub.
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl hesab edir ki, Azərbaycandakı “nurçu”lar Türkiyə hakimiyyəti üçün böyük problem sayıla bilməz. Ekspertin fikrincə, Türkiyə daxili işlər nazirinin Azərbaycana səfəri daha çox Azərbaycandan Suriyaya döyüşməyə gedən şəxslərlə bağlı ola bilər: “Bəzən baş verənləri həddindən artıq şişirdirlər. Türkiyədə prezident seçkiləri gözlənilir və bütün diqqətlər buna yönəlib. Belə bir məqamda dövlətin yüksək post tutan şəxslərinin “nurçu” məsələsinə görə Bakıya gəlməsi inandırıcı görünmür. Digər tərəfdən, Azərbaycandakı “nurçu”ların Türkiyə hakimiyyətinə təzyiq imkanları çox məhduddur. Hətta bu adamlar Türkiyədə kimlərisə maliyyələşdirirsə belə, buna görə Azərbaycanda kütləvi şəkildə “nurçu”ları həbs etmək də absurddur. Çünki bu həbslər üçün əsas olmalıdır. Indiki mərhələdə müzakirə mövzusu daha çox, Suriyadan geri qayıdan şəxslər haqqında ola bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7500