Korrupsioner məmurun Bakıdan qaçış təfərrüatları
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu
günlərdə Azərbaycan məmurları üçün görünməmiş praktikadan istifadə
edərək öz ərizəsi ilə işdən çıxan keçmiş sədri Əli Bayramovun ölkəni
necə tələsik tərk etməsinin yeni təfərrüatları məlum olub.
Rəhbərlik
etdiyi strukturda ciddi korrupsiya və büdcə vəsaitlərinin talanması
faktlarının aşkar olunduğunu, bu faktların onu həbsə aparacağını bilən
Əli Bayramov Bakını mayın 25-də tərk edib.
Mənbənin bildirdiyinə görə, həmin gün onu aeroporta getməzdən əvvəl
Nazirlər Kabinetinin binasında görüblər. Ə.Bayramov keçmiş şefi, hazırda
baş nazirin müavini olan İsmət Abbasovla və baş nazirin daha bir
müavini (onun kimliyi tam dəqiq deyil) ilə görüşüb. Nazirlər Kabinetinin
binasından çıxan kimi Əli Abbasov aeroporta istiqamət alıb və ölkəni
tərk edib.
Mənbə son vaxtlar Ə.Bayramovun həbs oluna biləcəyinə dair ciddi
narahatlıq keçirdiyini təsdiqləyir. “Aqrolizinq” ASC-nin keçmiş
rəhbərinin yaxın ətrafında da onun həbs təhlükəsindən yayınmaq üçün
ölkəni tərk etdiyini təsdiqləyirlər.
Xatırladaq ki, prezidentin kənd təsərrüfatındakı böhranı aradan
qaldırmaq və iqtisadiyyatın bu strateji əhəmiyyət kəsb edən bu sahəsini
dirçəltmək üçün yaratdığı “Aqrolizinq” ölkənin ən korrupsiyalaşmış
strukturlarından birinə çevrilib. Hesablama Palatasının apardığı
yoxlamada permerlərə yardım, kənd təsərrüfatı texnikasının və
gübrələrin, damazlıq heyvanların alınması üçün “Aqrolizinq”ə büdcədən
ayrılan yüz milyonlarla manat vəsaitin necə talandığına dair çoxsaylı
faktlar aşkarlanıb.
Hesablama Palatası mayın 26-da keçirdiyi Kollegiya İclasında bu
faktların cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərmək
barədə qərar çıxarıb.
Lakin bu gün mətbuata açıqlamasında “Aqrolizinq” ASC İdarə Heyətinin
sədr müavini, Əli Bayramovun “sağ əli” hesab olunan Aydın Əzizov keçmiş
müdirinin ölkədən qaçmadığını, bir həftəlik müalicə üçün həyat yoldaşı
ilə birlikdə İstanbula getdiyini, bu həftənin sonunda Bakıya dönəcəyini
bildirib.
A.Əzizov onun qaçdığı barədə yazılanları “tərbiyəsizlik”
adlandırmaqdan da özünü saxlaya bilməyib. Hərçənd ki, A.Əzizov ən böyük
tərbiyəsizliyin büdcə vəsaitlərini talamaq və kəndlilərə ayrılan
yardımları mənimsəmək olduğunu gərək yaddan çıxarmamaydı…
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=7525