Böyük Öndərin tarixi müraciəti
Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Cumhuriyyətinin qurucusunun müsahibəsini yayımlayanda, artıq
Rəsulzadənin özü də, onun qurduğu Demokratik Cumhuriyyət də çoxlarının
zehnlərindən silinmişdi.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz
müstəqiliyini bərpa etdi. Müstəqil Azərbaycanın Məhəmməd Əmin bəyin
1918-ci ildə qaldırdığı üçrəngli bayrağı bu gün dünyanın hər yerində
yüksəlməkdədir.
Məhəmməd Əmin bəyin müraciətinin mətnini təqdim edirik.
“Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan
azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya
demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri
üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı.
Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini
bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və
istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi.
Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.
Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila
hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə
sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən
sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir.
Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu
gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir
pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla
qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.
Azərbaycan və onunla bərabər bütün Qafqasiya cumhuriyyətləri həqiqi
azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu
azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla
və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on
minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal
haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif
vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu
mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi
vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə
keçmişlərdir.
Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya
emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə
anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan
burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki,
sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və
hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad
dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək
edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi
bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir
ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir
dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün
kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula
bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir
tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə
bilməz.
1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər
cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad
millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir
irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet
diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ
ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox
qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir.
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş
millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz
vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə
etməyin əziz vətəndaşlar.
Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı
bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal
eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28
mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və
hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə
gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox
yaşa, ey şanlı Azərbaycan!”
amerikaninsesi.org
Short URL: http://www.cumhuriyyet.net/?p=7543