Şamaxıda bütün istirahət mərkəzləri icra başçısına məxsusdur
Şamaxı rayonunda yeni turizm mövsümü başlayanda bəlli olub ki,
əslində rayon ərazisindəki əksər turizm obyektləri icrə başçısına
məxsusdur. Gundeminfo.az–a daxil olan informasiyalara
əsasən bu faktın üstü Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının
yeni mövsümlə əlaqədar apardıqları monitorinqlər zamanı açılıb. Məlumata
əsasən rayon ərazisində əsasən Piriqulu deyilən ərazidə yerləşən əksər
istirahət mərkəzləri icra başçısına “haqq” ödəyirlər. Nazirlik
əməkdaşlarının monitoriq aparmaq cəhdlərindən sonra bəlli olub ki,
əslində icra hakimiyyəti bütün istirahət mərkəzlərini himayə edir. Hətta
deyilənə görə, mayın ortalarından nazirlik işçiləri rayon ərazisində
monitorinqlər aparmağa çalışsalar da cəhdləri uğursuzluqla sonuclanıb.
Qeyd edək ki, bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev
jurnalistlərə açıqlamasında bildirmişdi ki, lisenziyasız fəaliyyət
göstərən turizm obyektləri 2015-ci ilin olimpiya oyunlarına qədər ləğv
ediləcək. Gundeminfo.az-a məlumat verən mənbə bildirir ki, əslində
Şamaxı rayonunda mövsüm dövründə yaradılan qısamüddətli istirahət
məkanlarında heç bir normalar gözlənilmir. Şamaxıdakı istirahət
mərkəzlərinin icra başçısı tərəfindən himayə edilməsi və əksəriyyətinin
də ona məxsus olması artıq bir faktdır. Məlumat verən mənbə iddia edir
ki, icra başçısı Asif Ağayev sələfi Asif Məhərrəmovun istirahət
mərkəzlərini belə ələ keçirə bilib. Bu barədə yaxın günlərdə geniş
məlumatları təqdim edəcəyik. Yazılanlarla bağlı qarşı tərəfin də
mövqeyini dinləməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=7564