Putinin ittifaqının Qarabağ təhlükəsi
30.05.2014 - 16:00
Putinin ittifaqının Qarabağ təhlükəsi
Ermənistanın üzvlüyünün ləngiməsi nə məqsəd daşıyır?
Vəfa Quluzadə: “Rusiya Azərbaycanı gərginlikdə saxlayır”
Məlum olduğu kimi, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Ermənistan prezidenti Serj Sərkisyan isə ölkəsinin iyunun 15-də Avrasiya İqtisadi İttifaqına qoşulacağını bəyan edib.
Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevdən məktub aldıqlarını bildirib. Məktubda qeyd olunur ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Deməli Avrasiya İttifaqına da eyni sərhədlər çərçivəsində daxil ola bilər. Ermənistan isə fərqli niyyətdə ola bilər.
Bu səbəbdən də Ermənistanın quruma üzvlüyünün bir qədər ləngidilməsi təsadüfi görünmür. Qeyd edək ki, iyunun 27-də Gürcüstan və Moldova Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamağa hazırlaşır. AB Azərbaycanın da bu məsələdə qətiyyətli mövqe göstərməsinin tərəfdarıdır. Görünür Ermənistanın üzvlüyünü gecikdirməklə rəsmi Bakıya müəyyən mesajlar verilir.
Politoloq Vəfa Quluzadə isə ümumiyyətlə Ermənistanı hər hansı ittifaqa qəbul etməyi qanunsuz hesab edir. Çünki Ermənistan işğalçı dövlətdir. Bununla bağlı BMT TŞ-ın dörd qətnaməsi var və Rusiya da bu qətnamələrə səs verib. Hazırda isə Rusiya özü beynəlxalq hüquqla hesablaşmır.
Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistanla 1997-ci ildə hərbi ittifaq bağlaması tamamilə qanunsuz idi. Çünki Rusiya Minsk qrupunun üzvüdür, həmsədr ölkədir. İşğalçı dövləti öz hərbi müttəfiqi edir. Gömrük İttifaqına da Ermənistanı qəbul edə bilməz. Amma Azərbaycan güzəştə getməyə məcburdur. Xahiş edir ki, Rusiya Ermənistanı bu ittifaqa Qarabağsız və işğal olunmuş 7 rayonsuz qəbul etsin. Ancaq bütün bunlar qanundan kənar, qəbuledilməzdir. Bunların hamısı Rusiyanın mahiyyətini bir daha ifşa edir.
Ekspertin sözlərinə görə, Rusiya bəyanat verməli idi ki, Ermənistan işğal olunmuş əraziləri işğaldan azad etsin. Amma Rusiyanın siyasətinin pərdəarxası var. Bir tərəfdən həmsədrlik edir, arxadan isə işğalı dəstəkləyir. Bütün sülh addımlarını dağıdır, imkan vermir ki, bu regionda sülh əmələ gəlsin: “Ermənistanın və Rusiyanın siyasəti onsuz da qəbulolunmazdır və aydındır. Çox təəssüf edirəm ki, Qərb bu siyasətə qarşı səsini qaldırmır. Qərb Rusiyanı ittiham etmir. Məsələn, Rusiya Ukraynada nələr etdi. İndi Qərb Rusiyanın Ukraynadakı əməllərini pisləyir. Amma ki, Obamanın xarici siyasəti izolyasiya siyasəti idi. Ona görə də bu hadisələr baş verdi. Çünki Amerika daxili məsələlərin həlli ilə məşğul olaraq xarici siyasəti tamamilə unutdu. Obamanın müxalfəti, respublikaçılar haqlı sürətdə Obamanı buna görə tənqid edirlər”.
Ekspert NATO-un hazırkı addımlarını acınacaqlı adlandırdı: “NATO üzvü olan Fransa Rusiyaya iki böyük vertolyot daşıyan hərbi gəmi satmağa hazırlaşıb. NATO-nun üzvü olan Almaniya Rusiya üçün Novqorodda 30 min əsgəri müasir döyüş texnikası ilə təchiz edib. Onları döyüşə hazırlamaq mərkəzi yaradıb. Bu onu göstərir ki, ABŞ Rusiyanı tamamilə hesabdan çıxarıb, kənara qoyub. Amma Rusiya bunların hamısından gözəl istifadə edir. Bu dəqiqə Rusiya hər yerdə hücumdadır. Ukraynada hücumdadır, Krımı işğal edib. MDB-də hücumdadır. 20 ildir imzalaya bilmədiyi müqaviləni, yəni Avrasiya müqaləsini həm Belarus, həm Qazaxıstana imzalatdırdı. Ermənistanı da qəbul etməyə hazırlaşır, Qırğızıstana da pul ayırıb. Hardandır bu qədər pul Rusiyada. Hamısı neft dollarlarıdı. O qədər yığılıb ki, bilmir onları neynəsin. Üstəlik Azərbaycanı da gərginlikdə saxlayır ki, növbəmiz nə vaxt çatacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=7602