Azərbaycan bazarında xərçəng yaradan kosmetikalar var
“Hazırda Azərbaycan bazarı zəhərli kosmetik vasitələrlə doldurulub. Bu məhsullardan isə xərçəng xəstəliyi yaranır”.
“Hazırda Azərbaycan bazarı zəhərli kosmetik vasitələrlə doldurulub. Bu məhsullardan isə xərçəng xəstəliyi yaranır”.
Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov deyib.
AİB sədrinin sözlərinə görə, ticarət mərkəzlərində, bazarlarda, hətta
tanınmış mağazalarda da saxta kosmetik vasitələr aşkarlanır:
“Təşkilatımıza “Sabina” ticarət şəbəkəsinin Ə.Əliyev küçəsi, 11-də
yerləşən mağazasında satılan mallardan şikayət daxil olub. İstehlakçı
tərəfindən təqdim edilən ətirin üzərində istehsal və son istifadə tarixi
göstərilməyib. Kosmetikaların da son yararlılıq tarixi var”.
Hüquq müdafiəçisi dedi ki, Azərbaycana Çin, Tailand, İran, Dubay,
Pakistan, Hindistan və Tükiyədən kosmetik vasitələr gətirilir:
“Monitorinq göstərir ki, bazarda satılan kosmetik məhsulların 70 faizi
saxta və orqanizm üçün zərərlidir. Məhsulun bahalı və tanınmış mağazada
satılması onun saxta olma ehtimalını azaltmır. Çünki bahalı brend
mağazalarda belə saxta mallara rast gəlinir. Tərkibinə müxtəlif kimyəvi
qatqılar qatılan kosmetik məhsullardan əsasən dəri xərçəngi, allergik
xəstəliklər əmələ gəlir. Bu bazar tamamilə nəzarətsiz qalıb”.
İqtisadiyyat və Sənaye Nazirliyi də əhalini kosmetik
vasitələr alarkən diqqətli olmağa səsləyir. Nazirlikdən virtualaz.org
saytına bildiriblər ki, istehlakçılar məhsulların qablaşdırılmasına,
markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqət
göstərməlidirlər. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa
dillərlə yanaşı mütləq dövlət dilində olmalıdır. Etiketdə məhsulun adı,
istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi,
miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi,
yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır.
Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları
diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat
yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, onda belə məhsulu
almaq məsləhət deyil.
Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas
məhsullardan hesab edilir. İstehlakçılar tərkibinə xüsusilə alüminium,
butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan
kosmetik vasitələri alarkən diqqətli olmalıdır. Kosmetik vasitənin
üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun
tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını
göstərir.
Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan
digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir.
Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik
vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların
uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin
tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski
bir o qədər çoxdur.
Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları
tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə
təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem,
sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və
kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.
İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması,
kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına
səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25 dərəcə
temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70 faizi
aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və
spirt olan kosmetik vasitələr isə 20 dərəcəyədək temperaturda
saxlanmalıdır.
Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından
korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi
kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=7620