Hacıbala Abutalıbovun “dəli-dolu” həyat hekayəsi

05.06.2014 - 02:34

Büdcənin anasını
ağlar qoyan, qardaşına “imperiya” quran Bakı “mer”inin tək yarımadığı şəxs oğlu
İsfəndiyardır

 

Böyük pulların üzərində hakimiyyətini bərpa etmiş paytaxt
“mer”i bunlardan xoşluqla imtina etmək niyyətində deyil

Bakı
Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov yenə də öz
ampulasındadır. Məşhur “Azərbaycanda bir kişi var” ifadəsindən sonra paytaxt
rəhbərinin qaçqınlar haqda da qalmaqallı sözləri yayıldı. Düzdür, Abutalıbov
özü bu məsələni təkzib etdi, amma od olmayan yerdən tüstü çıxmaz, həm də bizim
tanıdığımız mer bunu da edə bilər…

Bütün
bunlara cavab olaraq biz də “Yeni Cumhuriyyət” olaraq “Hacıbala Abutalıbov özü
kimdir?” sualına cavab aradıq.

Tam adı: Hacıbala İbrahim oğlu Abutalıbov…

Doğum
tarixi: 13 may, 1944…

Doğum yeri:
Krasnovodsk, Türkmənistan…

Abutalıbov
Hacıbala İbrahim oğlu – Bakı şəhər İcra Hakimiyyətinin başçısı…

Qısa tərcümeyi-halı…

 

Hacıbala
Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistan Respublikasının Krasnovodsk
şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika
fakültəsini bitirib. 1969-cu ildə Leninqrad şəhərində A.F.İoffe adına
Fizika-Texnika İnstitututunun aspiranturasına daxil olub. 1976-cı ildə elmlər
namizədi dərəcəsi, 1987-ci ildə isə doktor dərəcəsi alıb, professordur. 1995-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya
müdiri işləyib. 1995-ci ildə Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin
başçısı təyin olunub. 2000-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin
müavini təyin olunub. 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
vəzifəsində çalışır.

Evlidir.
İki oğlu var.

 

Merin “dəlilik kağızı” var?..

 

Belə bir
iddianı hələ xeyli əvvəl Hacıbala Abutalıbov haqqında “Gündəlik Azərbaycan”
qəzeti gündəmə gətirmişdi. 2005-ci ilin sonlarında dərc olunmuş məqalədə
vurğulanırdı ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
Sankt-Peterburqda yerləşən Aleksandrovskaya xəstəxanasınının narkologiya və
psixoterapiya şöbəsində müayinə olunub. Hətta qəzet onu da iddia edirdi ki,
Bakı “mer”i bir müddət orada müalicə alıb. “Bu barədə adıçəkilən xəstəxananın
narkologiya və psixoterapiya kafedrasının rəhbəri P.L.Sotnikovun imzası ilə
təsdiqlənmiş möhürlü arayış redaksiyamıza daxil olduqda belə, bu tərəddüd bizi
tərk etmədi. Ona görə də xəstəxananın (Sankt-Peterburq, V.O.Bolşoy pr. 51)
arayışda göstərilən əlaqə telefonuna (812)320-40-83) zəng vurduq. Xəstəxananın
növbətçisi məqsədimizi öyrəndikdən sonra özündə qeydlər apardı və bir az sonra
onunla yenidən əlaqə saxlamağımızı xahiş etdi. Təkrar zəng vuranda o, arayışda
qeyd olunanların həqiqət olduğunu və H.Abutalıbovun həmin klinikada doğrudan da
müalicə aldığını təsdiqlədi” deyə, “Gündəlik Azərbaycan” yazırdı.

“Gündəlik
Azərbaycan” bununla bağlı daha sonra yazırdı: “P.L.Sotnikovun imzaladığı
arayışda bildirilir: “Azərbaycan SSR vətəndaşı Hacıbala Abutalıbov həqiqətən
də, bizim psixiatrik klinikada şizofreniya diaqnozu ilə müalicə kursu keçib və
SSRİ Səhiyyə Nazirliyinin həkim komissiyasının təqdimatı ilə klinikadan evə
yazılıb”. Bakının “meri” adıçəkilən klinikada olduğu dövrdə onu müalicə edən
həkimlərə qarşı aqressivlik nümayiş etdirib və hərəkətlərinin fərqinə belə
varmayıb. Onu da qeyd edək ki, klinikadan evə buraxılan H.Abutalıbov Bakı Şəhər
Nevroloji Dispanserində də qeydiyyata düşüb və müalicə alıb. Bunu hazırda
Berlində yaşayan məşhur psixoterapevt Rişad Ağamirzəyev də təsdiq edir. O,
bizimlə telefon söhbətində H.Abutalıbovun Bakıda bədxassəli, tədricən inkişaf
edən paranoid-şizofreniya diaqnozu ilə müalicə olunduğu barədə məlumatı
olduğunu bildirdi”.

 

Böyük gəlir mənbələri üzərində hakimiyyət…

 

Hacıbala
Abutalıbovun BŞİH-nin rəhbəri vəzifəsindən getməməsinin təbii ki, bir sıra
səbəbləri var. Birincisi odur ki, Abutalıbov böyük bir vəzifəni əldən vermək
istəmir və illərdən bəri alışdığı postdan imtina etmək niyyətində deyil.
İkincisi isə o, illərdən bəri Bakıda yaratdığı böyük gəlir mənbələrinin
üzərindəki hakimiyyətini itirmək fikrindən uzaqdır. Çünki bu postu sayəsində
mer indiyə qədər milyonlar sahibi olub. Biz
bunun bütünlüklə təfsilatlarına varmadan, əsas gəlir mənbələrinin siyahısını
sizlərə təqdim etməyə çalışacağıq və hamı da agah olacaq ki, Bakı meri olmaq
istəyənlərin ciddi-cəhdlə hərəkət etməsi heç də səbəbsiz deyil:

– BŞİH-nin
Mənzil Fondu: Bu fondu ələ keçirmək istəyənlər sırasında ən aparıcı fiqur
Dövlət Əmlakının İdarəetmə Komitəsinin rəhbəri Kərəm Həsənov var. Artıq 2 ilə
yaxındır tərəflər arasında mübarizə getsə də, Abutalıbov həmin gəlir yerini
əldən verməyib;

– Meriyanın
büdcəsi: Hazırda Bakının abadlaşdırılması və yenidənqurulması üçün hər il
dövlət büdcəsindən ayrılan vəsaitin ümumi həcmi 500 milyon manata bərabərdir.
Bundan başqa, Prezident Fondundan hər il ayırmalar və kənar daxil olmaları da
buraya əlavə etsək, rəqəmin daha 50 milyon manat arta biləcəyini proqnozlaşdıra
bilərik. Bu qədər pulun təbii ki, hamısı nəzərdə tutulan işlərə sərf olunmur.
Onun yarısı qədəri istisna haldır ki, meriya tərəfindən “içəriyə ötürülür”.

– Ayrı-ayrı
obyektlərdən alınan haqlar: İlk baxışdan bu kiçik bir rəqəmi ifadə edə bilər.
Amma üst-üstə gəldikdə rəqəmin həddindən artıq böyüklüyü adamı vahimələndirir.
Bu gün paytaxtda qarpızsatandan tutmuş, dondurma satana qədər hər kəs Hacıbala
müəllimin adamlarına haqq verir. Qiymətlər isə ticarətin harada təşkil
olunacağına əsasən müəyyən olunur. Təbii ki, “Torqovı”dakı küçə ticarətinin
qiyməti ilə kənardakı eyni işin aylığı arasında ciddi fərqlər var. Məsələn,
metroların yaxınlığında siqaret satmaq istəyən şəxsin gündəlik “haqqı” 15
manata yaxındır. Bu, ayda təqribən 450 manat edir. Üst-üstə götürəndə, 18
stansiya yaxınlığında üç belə “obyekt” qurularsa, o zaman merin cibinə ən
azından ayda 24 min manatdan çox pul daxil olur. Biz hələ buraya dondurma, su
və digər kiçik ticarət növlərini daxil etmirik. Onlar üçün də aylıq nəzərdə
tutulan “haqq”ın orta dəyəri 150-300 manat aralığında dəyişir.


MİS-lərdən gələn pullar: Mənzil-İstismar Sahələrini heç kim gəlirsiz yer kimi,
qəbul etmir. Adi arayışa görə pul alan bu dövlət idarəsinin BŞİH-ə tabe olduğu
da hamıya bəllidir. Bu gün BŞİH-nin nəzdindəki Tikinti Departamentinin
ixtiyarında olan həmin qurumların təkcə arayışdan pul qazandığı da yalan olar.
Çünki balkona artırmadan tutmuş, onun üzərinə bir ədəd mıx vurmağa qədər hər
işə baxan MİS-lər, hətta evin içindəki təmirə görə də, mənzil sahibinə söz deyə
bilir. Elə buna görədir ki, balkona mıx vurmaq istəyən 300 manat, artırma etmək
istəyən 3-4 min manat, evində təmir işi aparmağa qərarlı olan 400 manat haqq
verməlidir. Buraya həyət evlərinin mərtəbələrini artırmaq kimi işləri də əlavə
etsək, işin nə qədər pullu olduğunu görmək mümkündür. Ona görə ki, bir mərtəbə
daha artırmaq eşqinə düşənlər bunun üçün ən azından 20 min manat ödəməlidirlər.

– Tikinti
sektoru və torpaq satışı: Bakıda daşı-daş üstə qoymaq puldur. Bunu adi vətəndaş
da, tikinti işçisi də təsdiqləyir. Bu gün şəhərin içində satılan torpaqlara
cavabdehliyi Hacıbala Abutalıbov öz üzərinə götürüb. Amma iri binaların inşası
zamanı da onun razılığı lazımdır. Məhz bu səbəbdəndir ki, xüsusi perskuryant
müəyyən edilib. Belə ki, hazırda 12 mərtəbəli və bir bloklu mənzilin inşa
edilməsi üçün istənilən haqqın dəyəri 100 min manatdır. Əgər blokların sayı
artarsa, bu rəqəm daha 100 min manat artır. Vay o günə ki, tikinti şirkəti
12-dən artıq mərtəbə inşa etmək fikrinə düşə. Bu zaman istənilən məbləğ isə 200
min manata qədər yüksəlməyə başlayır.

Bunlar hələ
bizim bildiyimiz məqamların çox cüzi bir hissəsidir. Bu sırada onlarla,
yüzlərlə siyahı hazırlamaq mümkündür. Şübhəsiz, belə bir sərvətin əldən
çıxmasına heç kim razılaşmaz. O cümlədən, Hacıbala Abutalıbov. Ona görə də,
həmin savaş davam edəcək və kimin güclü olduğu da bu proses nəticəsində məlum
olacaq.

 

Osmanın qurduğu “imperiya”…

 

Osman
deyəndə, heç də ağlınıza Ərəb xilafətinin xəlifəsi gəlməsin. Söhbət burada
Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovdan gedir. Məsələ burasındadır
ki, Osman qardaşının vəzifəyə keçməsindən sonra olduqca asan gəlir mənbəyi əldə
edib. İş də burasındadır ki, paytaxtın yolkənarı bütün işıqlandırma
avadanlıqları və onun detallarının alınıb, Bakıya gətirilməsinə merin qardaşı
nəzarət edir.

Hər gün
rastlaşdığımız, bəzən bəyəndiyimiz, bəzən isə bəyənmədiyimiz elektrik
dirəklərinin Bakıya “gətirilməsi” prosesi birbaşa qardaş Abutalıbov tərəfindən
həyata keçirilir. Hərçənd mer iddia edir ki, bu dirəkləri onlar
Sankt-Peterburqdan gətirdir və onun üçün büdcədən külli miqdarda pullar
ayırılır. Lakin artıq hamı tərəfindən həqiqət olaraq qəbul edilən bir fakt var
ki, həmin dirəklər heç də Sankt-Peterburqdan gətirilmir. Əksinə, onların böyük
bir qismi Bakıda hazırlanır. Bakıda hazırlanan dirəklər isə dövlət
sənədləşdirməsində maya dəyərindən qat-qat artıq qiymətə qeydə alınır.

Bu barədə
verilən məlumatlardan belə aydın olur ki, Osman Abutalıbovun paytaxtda elektrik
dirəkləri düzəldilən sexi var və dövlət sifarişləri də orada yerinə yetirilir. Sadəcə,
sənədləşdirmə elə həyata keçirilir ki, guya, hər şey Peterburqdan gətirilir.
Ancaq dirəkləri gətirməklə işin bitmədiyi aydındır. Onun ucaldılması, elektrik
naqilləri və xətləri ilə təmin olunması, lampalarla təhciz edilməsi işləri də
merin qardaşının boynundadır və bu da böyük gəlir yeri kimi diqqəti çəkə bilər.
Çünki faktiki olaraq şəhərdəki elektrik dirəklərini, habelə onlara bərkidilmiş
elektrik lampalarının nə sayını bilən var, nə də bunu hesablamaq üçün səbri
olan. Deməli, hər gün təkcə minə yaxın elektrik lampasının “xarab” olması adı
altında minlərlə manat pulu silmək mümkündür.

 

Merin vəhhabi oğlu?..

 

Hacıbala Abutalıbov haqqında daha bir iddia gündəmə gəlib.
Düzdür, bu birbaşa onun özü ilə bağlı deyil, oğlu ilə əlaqədardır. Mediada yayılan məlumatlara görə, Hacıbala
Abutalıbovun oğlu vəhhabiliyi qəbul edib. Belə ki, merin böyük oğlu İsrafil
Abutalıbov daha əvvəlki həyat tərzindən çox uzaqdır. O, özünü tamamilə dinə
həsr edib, özünə qapanıb, evdən çıxmayaraq bütün günü ibadətlə məşğul olur.
İsrafil Abutalıbov köhnə çevrəsi ilə, dostları ilə, bir vaxtlar dəbdəbəli
əyləncə məclislərində birgə olduğu insanlarla əlaqələrini də tamam kəsib və
bambaşqa birinə çevrilib. Onun zahiri görkəmi kimi daxili aləmi də tamam
dəyişib.

BŞİH-nin başçısı övladının bu yolu seçməsindən möhkəm narazı
və narahat olsa da oğlu ilə bacarmayıb. Vəziyyətin belə dəyişməsi isə il yarım
əvvələ təsadüf edir. Hər şey İsrafil Abutalıbovun İngiltərəyə köçməsindən sonra
başlayıb. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun qızı ilə
ailə həyatı qurmuş oğul Abutalıbov şəxsi həyatında baş verən dəyişiklikdən
sonra Bakıda qalmağa lüzum görməyərək Londona getdi. Gedəndən bəri, bir dəfə də
olsun Bakıya, valideynlərini yoluxmağa gəlməyən İsrafil bəy qayıdanda tamam
ayrı görkəmdə və ovqatda idi. O, vəhhabilər kimi uzun saqqal saxlamışdı, onlar
kimi şalvarının balağını gödəltmişdi. Valideynləri bundan təəccüblənsə və
gözləmədikləri belə yeniliyə etiraz etsə də o, heç kimə və heç nəyə məhəl
qoymadan öz işindədir. Hazırda da evə qapılaraq gündə 5 rükət namazını qılır,
vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirir. Əvvəlki pompeyvari həyat tərzini
dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və
mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da “Allah yoluna
gəlməsini” tələb edir. Bu məsələ ilə bağlı evdə tez-tez münaqişə, gərginlik və
narazılıq yaranır.

“Yeni Cumhuriyyət” Araşdırma Qrupu

Short URL: http://www.cumhuriyyet.net/?p=8011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31