Avropa ölkələri liderlərinin müxalifətlə görüşünün sirri
“Azərbaycan hakimiyyətinə mesaj verirlər ki, müxalifət ölkədə demokratiya üçün vacib institutdur”
“Azərbaycan hakimiyyətinə mesaj verirlər ki, müxalifət ölkədə demokratiya üçün vacib institutdur”
Xəbər
verildiyi kimi, Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının
prezidenti, ATƏT-in hazırkı sədri Didye Burkhalter Müsavat Partiyasının
başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli
Kərimli, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Aygül Pəncəliyeva,
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, RATİ sədri Emin Hüseynov
və QHT rəhbəri Şəhla İsmayılla görüşüb.
Təxminən 90 dəqiqə davam edən görüşdə
ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə olunduğu, seçki islahatları
ilə bağlı fikir mübadiləsinin aparıldığı bildirilir.
Son bir ayda ikinci dəfədir ki, Avropa Birliyinin nüfuzlu
ölkələrinin prezidentləri səviyyəsində müxalifətlə görüş keçirilir.
Əvvəllər Azərbaycana səfər edən Avropa dövlətlərinin rəhbərləri
müxalifət liderləri ilə görüşmürdü. Lakin may ayında Fransa prezidenti
Fransua Ollandın, iyunun 2-də isə İsveçrə prezidenti Didye Burkhalter
müxalifətlə görüşdü.
Bu, Azərbaycan müxalifətinə diqqətin artmasıdırmı, hakimiyyətə
hansısa mesajdırmı, müxalifətin güclənməsinə dəstəkdirmi? Bir sözlə,
bunu hansı prosesin əlaməti hesab edilə bilər?
İsveçrə prezidenti ilə görüşdə iştirak edən REAL Hərəkatının icraçı
katibi Natiq Cəfərli bildirdi ki, Avropa ölkələrinin prezidentləri
səviyyəsində Azərbaycan müxalifəti ilə görüşlər yenilikdir. Beynəlxalq
qurumların təmsilçiləri, xarici ölkələrin rəsmi şəxsləri səviyyəsində
səfərlər olanda bu formatda görüşlər olurdu. Ancaq prezidentlər
səviyyəsində görüş yeni hadisədir: “Bunu müxtəlif cür dəyərləndirmək
olar. Avropa Birliyi dövlətləri Azərbaycanda da belə protokol
qaydalarının, nəhayət, bərqərar olmasını istəyir. Bu cür görüşlərlə
Azərbaycan hakimiyyətinə mesaj verirlər ki, müxalifət ölkədə
demokratiya, inkişaf, rəqabətli mühitin olması üçün vacib institutdur və
bunu sıradan çıxarmaq olmaz. Prezidentlərin müxalifətlə görüşü
Azərbaycan iqtidarına da bir mesajdır ki, biz onlarla görüşüb müzakirə
aparırıqsa, siz də müxalifətin mövcudluğunu qəbul edin, onlarla
müzakirələr keçirin.
Mən mesajı belə oxuyuram. Görüşlərin keçirilməsinin bir səbəbi də,
fikrimcə, son dövrlər Azərbaycanda siyasi həbslərin artmasının Avropa
Birliyi ölkələrini narahat etməsidir. Narahatlığın büruzə verilməsinin
bir forması da məhz müxalifətlə görüşmək, onların mövqeyini birbaşa
öyrənməkdir. Çünki siyasi həbslər, təqiblər Azərbaycanın beynəlxalq
aləmdə imicinə, Avropa ailəsində tutduğu yerə çox ciddi zərbə vurur.
Düşünürəm ki, bu tipli protokol görüşlərinin olması və gələcəkdə də hər
hansı yüksək vəzifəli qonaqların Azərbaycan müxalifəti ilə görüşməsinin
bir ənənə halını alması çox yaxşı haldır. Həm də dediyim kimi,
Azərbaycan hakimiyyətinə çox yaxşı bir mesajdır”.
N.Cəfərli onu da vurğuladı ki, Avropa liderləri Azərbaycanda
Avrointeqrasiya dəyərlərini daşıyan və ölkəmizin gələcəkdə yerini Avropa
Birliyində görən qüvvələrin tamamilə sıradan çıxmasından narahatdırlar.
Ona görə də düşünmək olar ki, bu dəyərləri daşıyan qüvvələrlə görüşlər
onlara mənəvi dəstək nümayiş etdirməkdir.
Milli Məclisin sədr müavini Bahar Muradova isə son vaxtlar ölkəmizə
gələn xarici ölkə prezidentləri və diplomatlarının müxalifət liderləri
ilə görüşlərinin hakimiyyəti narahat etmədiyini deyib. O, aznews.az-a
açıqlamasında belə görüşlərin intensivləşməsinə istehza ilə yanaşıb:
“Azərbaycanda müxalifətin acınacaqlı durumu bizə bəlli olduğu kimi,
ölkəmizə gələn qonaqlara, bizi kənardan müşahidə edən dairələrə də
bəllidir. Müxalifət liderlərinin xaricdən gələn qonaqlarla görüşlərdən
çəkdirdikləri şəkillər onlara qalır. Hesab edirəm ki, bu da yalnız
onların “şəxsi bioqrafiyası” üçün çox önəmlidir. Azərbaycan müxalifəti
isə bu görüşləri özlərinin qələbəsi kimi qeyd edirlər. Bu cür görüşlər
Azərbaycan iqtidarını narahat etmir. Hər kəs bilir ki, ölkəmizə rəsmi
səfərə gələn beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin rəhbərləri
Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə tanış olmaq istəyir. Məqsəd
də Azərbaycan haqqında hərtərəfli məlumata malik olmaqdır”.(Musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=8032