İngilis jurnalist Anar Məmmədovun “ayı söhbətin”dən yazdı

05.06.2014 - 10:09

Nazir oğlunun ayı kababının
tüstüsü “Dumanlı Albion”dan çıxdı

 

Üzərilərində jurnalistə qarşı
sui-qəsd təşkil etdirmək ittihamı olan Məmmədov klanı daha bir zərbəni
Britaniya mediasından aldı; İngiltərə saytı “ayı işi”ni “qış yuxusu”ndan
ayıltdı

Nəqliyyat
naziri Ziya Məmmədovun oğlu, iş adamı, Azərbaycan-Amerika Alyansının
rəhbəri Anar Məmmədov hər nə qədər həm ölkə daxilində, həm də beynəlxalq
aləmdə imicini yaxşılaşdırmağa çalışsa da, istədiyi şəkildə buna nail
ola bilmir. İndi-indi A.Məmmədov bir sıra lobbi fəaliyyətləri, Amerikada
Azərbaycan təbliğatı ilə diqqəti cəlb edirdi ki, bu dəfə Məmmədovların
soyadı deputat əmisi Elton Məmmədovun oğlanlarının avtoşluğu, lüks həyat
tərzləri və Aynar Məmmədovun “Yeni Müsavat”ın əməkdaşı Fərahim
İlqaroğlunun döyülməsini sifariş verməsi ilə bağlı mənfi planda gündəmə
gəldi.

Qeyd edək ki, aprelin 25-də səhər saatlarında yaşadığı evin
qarşısında sui-qəsdə məruz qzlan F.İlqaroğlunun döyülməsi anını onun
avtomobilindəki videoqeydedici anbaan yaddaşa köçürmüşdü. Bu olaydan bir
neçə gün sonra jurnalistə sui-qəsd edənlərdən biri Feyruz Termişi
yaxalandı. F.Termişi polis bölməsində jurnalistlə üzləşdirilərkən onun
döyülməsi sifarişini Kinqkboksinq Federasiyasının üzvü Tural Bayramovdan
aldığını deyib.
Araşdırmalar zamanı məlum oldu ki, T.Bayramov Aynar Məmmədovun çox
yaxın dostudu. F.İlqaroğlu isə döyülməmişdən öncə daha çox
Məmmədovların, xüsusən də Aynarın avtoşluğu və digər bu kimi məsələlər
barədə yazıb. Eyni zamanda gələn qeyri-rəsmi məlumatlarda bu işin
arxasında Aynar Məmmədovun dayandığı bildirilirdi. Həmçinin o da qeyd
olunurdu ki, Məmmədovlar istintaqa təsir edərək T.Bayramovu həbsdən
qurtarmağa, bununla da Aynar Məmmədovu sığortalamağa çalışırlar.
Bununla belə, qeyd etmişdik ki, Məmmədovlar hər nə qədər Aynarın
jurnalistə sui-qəsd təşkil etdirmək faktının üstünü ört-basdır etdirməyə
çalışsalar da, əmisi oğlunun adının jurnalistin döyülməsində keçməsi
xaricdə bir sıra tədbirlər keçirməyə hazırlaşan Anar Məmmədova ciddi
zərbə vuracaq. Artıq yazdıqlarımız özünü doğrultmağa başlayıb. Britaniya
mətbuatı Anar Məmmədovun ABŞ-dakı fəaliyyəti və “ayı işi” məsələsini
yenidən gündəmə gətirib. AzadlıqRadiosunun məlumatına görə, britaniyalı
jurnalist Rosiye Qrey məşhur “BuzzFeed” saytında dərc edilmiş məqaləsini
bu sualla başlayır: “ABŞ-da Azərbaycan üçün lobbiçiliyi Fətullah
Gülənin adamları edir. Bakı fətullahçı hərəkatla birləşərək ABŞ-da
Azərbaycan üçün əhəmiyyəti olmayan millət vəkillərini niyə ələ almağa
çalışır?”
Jurnalist yazır ki, Azərbaycan öz neft sərvətini siyasi dəstəyə
çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq
üçün sürgündəki Türkiyə vaizi Gülən və Texas qubernatoru Rik Perrinin
bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.
Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli
millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul
ediblər. Onların əksəriyyəti Xocalı soyqırımı ilə bağlı ümumən dəstək
və ya tanıma bildirən qətnamələrdir.
Müəllif qeyd edir ki, bu qətnamələrin ümumi cəhəti bundan ibarətdir
ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən
millət vəkilləri bir qayda olaraq “Turquoise Council for Americans and
Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda
keçirdiyi konfransda iştirak ediblər.
Daha sonra müəllif yazır ki, Vaşinqtonda lobbiçiliklə məşğul
olanlardan biri Azərbaycan nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur.
“”Sunlight Foundation” təşkilatının məlumatına görə, məhz bu
imicini yaxşılaşdırmaq üçün Azərbaycan təkcə ötən il lobbiçiliyə 2,3
milyon dollar sərf edərək ABŞ-da ən çox pul xərcləyən 10 ölkədən birinə
çevrilib” – deyə müəllif yazır.
Məqalədə deyilir ki, Azərbaycan ABŞ-da lobbiçilik fəaliyyətini
əsasən bir neçə qurum vasitəsilə həyata keçirir. Onlardan biri də yeni
yaradılmış Azərbaycan Amerika Alyansıdır (Azerbaijan America Alliance):
“Azərbaycan-Amerika Alyansına nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar
Məmmədov başçılıq edir. Bu, həmin Anar Məmmədovdur ki, deyilənlərə
görə, Qəbələdəki restoranların birində saxlanan ayının kəsilib
qızardılması üçün 1 milyon dollar xərcləyib.
 
Ekspertlər bildirir ki, belə təşkilatlara adətən Azərbaycan
elitasının övladları rəhbərlik edir. Cənubi Qafqaz üzrə tanınmış
analitik Tomas de Vaalın fikrincə, oliqarx balalarının xaricdə
lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib.
Adının çəkilməsini istəməyən bir Azərbaycan eksperti isə bildirib
ki, bu alyans Məmmədovların hakimiyyət üçün əhəmiyyətini vurğulamaq
məqsədilə yaradılıb”.
***
Göründüyü kimi, Anar Məmmədov Britaniya mətbuatında ciddi şəkildə
vurulub və ekspertlər bunu təsadüfi saymırlar. Xüsusən də Z.Məmmədovun
oğlunun Britaniya mətbuatında hədəfə alınmasının sıradan bir məsələ
olmadığını vurğulayırlar. Ekspertlər bu məsələ barədə danışarkən
Britaniyanın Məmmədovların hakimiyyət daxilindəki çox ciddi rəqiblərinin
geniş fəaliyyət imkanlarına malik olan bir ölkə olmasına xüsusi diqqət
yetirilməsini zəruri sayılar.
Eyni zamanda belə məlumatlar var ki, Anar Məmmədovun   Britaniya
mətbuatında vurulması davam edəcək və “ayı işi” məsələsinin yenidən
gündəmə gətirilməsi Məmmədovlarla bağlı yeni kampaniyanın başlanğıcıdır.
Belə çıxır ki, Məmmədovlar nə qədər çalışsalar da, “ayı işi”
məsələsini gündəmdən çıxara bilmirlər. Bu məsələ Məmmədovların çox
yaralı yeridir və məhkəmə iddiaları ilə bu məsələni müəyyən qədər
Azərbaycan mətbuatının gündəmindən çıxara bilsələr də, Britaniya və
başqa ölkələrə o qədər də əlləri çatmır.
Xatırladaq ki, 2013-cü  ilin iyulunda  Türkiyənin “Hürriyyet”
qəzeti də Anar Məmmədovun türk cangüdəninin azərbaycanlı cangüdənləri
tərəfindən güllələndiyini, həmçinin A.Məmmədovun Türkiyənin “Çırağan”
sarayında 1,5 milyon dollarlıq ad günü məclisi təşkil etdiyini və
Bodrumda 40 milyon dollarlıq ada aldığını yazmışdı. Böyük qalmaqala
səbəb olan bu yazıdan sonra Məmmədovlar nə qədər çalışsalar da, təkzib
verdirə bilmədilər.  “Hürriyet” yalnız A.Məmmədovun vəkili Ruslan
Məmmədovun mövqeyini dərc etməklə kifayətləndi.
O zaman Məmmədovlar həmin məqalənin Azərbaycanda hakimiyyətdə olan
şəxslər tərəfindən yazdırıldığını və bunun kompromat olduğunu
düşünürdülər. Çox güman ki, Məmmədovlar Britaniya mətbuatının indi “ayı
işi”ni yenidən gündəmə gətirməsini də kompromat savaşı kimi qəbul edərək
buna cavab verməyə çalışacaqlar.
Yeri gəlmişkən, Ziya Məmmədov bir neçə gün əvvəl Aynar Məmmədovun
F.İlqaroğlunu döydürməsi ittihamı ilə bağlı sualı cavablandırarkən
bildirib ki, kimlərsə onlara qarşı kampaniya aparır və bu işlə bağlı
həbs edilən idmançıya zorla Aynarın adını yazdırıblar.
Bütün bunlar göstərir ki, Məmmədovlar çox ciddi rəqiblərin hədəfindədirlər və vəziyyətləri isə heç də yaxşı deyil.
“Ayı işi” məsələsinin yenidən gündəmə gəlməsi isə onların vəziyyətini bir qədər də qəlizləşdirir. 
Anar Məmmədovun kostyumuna bulaşmış ayı qanını təmizləməyə nə
xərclənən milyonlar kömək edir, nə də yerli mətbuatı məhkəməyə vermək…
Musavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8033

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031