Bir nəslin 11-ci şəhidi
Qardaşının toyuna 10 gün qalmış Zaur Həsənli dünyasını dəyişdi
Ailəsinin imkanı olsaydı bəlkə də şəhid olmayacaqdı. Hazırlığa gedib
universitetə daxil olar, 4 il ali məktəb oxuyandan sonra hərbi xidmətə
yollanardı. Kasıb olduqlarından bu istəyindən vaz keçməli olur. Söhbət 9
ay öncə Naxçıvana hərbi xidmətə yollanan, iyunun 2-də şəhid olan
Kəlbəcərdən məcburi köçkün Zaur Həsənlidən gedir.
Məktəbin ilk şəhidi
Həsənovlar ailəsi 1994-cü ildən Xırdalan şəhərində yerləşən
Yaşıllaşdırma Idarəsinin binasındakı təmirsiz, darısqal, heç bir şəraiti
olmayan iki otaqlı mənzildə yaşayırlar.
Həmin binada 117 saylı
məktəb də fəaliyyət göstərir. Zaur Həsənli də sözügedən təhsil ocağının
məzunu olub. Universitetə hazırlaşmaq istəyib, hətta bir ay repititor
yanına gedib. Ailə büdcəsinin əlavə xərcləri ödəyə bilmədiyini görən
Zaur bundan imtina edib. Hərbi xidməti başa vurandan sonra arzusunu
gerçəkləşdirəcəyini planlaşdırırmış. Tale ondan üz döndərdi.
Ailənin yeganə təsəllisi o olar ki, 117 saylı məktəb övladlarının adını daşısın. Çünki Zaur bu məktəbin ilk şəhididir.
“Ana, bəlkə şəhid oldum”
Evin sonbeşiyi olan Zaur Həsənlinin böyük qardaşı Ramil Həsənzadənin
toyu olacaqdı. 10 gün sonra. Ailəsi deyir ki, Zaur çox sevincli idi. O,
valideynlərindən xahiş etmişdi ki, komandirlə əlaqə saxlasınlar və
növbəti dəfə məzuniyyətə çıxmasına icazə verilsin. Çünki yaxşı qulluq
etdiyi üçün hərbi xidmətinin üçüncü ayı tamam olanda onu evə
göndərmişdilər.
Anası Xurma Bayramova deyir ki, oğlu şəhid olacağını duyubmuş:
“Naxçıvana düşmək istəyirdi. Mən isə bunu istəmirdim. Böyük qardaşı da
Naxçıvanda qulluq etmişdi. Imkanımız olmadığı üçün yanına gedə
bilməmişdik. Yoldaşım xəstədir, tək mən işləyirəm, ona görə də
istəyirdik ki, yaxına düşsün. Bir də gördük ki, Zaurun Naxçıvana düşməsi
barədə kağız gəldi. Dedim, bala, arzuna çatdı. Cavabı bu oldu ki, ana,
bəlkə şəhid oldum. Həmişə də bizimlə danışanda üç sərhədə baxdığını və
bundan qürur hissi keçirdiyini deyirdi (Türkiyə, Iran və Ermənistanla
sərhədləri nəzərdə tutur – red.). Naxçıvanda erməniylə üz-üzə olduğunu
bizdən gizlədirdi. Yalandan deyirdi ki, postda deyiləm. Halbuki,
düşmənlə 40-50 metr məsafədə xidmət edirdi. Qardaşım Naxçıvana cənazəni
qarşılamağa gedəndə posta çıxdı və bunun şahidi oldu”.
“Toya gələcəyinə görə çox sevinirdi”
Zaur, demək olar, hər gün ailəsiylə, qohumlarıyla danışırdı. Heç
nədən şikayəti olmayan mərhum əsgərin yaxınları deyir ki, ölümündən 15
dəqiqə öncə hamıyla danışıb. Sonuncu danışdığı adam isə dayısı Murad
Bayramlı olub. Elə ilk dəfə də dayısına posta çıxdığını deyib.
Zaurun şəhid olması Həsənovlar üçün bir ilk deyil. Indiyə qədər Həsənovlar nəsli 10 şəhid verib, Zaur 11-cidir.
Mərhumun atası Söhbəddin Həsənov deyir ki, ölümündən iki gün öncə
Zaurla danışanda qardaşının toyuna gəlməsi üçün hara müraciət etmələrini
deyib: “Mən rayonda atamgildə idim. Oğlum şəhid olmamışdan 15 dəqiqə
əvvəl yenə danışdıq. Toya gələcəyinə görə çox sevinirdi. Az keçmədi
evdən mənə zəng etdilər ki, təcili Bakıya qayıdım. Xəstə olduğum üçün
məndən hər şeyi gizlətdilər. Yalandan dedilər ki, Zaur yaralanıb. Bir də
gördüm oğlumun cənazəsini gətiriblər. Mən onunla nəfəs alırdım”.
Hərbi hissənin komandir və zabit heyətindən narazı olmadığını deyən
Söhbəddin Həsənovun sözlərinə görə, oğlunu şəhid adına layiq dəfn
ediblər: “Bütün heyət dəfn mərasiminə qatıldı, iştirak etdi, hamısına
minnətdaram. Oğlumla da qürur duyuram. Həmişə də deyirdi ki, ata, vətən
yolunda şəhid də olarıq”.
“Torpaq da artıq dolub…”
Zaurun yaxınları onun böyük ürək sahibi olduğunu deyirlər:
“Genişqəlbli uşaq idi. Ona deyəndə ki, hərbi xidmətdən bir müddətlik
saxlayaq, razı olmurdu. Deyirdi gedib vətəni qoruyaq. Gələcək üçün xeyli
planları vardı. Arzularını gerçəkləşdirmək qismət olmadı”.
Zaur Həsənli yaxınlarının yaddaşında belə iz buraxıb: “Çox sakit uşaq
idi. Heç kimlə işi olmazdı. Həmişə barışıq tərəfdarı idi. Mübahisə edən
tərəfləri sakitləşdirməyə cəhd göstərirdi. Kiminsə xətrinə dəyməzdi.
Hamının qulluğunu tutardı. Kimə nə lazımdırsa, bacardığı qədər kömək
edərdi”.
“Şəhid verə-verə yaşayıram. 10 şəhid vermişəm, Zaur
11-cidir. Torpaq da artıq dolub”,- bunu isə mərhumun nənəsi Roza
Həsənova deyir.
Zaur Həsənli Xırdalandakı Şəhidlər Xiyabanında dəfn edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8034