Dünyadan Rusiyaya “Krım” hücumu


Vəfa Quluzadə: “Krım faktiki olaraq Rusiyanın ərazisinə daxil olub və böyük sarsıntılar olmayana qədər belə də davam edəcək”
Rusiya Krımı işğal edəndən sonra belə bir təəssürat yarandı ki, artıq
bütün dünya bu işğal faktı ilə barıışıb. Əslində, belə qənaətə gəlmək
üçün kifayət qədər əsaslar var. Qərbin hərbi müdaxiləyə üstünlük
verməməsi, yalnız xırda sanksiyalarla etirazını bildirməsi, insanlarda
belə bir qənaət formalaşdırdı.
Ancaq son günlər müşahidə olunanlar onu deməyə əsas verir ki, Krım
məsələsi hələ də dünyanın diqqətindədir və Rusiyaya qarşı etirazlar
davam edir.
Ilk növbədə yeni seçilmiş prezident Pyotr Poroşenko Krımın işğalı ilə
barışmayacaqlarını bildirdi və Rusiyaya çağırış etdi. Daha sonra ABŞ
prezidenti Barak Obama Avropa səfəri çərçivəsində Krım tatarlarının
liderləri ilə görüşdü.
2 gün öncə isə, NATO-unun baş katibi Anders Foq Rasmussen bildirdi
ki, biz Krıma Ukraynanın bir hissəsi kimi baxırıq: “Biz Rusiyanı Krımı
Ukraynaya qaytarmağa çağırırıq. Rusiya Ukraynada gərginliyi aradan
qaldırmaq üçün addımlar atmalıdır. Ilk növbədə isə Ukrayna
sərhədlərindən Rusiya qoşunlarının tam çıxarılması lazımdır. Bu məsələdə
nisbətən irəliləyiş müşahidə olunsa da, hələ də on minlərlə rus əsgəri
Ukrayna sərhədlərindədir”, – deyə Rasmussen bildirib.
Baş verənlər onu göstərir ki, dünya Krımı Rusiyanın ərazisi kimi tanımayacaq və sona qədər Rusiyanı hədəf seçəcək.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Krım artıq
Rusiyanın tabeliyinə keçib və Rusiya çökdürülənə qədər də belə davam
edəcək: “Krım məsələsi artıq həll olunub. Dünya bunu rəsmən qəbul etməsə
də, böyük sarsıntılara qədər bu reallıq davam edəcək. Krım Ukraynanın
torpağıdır və bunu hər kəs belə qəbul edir. Ancaq reallıqlar başqa
mənzərəni göstərir. Sadəcə olaraq ABŞ-da, NATO-da göstərir ki, onlar öz
prinsiplərinə sadiqdilər və işğalçıya haqq qazandırmaq fikirləri yoxdur.
Reallıq odur ki, Krımı Rusiya götürdü, Ukraynanaın qalan hissəsi isə
Qərbin nəzarətinə keçdi”.
Politoloq onu da əlavə etdi ki, Krımı işğal etmək Putinin yeganə
çıxış yolu idi. Çünki Ukraynanın tamamilə itirilməsi mövcud hakimiyyət
üçün uğursuz olardı: “Krımın işğalından sonra Putinin ölkədə nüfuzu
artıb. Çünki bütün Ruslar Krımı öz əraziləri kimi görürlər. Ona görə də
Krım məsələsində xalqın əksəriyyəti Putini dəstəkləyir. Qərb də bu
əhval-ruhiyyəni hiss edir və hərbi müdaxilədə də maraqlı görünmür. Ancaq
Putin bundan artığını edə bilməz. Işğalçılq davam edərsə, Rusiyanın
əleyhinə həqiqi müharibə başlayar və bu ölkə tamamilə çökər”.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8036