Hakimiyyət “nurçu”larla üzülüşmək istəmir


Bir müddət öncə ölkədə “nurçu əməliyyatı”na start verildi və bu
şəbəkə ilə bağlılığı olan bir neçə adamlar həbs olundu, vəzifədən
çıxarıldı. Məlum olduğu kimi “nurçu”ların hədəf alınması prosesi
Ərdoğanın Bakı səfərindən sonra daha da canlandı. Hətta rəsmi mətbuat da
Ərdoğanın Ilham Əliyevə “nurçu siyahısı” təqdim etdiyini təkzib
etmədi.
Ancaq bir müddət sonra “nurçu”larla bağlı məsələdə tormozlanma
müşahidə olundu və müxtəlif ehtimallar səsləndi. Daha çox belə bir
ehtimal səslənirdi ki, hakimiyyətin Fətullah Gülən camaatı ilə ortaq
maraqları var və Ərdoğana görə bu əlaqələri tamamilə məhv etmək
hakimiyyətə sərf etmir.
Bugünlərdə Britaniyalı jurnalistin yazdığı məqalə, səslənən fikirlərə
daha da aydınlıq gətirdi. Belə ki, Britaniyalı jurnalist Rosi Qrey
məşhur “BuzzFeed” saytında dərc olunmuş son məqaləsində yazır ki,
Azərbaycan özünün neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ
millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə
vaizi və Texas qubernatoru Rik Perrinin bacısı ilə birlikdə geniş
kampaniyaya başlayıb.
Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli
millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul
ediblər. Qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların
layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət
vəkilləri bir qayda olaraq, “Turquoise Council for Americans and
Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda
keçirdiyi konfransda iştirak ediblər. Məqalədə qeyd olunur ki, Hyustonda
qeydiyyatdan keçmiş bu təşkilat ABŞ-da mühacirətdə olan və hazırda
Türkiyə hökumətilə qarşıdurmaya çıxmış Fətullah Gülənin Hizmet hərəkatı
ilə bağlıdır. Rosi Qrey yazır ki, həmin millət vəkilləri Azərbaycan
hakimiyyətinin lobbiçiliyini həyata keçirir və müxtəlif ştatlarda bu
istiqamətdə təbliğat həyata keçirirlər.
Siyasi şərhçi Elxan Şahinoğlu bildirdi ki,
hakimiyyət hər zaman “nurçu”larla isti münasibətdə olub: “Əgər yaxın
keçmişə nəzər salsaq görərik ki, Türkiyədən ölkəyə gələnlər içərisində
məhz Gülən camaatına yaxın olan şəxsləri tanımışıq. Həmin dövrdə
Azərbaycan üçün də maraqlı idi ki, bu adamlar vasitəsilə Türkiyəyə çıxış
əldə etsinlər və Fətullah Gülənin dünyadakı təmaslarından yararlana
bilsinlər. Əslində, bu normal haldı və bu şəxlərə Türkiyədən gələn
qardaşlarımız kimi yanaşılırdı. Fətullah Gülənin Türkiyədə də böyük
nüfuzu var idi. Sonradan isə, Ərdoğan başa düşdü ki, bu şəbəkə getdikcə
böyüyür və bəzən öz maraqlarını dövlət maraqlarından üstün sayır. Ona
görə getdikcə Gülən cammatına qarşı Ərdoğan hakimiyyətinin mübarizəsi
gücləndi”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan hakimiyyətinin bu gün də
Gülən şəbəkəsindən istifadə etməsi realdır: “Fətullah Gülənin ABŞ-da,
Ingiltərədə güclü əlaqələri varsa, Azərbaycan hakimiyyətinin bu əlaqələr
vasitəsilə öz təbliğatını aparması real görünür. Yaxud, ola bilər ki,
həmin adamlar hakimiyyətə öz xidmətlərini təklif ediblər. Digər məqam
ondan ibarətdir ki, Türkiyədə Fətullah Gülənə qarşı mübarizənin
başlanması Azərbaycan hakimiyyətini də çətin vəziyyətə salıb. Bir
tərəfdən Ərdoğan tələb edir ki, Azərbaycan hakimiyyəti Gülən camaatı ilə
əlaqələrə son qoysun, digər tərəfdən də Azərbaycan hakimiyyəti Gülən
cammatı ilə körpüləri yandırmaq istəmir. Ona görə də “nurçu”lara qarşı
mübarizə bugünə qədər kosmetik xarakter daşıyıb. Hazırda hakimiyyət
çətin seçim qarşısındadır”.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8041