Müharibə qaçılmazdır!
“Ermənistan yenə də işğalçılıq fəaliyyətini davam etdirir”

İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantısında iştirak edən
Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını
qarşıladı.
Sonra prezidentlər birgə foto çəkdirdilər.
Zirvə toplantısında iştirak edən dövlət başçılarını bir daha salamlayan
Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin
genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirdi. Qeyd etdi
ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də
səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına
xidmət edir. 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf
yolu keçdiyini deyən Abdullah Gül builki Zirvə toplantısının mövzusunun
turizmə həsr olunduğunu diqqətə çatdırdı. Bu istiqamətin ölkələrimiz
arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi: “Əziz qardaşım,
hörmətli Prezident Abdullah Gül. Hörmətli dövlət başçıları. Əziz
dostlar. Cənab Prezident, ilk növbədə bizə göstərdiyiniz qonaqpərvərliyə
və bu Zirvə toplantısını yüksək səviyyədə təşkil etdiyinizə görə Sizə
minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, bu gün biz
sədrliyi Türkiyəyə təhvil veririk. Bir il bundan əvvəl Qəbələ şəhərində
Qırğızıstandan Şuraya sədrliyi təhvil almışıq və il ərzində çalışmışıq
ki, Şuranın işi uğurlu olsun. Hesab edirəm ki, il ərzində görülən işlər
bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə ki, növbəti dövr
üçün Türkiyəyə sədrlik işində uğurlar arzulayıram”.
Dövlət başçısı qeyd edib ki, keçən il ərzində müxtəlif istiqamətlər üzrə
əməkdaşlığımız davam edibdir. Bu gün sadəcə olaraq bir neçə məqamı qeyd
etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər
nazirlərinin görüşü keçirilmişdir. Bu, Şuranın siyasi məsələlərinin
həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən
işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor
təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar
atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox
şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun
yaradılması da artıq reallaşır. Əminəm ki, bu Fond yaranandan sonra
müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı
tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır. Eyni zamanda, qeyd
etməliyəm ki, keçən il Qəbələdə Azərbaycan tərəfi bir təşəbbüslə çıxış
etmişdir ki, biz beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış
edək. Şadam ki, artıq birinci addım atılmışdır. Bakıda keçirilmiş
beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə
fotostendi də nümayiş etdirilmişdir. Yəni, bu, birinci addımdır. Hesab
edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə birgə turizm
potensialımızı təqdim etməliyik”.
İlham Əliyev bildirib ki, bunun həm də birliyimiz üçün önəmi vardır.
Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli
addım olacaqdır: “Biz dünən söhbət əsnasında bu barədə fikir mübadiləsi
aparmışıq. Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək
qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən,
mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin
təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və
bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna
görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən
gələni edəcəyik. Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə,
beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən
çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi
dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO
təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük”.
Azərbaycan Prezidenti vurğulayıb ki, eyni zamanda, ölkələrimizin üzv
olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti
də böyük önəm daşıyır: “Mən bu gün xüsusilə hörmətli Nursultan
Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada
Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu
təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə
etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı
bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu,
əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və
beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT
tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü
toxunulmazdır”.
Dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü hər bir ölkənin
suverenliyini əks etdirən əsas məsələdir: “Bildiyiniz kimi, Azərbaycanın
ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana
qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz
torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır.
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı
törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən
soyqırımı kimi tanıyır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı
mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı
qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair
dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə
qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa
Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı – bütün bu mötəbər təşkilatlar
öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində
Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq əfsuslar olsun ki, işğalçı
ölkə buna məhəl qoymur və işğal davam edir”.
İlham Əliyev deyib ki, bu məsələnin həlli yalnız beynəlxalq hüququn
norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü
bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına
qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in
faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər
etmişlər və onların məruzələrində orada bütün dağıntılar öz əksini
tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər
tərəfindən vəhşicəsinə dağıdılıbdır. Bu münaqişə böyük regional
təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük
problemlər yaradır.
Prezident bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son
illərdə uğurlu inkişaf dövrünü yaşayır: “Hesab edirəm ki, biz Şura
çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə
investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki,
Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa
başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20
milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların
qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi
daha da möhkəmləndirəcəkdir. Biznes forumların keçirilməsi, investisiya
imkanlarının araşdırılması, üçüncü ölkələrə birgə investisiya
layihələri ilə çıxmağımız hesab edirəm ki, növbəti dövr üçün
diqqətəlayiq məsələlərdən biridir. Eyni zamanda, bizim birliyimizi
nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün Azərbaycan öz
səylərini qoyur”.
Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi
tarixi hadisədir: “Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq
olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu
layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda
gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm
Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda,
Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük
daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin
artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli
iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret
tədbirlərlə zənginləşdirəcəkdir”.
İlham Əliyev qeyd edib ki, enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün
Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft
məhsullarının, neftin nəqlini təmin edir, yəni tranzit rolunu oynayır.
Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da
artacaqdır: “Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək
əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən
coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii
resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya
bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm
Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir
ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da
dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu
sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik.
Beləliklə, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni
təşəbbüslər irəli sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz
birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki
ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir
problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə
başlamışıq. Bir daha qeyd etməliyəm ki, Azərbaycan Şuradakı fəaliyyətinə
çox böyük əhəmiyyət verir. Biz çox şadıq ki, Şura artıq güclü bir
beynəlxalq təşkilata çevrilib. Əminəm ki, qardaş Türkiyənin sədrliyi ilə
biz yeni uğurlara imza atacağıq. Təşəkkür edirəm”.
Zirvə toplantısında iştirak edən digər dövlət başçıları da çıxış etdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına yekun
vuran Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə olunan
məsələlərin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da
genişləndirilməsinə yeni təkan verəcəyini vurğuladı.
Prezident Abdullah Gül V Zirvə toplantısının Qazaxıstanda keçiriləcəyini bildirdi.
Sonra dövlət başçıları Zirvə toplantısının birgə Bəyannaməsini, Türk
Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk
Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzaladılar.
Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
yeni baş katibi seçildi. Türk Akademiyasının prezidenti vəzifəsinə isə
Darxan Kıdırəli təyin olundu.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı işini başa çatdırdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=8044