9 günün əsgəri niyə yarımcan oldu…

05.06.2014 - 20:23

Hərbi xidmətdən yarımcan dönən 1995-ci il təvəllüdlü əsgər
Kamran Niyazovun atası Urfan Niyazov virtualaz.org saytının
redaksiyasına müraciət edərək üzləşdiyi problemlərdən danışıb.

Daşkəsən rayon sakini olan şikayətçinin sözlərinə görə, oğlu Kamran
ötən il aprel ayının 4-də həqiqi hərbi xidmətə çağırılıb. Ailənin bütün
bədbəxtliyi də elə bundan sonra başlayıb.

Urfan Niyazovun dediklərindən: “Daşkəsən Rayon Hərbi Komissarlığına
getdim. Onlara dəfələrlə oğlumun gözlərində problem olduğunu, irsi
xəstəlikdən əziyyət çəkdiyini dedim. Amma dediklərimə məhəl qoyan
olmadı. Hərbi komissarlıqda yoxladılar, baxdılar, dedilər tam sağlamdır.
Ailənin yeganə övladı olan xəstə oğlumu 13-14 həkimin verdiyi rəy
əsasında əsgər apardılar. Oğlumun sağlam, orduya yararlı olması barədəki
həkim rəyini sübut kimi özümdə saxlamışam.

Hərbi komissarlıqda oğlumun orduya yararsız hesab edilməsi üçün
məndən 3000 manat rüşvət istədilər. Bu məbləği verməyə maddi imkanım
olmadığına görə uşağımı əsgər apardılar”.

U.Niyazovun sözlərinə görə, oğlu cəmisi 9 gün əsgərlik həyatı görüb:
“Kamran Giləzidəki 052 saylı hərbi hissədə xidmət keçib. Amma cəmisi 9
gün. “Spesnaz”da idi. O da ağır hərbi hissədir. 9 gündən sonra Kamranda
şiddətli ağrılar baş qaldırıb, hospitala aparıblar. Qaraciyərində
exnokok kista aşkarlanıb. Təcili əməliyyat ediblər. Qaraciyərinin sol
pay hissəsini kəsib götürmüşdülər. Amma biz oğlumun qaraciyərində
xəstəlik olduğunu bilməmişdik”.

Atası deyir ki, bir aydan sonra yenidən hərbi hissəyə qayıdan əsgər
K.Niyazov burada iki-üç gündən artıq tab gətirə bilmir. Buna əsgər
yoldaşları ilə dava etməsi və bıçaqla özünə xəsarət yetirməsi səbəb
olub: “Əməliyyatdan bir ay sonra yenidən hərbi hissəyə qayıtdı. Amma
əsgər yoldaşları tərəfindən incidildiyi üçün özünə bıçaqla xəsarət
yetirmişdi. Təkrar hospitala qaytardılar. Bundan sonra ordudan tərxis
olunmuşdu”.

Şikayətçinin söylədikləri arasında diqqətçəkən məqamlardan biri də
Kamranın 10-cu sinifdə oxuyan zaman hərbi xidmətə getməsidir: “Oğlum
əsəb xəstəsi idi. Dəfələrlə müalicə olunmuşdu. İki il sinifdə qalmışdı.
Mənim uşağımı 10-cu sinifdə oxuyan zaman çağırıb apardılar xidmətə,
təhsili də yarımçıq qaldı”.

Qarabağ döyüşçüsü olan U.Niyazov üzləşdikləri problemlərlə bağlı
Respublika Hərbi Prokurorluğuna da şikayət etdiyini bildirir: “Şikayətim
əsasında cinayət işi başladılar, sonra Hərbi Prokurorluqda bu işə xitam
verildilər. Keçmiş döyüşçü kimi aidiyyəti orqanlardan bu işdə günahı
olan insanların cəzalandırılmasını tələb edirəm. Hərbi çağırış zamanı
məndən rüşvət istəmişdilər. Mən də bununla bağlı şikayət etmişdim.
Gəldilər, araşdırma apardılar, yoxladılar. Hərbi Prokurorluqda cinayət
işi başlandı. Amma Hərbi Prokurorluqda işə müstəntiq Məhərrəm Məhərrəmov
tərəfindən xitam verildi. Daşkəsən elektrik yarımstansiyasında elektrik
montyoru işləyirdim. Şikayət etdiyimə görə mənə icra hakimiyyəti
tərəfindən təzyiq oldu, işdən çıxarıldım. Bir ildir ki, işsizəm. Birbaşa
müdirimiz Yaqub müəllimə təzyiq göstərdilər. Ona görə də əmək
müqaviləsinə xitam verildi. Bir sözlə, şikayət etdiyimə görə işimi də
itirməli oldum”.

U.Niyazov Hərbi Prokurorluğa ərizə ilə müraciət edərək oğlunun
qanunsuz hərbi xidmətə aparıldığını, onun yararsız hesab olunması üçün
komissarlığın bölmə rəisi Qulu Əsədovun ondan 3000 manat istəməsini və
oğlunun hərbi hissədə döyülməsini göstərib.

Göstərilən faktlar Hərbi Prokurorluqda araşdırılıb, amma bu
xüsusatların heç biri öz təsdiqini tapmayıb. Kamran Niyazovun hərbi
hissədə döyülməsi faktı isə ümumiyyətlə təkzib olunub. Buna görə də
CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığından cinayət
işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

K.Niyazovun anası Sevil Niyazova oğlunun hal-hazırda yataqda
olduğunu, maddi imkanlarının kritik həddə çatdığını bildirir: “Kamran
mənim yeganə övladımdır. Çox yerə müraciət etmişik, bu günə qədər heç
bir cavab almamışıq. Mənim onsuz da xəstə olan övladımı əsgər aparıb
üstümə yarımcan qaytardılar. Bir anlıq məni öz yerlərinə qoysunlar.
Övladının göz önündə bu hala düşməsi ana üçün dəhşətdir. Övladım əmək
qabiliyyətini itirib, III qrup əlildir”.

Xəstə əsgərin anası son ümidini ölkənin birinci xanımına ünvanladığı
müraciətdə görür: “Başqa əlacım yoxdur. Bəlkə Mehriban xanım bu
dərdimizə əlac eləyə. Çünki bizi heç kim eşitmək istəmir”.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031