MTN-in yoxladığı bankda qəribə proseslər…
Bu ilin martında MTN-in yoxlama apardığı “Bank of Baku”da qəribə proseslər gedir.
Bankın saytında
yerləşdirilmiş məlumata görə, Elçin İsayev yenidən “Bank of Baku” ASC
Müşahidə Şurasına sədr təyin edilib.
Xatırladaq ki, bu ilin martında MTN ölkənin ən çox müştərisi olan
bankında qəfil yoxlama aparmış və Müşahidə Şurasının sədri Elçin
İsayevin saxlanıldığı haqda məlumatlar yayılmışdı. Lakin daha sonra
E.İsayev mətbuatla əlaqə saxlayaraq MTN tərəfindən saxlanıldığını təkzib
etdi və hazırda azadlıqda olduğunu bildirdi. Hərçənd ki, onun bir neçə
günlük MTN təcridxanasına salınması tamamilə mümkündür.
E.İsayev həmçinin bildirdi ki, bankda MTN tərəfindən aparılan yoxlama da onların öz təşəbbüsü ilə olub.
Ardınca bankın bağlana biləcəyinə dair xəbərlər yayıldı. Mərkəzi Bank
bildirdi ki, “Bank of Baku”nun bağlanması üçün səbəb yoxdur, çünki
bankın likvidlik göstəriciləri yaxşıdır.
Daha sonra bankın rəhbərliyində müəmmalı yerdəyişmə baş verdi.
“Səhmdarların ümumi yığıncağının yekdil qərarına əsasən” Azərbaycan
Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev “Bank of Baku”nun
Müşahidə Şurasının üzvü və sədri seçildi.
Bundan başqa, Müşahidə Şurası üzvlərinin – bankın səhmdarı Elçin
İsayevin və səhmdarın səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun
səlahiyyəti növbəti 3 il uzadılmışdı.
E.İsayev bankın Müşahidə Şurası sədrinin baş məsləhətçisi vəzifəsinə
gerilədi. E.Həbibullayev “Bank of Baku”nun Müşahidə Şurasının sədri
olandan sonra da əvvəlki kimi Azərbaycan Beynəlxalq Bankının baş
direktoru olaraq qalıb.
İndi isə bu ilin martında müəmmalı şəkildə öz postunu E.Həbibullayevə
təhvil verən E.İsayev yenidən “Bank of Baku”nun Müşahidə Şurasının
sədri vəzifəsinə geri qayıdıb.
Adətən hansısa bankı nəzarət altına almaq lazım gələndə ora
Beynəlxalq Bankdan “desant” göndərilir və görünür, “Bank of Baku”da da
belə olmuşdu. İndi isə Beynəlxalq Bankın “desantı” geri çəkilir.
Bütün bunlar bank ətrafında hansısa müəmmalı proseslərin getməsindən xəbər verir.
Xatırladaq ki, “Bank of Baku”nun səhmdarları aşağıdakılardır: NAB Holding (40 faiz),
“Azpetrol” Neft Şirkəti LLC (28,89 faiz), “Azpetrol” Neft Şirkətinin
sabiq prezidenti Rafiq Əliyev (11,22 faiz), Elçin İsayev (10 faiz) və
“Azinvest” LLC (9, 98 faiz). NAB Holding isə öz növbəsində İran əsilli
Oromi qardaşlarına məxsusdur.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8051