Azərbaycanın Avromaydan çəkingənliyi

05.06.2014 - 20:38

 

Rəsmi Bakının Petro Poroşünkonun inauqurasiyasına ölkənin üçüncü şəxsini göndərməsi politoloqların fikrini haçaladı

Ukraynanın
yeni seçilən prezidenti Petro Poroşenkonun iyunun 7-də Maydanda
keçiriləcək inauqurasiya mərasimində Azərbaycanı Milli Məclisin sədri
Oqtay Əsədov təmsil edəcək. Dövlət başçısı İlham Əliyev mərasimə dəvətli
olsa da getməmək qərarı verib. Bu durumu bir sıra ekspertlər
Azərbaycanın Rusiya ilə münasibətlərinə bağlayır. Ehtimal edilir ki,
Azərbaycan hələ də Krımı işğal edən Rusiyadan BMT TŞ-da Ukraynanın ərazi
bütövlüyünü müdafiə etdiyi üçün “əfv diləyir”. Eks-prezident Viktor
Yanukoviçin bütün komandası ilə birlikdə hakimiyyətdən kənarlaşdırılması
ilə nəticələnən Avromaydan olayları zamanı da Azərbaycan belə ehtiyatlı
mövqe nümayiş etdirmişdi.

Müsavat
Partiyası Məclisinin üzvü, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət
Hacızadə isə fərqli düşünür. Politoloq Azərbaycan hökumətinin bu
davranışını normal sayır: “Rusiyadan yeri gələndə qorxmaq lazımdır. Mən
bu ifadədən qətiyyən qorxmuran. Hər şeyi öz adı ilə adlandırmaq daha
doğrudur. Dəlini qıcıqlandırmağa heç bir ehtiyac yoxdur. Bütövlükdə
Azərbaycanın, o sıradan Azərbaycan iqtidarının Rusiya-Ukrayna
münasibətlərində simpatiyası Ukrayna tərəfdədir. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizik Şurasındakı müzakirələr və səsvermə zamanı da
bu, özünü göstərdi. Ancaq Azərbaycanın heç bir halda Rusiya ilə mənasız
gərginlik yaratmasına ehtiyac yoxdur. Bu məsələdə ehtiyatlı davranışları
doğru sayıram”.

“Şərq-Qərb”
Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə daha cəsarətli
siyasət yürüdülməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Azərbaycan
belə anlaşılmaz davranışları ilə Rusiyanın rəğbətini qazandığını düşünsə
də, bu, baş vermir, üstəlik ölkənin demokratik dünya ilə
münasibətlərini pisləşdirir: “Azərbaycanın milli maraqları, dövlət
maraqları Ukraynanın mövqeyini ardıcıl dəstəkləməyi tələb edir. Digər
tərəfdən Azərbaycan hər hansı dövlətlə münasibətlərini üçüncü dövlət
üzərindən qurmamalıdır. Bu, son dərəcə yanlışdır. Azərbaycanın
praktikasında belə bir məqam var – ölkənin ən yaxın tərəfdaşlarından
olan İsraildə səfirlik açılmır. Azərbaycan rəsmiləri tam açıq olmasa da,
bir xeyli dairələrlə təmaslarda bildirirlər ki, İsraildə səfirlik
açılmamasının səbəbi İranın bu məsələyə münasibəti ilə izah olunur.
İranın ən yaxın tərəfdaşı olan Ermənistanın səfirliyi var. Eləcə də
mərkəzi Asiya ölkələri, məsələn, Özbəkistan illər öncədən İsraildə
səfirlik açıb. Azərbaycanın Rusiyadan və İrandan bu çəkingən
davranışlarının ölkəyə heç bir xeyri yoxdur”.

Ərəstun
Oruclu deyir ki, hər bir dövlətin öz mənafeyinə uyğun siyasəti
olmalıdır: “Əgər Azərbaycanın maraqları Ukrayna ilə tərəfdaşlıq,
işbirliyi tələb edirsə, buna Rusiyanın, ya da Qərbin, ABŞ-ın necə
reaksiya verməsi önəmli olmamalıdır. Əsas məsələ tərəfdaş ölkənin
reaksiyasıdır. Azərbaycan Krımın işğalı ilə bağlı Ukraynanın mövqeyini
dəstəkləyən qətnaməyə səs verib. Bu çox doğru addım idi. Bir çox
ölkələr, o sıradan qonşu Gürcüstan Azərbaycan kimi açıq mövqe ifadə
etmədi. Belə bir mötəbər məclisdə mövqe nümayiş etdirəndən sonra
Azərbaycanın ən yüksək səviyyədə prezident Poroşenkonun inauqurasiya
mərasiminə qatılmaqdan çəkinməsi çox anlaşılmazdır. Ümumiyyətlə bu
məsələnin Rusiyaya nə aidiyyəti var? Nə bilmək olar, bəlkə ən yaxın
gələcəkdə Rusiya prezidenti Ukraynaya gedəcək? Bir daha bildirirəm ki,
Azərbaycanın bu siyasəti kökündən yanlışdır”.

Təhlükəsizlik
məsələləri üzrə ekspert İlham İsmayıl isə deyir ki, Azərbaycan
Ukraynaya qarşı ehtiyatlı siyasətini Avromaydanın ilk günlərindən
sərgiləməkdədir: “Hətta Azərbaycan Ukraynanın mövqeyini Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiə edəndə də ardınca
dərhal açıqlama yayıldı ki, rəsmi Bakı Qarabağ probleminə görə
Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. MBT TŞ-da Azərbaycan
təmsilçisinin çıxışı da hədsiz ehtiyatlı və diplomatik tona yüklənmiş
çıxış idi. Hiss olunurdu ki, hədəf Rusiya ilə münasibətləri korlamamaq
idi. Azərbaycanın Rusiyadan hədsiz çəkingənliyi Ukraynaya həqiqi
münasibətləri büruzə verməyi əngəlləyir. Bu məsələ bir tərəfdən başa
düşülən olsa da, həddən artıq çəkingənlik lüzumsuz davranış təsiri
bağışlayır”.

İlham İsmayıl deyir ki,  Ukrayna
Azərbaycanın hansı səbəbdən bu cür siyasət yürütdüyünü anlayır. Ancaq bu
davranışın beynəlxalq aləmdə anlayışla qarşılandığını düşünmək
yersizdir.(musavat.com)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31