Leyla Əliyevanın Xocalı ilə bağlı gördüyü işlər kitaba salındı
əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi
haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində bünövrəsini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu
siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş
əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də
elan edilən “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma
Kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ
həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu
bir strategiyadır.
Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim
Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya
ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)”
üçcildliyinin III cildi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə görülmüş
məqsədyönlü işlərlə bağlı müəlliflərin gərgin araşdırmaları, yorulmadan
apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.
“CBS Polyqrafic production” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış
III cild hazırlanarkən də əvvəlki cildlərdə olduğu kimi, Azərbaycan
Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər
nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və
AzərTAc-ın fotoarxivindəki fotoşəkillərdən istifadə edilmişdir.
Kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının
müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin
son illərində Ermənistan və onun havadarlarının köməyi ilə işğal olunmuş
Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri
kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımından bəhs edilir.
Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya
ədalət!” kampaniyası çərçivəsində beş il ərzində beynəlxalq aləmdə
həyata keçirilmiş təqdirəlayiq tədbirlərdən söhbət açılır. Bəri başdan
qeyd etmək lazımdır ki, zəngin fakt və sənədlərin, sübutların əksini
tapdığı bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız
qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli toplusu kimi
diqqət mərkəzində olacağı şübhəsizdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi
şurasının qərarı ilə nəşr edilmiş bu kitab “Xocalıya ədalət!”
Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyi
münasibətilə nəşr olunub.
Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu
kampaniya dünyanın 70-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla
Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində
qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu ilə bağlı çoxsaylı
materialları əhatə edir. Xocalı faciəsi ilə bağlı bütün hadisələri
mütəmadi izləyən müəlliflər nəşrin üçüncü cildinə Azərbaycan Prezidenti
İlham Əliyevin “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı
tədbirlər haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamını da daxil
etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın isə kitabda yer
aldığı “Biz, sağ qalanlar, bu faciə haqqında həqiqəti bütün dünyaya
çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və hüquqi qiymət
verilməsinə nail olmalıyıq” kimi mübariz ruhlu fikirləri hər bir
azərbaycanlını Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal
olmağa səsləyir.
Kitabın redaktorları fəlsəfə elmləri doktoru, Fəlsəfə Cəmiyyətlərinin
Beynəlxalq Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət
Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının
doktorantı Leyla Məmmədovadır.
“Alim mövqeyi” rubrikasında fəlsəfə elmləri doktoru, professor Rahid
Uluselin “İnsanlıq meyarı ilə” yazısında cari ildə nəşrin I və II
cildlərinin geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə
təqdimatının keçirildiyini xatırlayaraq aktual mövzu və problematikası
ilə diqqəti cəlb edən bu kitablar haqqında Azərbaycan və xarici kütləvi
informasiya vasitələrində sanballı məqalə və resenziyaların çap
edildiyini, dolğun rəylərin səsləndiyini diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, sonuncu cildin özünəməxsusluğu “Xocalıya ədalət!”
Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik
fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə xüsusi diqqətin
yetirilməsində və əgər belə demək mümkündürsə, 100 illik erməni
təbliğatını alt-üst edən beş yaşlı “Xocalıya ədalət!” hərəkatının milli,
regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinin üzə
çıxarılmasındadır.
Kitabın ortaya qoyduğu danılmaz faktlar bir daha sübut edir ki, əslində
“böyük Ermənistan” və “fövqəlerməniçilik” – arxaik imperializmin bir
fiksiyasıdır. Hamıdan çox elə ermənilərin özləri bu xəstə
təxəyyüllərinin ilğım-obrazından ziyan çəkmişlər. Ermənilər tarix boyu
dövlətlərarası münasibətlərin qaydalarını riyakarlıqla pozduqlarından və
ən yaxın qonşularına belə xəyanət etdiklərindən, özlərinə etibarlı
dost-xalq qazana bilməmiş, həmişə böyük dövlətlərin yedəyində getmiş,
özlərini sürünməyə məhkum etmişlər. Onların öz qonşularının torpaqları
hesabına “böyük dövlət” olmaq arzusu öz nüvəsində kin, nifrət,
qəddarlıq, hiylə, yalan, rəzalət, düşmənçilik, siyasi əxlaqsızlıq
alovunu kükrədərək həmişə ətrafına zəhər saçmışdır. Bu zəhərin region
dövlətlərinin sağlam atmosferini bütün mənalarda (psixoloji, siyasi,
diplomatik, hərbi-ekspansionist, bakterioloji…) necə korlandığını
kitab əyani faktlarla sübut edir.
Leyla Əliyeva deyib ki, “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna
qarşı yeni strateji model)” əsəri, ilk növbədə, Azərbaycanın ayrılmaz
parçası olan Qarabağın işğaldan azad edilməsi uğrunda ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu və Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən ideoloji-diplomatik mübarizənin hazırkı
mərhələsində həmin prosesə təkrarolunmaz fakt və dəlillər arsenalı
verməsinə görə böyük əhəmiyyət daşıyır.
Bu kitab tam mənası ilə sübut edir ki, Ermənistanın və onun
havadarlarının qabaqcadan planlaşdırılmış ssenarisi əsasında
Azərbaycanın Qarabağ ərazisini işğal etmələri əvvəldən axıradək qanlı
cinayətlərlə baş tutan proses olub. Torpağı zəbt edilən bir ölkənin
insanları, ən elementar beynəlxalq hüquq-normaları tapdalana-tapdalana,
ən antihumanist üsulların amansız tətbiqi ilə qırılıb-çatılmışlar.
Məqsəd isə insanları öldürmək və onların yaşadıqları torpaqları ələ
keçirmək olmuşdur. Bu prosesin hər iki xəttində – həm müstəqil bir
dövlətin – Azərbaycanın Qarabağ ərazisinin işğal edilməsində, həm də
hərbi münaqişədə iştirak etməyən silahsız dinc əhalinin soyqırımında
Ermənistan və onun havadarları beynəlxalq hüququn bütün prinsiplərini
pozmaqla, azərbaycanlıların nümunəsində bütün insanlığa qarşı böyük
cinayət işlətmişlər. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da
qanlı cinayətlərə yol vermiş qatillər cəzalandırılmalı və Azərbaycanın
ərazi bütövlüyü təmin olunmalıdır.
Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim
Rövşən Vəlizadə ermənilərin soyqırımı siyasətinin anatomiyasını açaraq,
ədalətə söykənən insanlığın həmin siyasətin yeridilməsi prosesində baş
verən hadisələr, işlədilən amansız texnologiyalara diqqət yetirməyə
çağırırlar. Bu faktlar göstərir ki, ermənilər öz çirkin məqsədlərinə
çatmaq üçün heç nədən çəkinməmişlər
Müəlliflər Xocalıda qırğın törətmiş 366-cı alaydakı 02270 saylı hərbi
hissənin əks-kəşfiyyat şöbəsinin rəisi Vladimir Savelyevin 8 il ərzində
(1992-2000) BMT, Avropa Şurası, Baş Kəşfiyyat İdarəsi və digər
instansiyalara təqdim etdiyi “Məxfi arayış”ı və onun ətrafında cərəyan
edən hadisələri analitik təhlil etmişlər. Xocalı soyqırımından dəhşətə
gəlmiş bir hərbçi-kəşfiyyatçının bu etiraf-sənədi həmin alayın necə və
hansı şəraitdə yalnız azərbaycanlılardan ibarət bu yaşayış məntəqəsini
və onun çoxsaylı əhalisinin məhv etməsini təsdiqləyir.
Kitabın müəllifləri o reallığa da aydınlıq gətirirlər ki, həqiqətən də
erməni terrorizminin episentri – Azərbaycandır və bu dağıdıcı zəlzələnin
dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq
terrorizmdir. Beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində
şəbəkələnmiş, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən,
Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir
qurumun təhlükəli ideologiyasıdır. Beynəlxalq erməni terrorizmi sözün
əsl mənasında təkcə ayrı-ayrı dövlətləri təhdid edən hadisə deyil,
beynəlxalq təhlükəsizliyi sarsıdan, dinc yanaşı yaşamaq prinsiplərini
pozan, dövlətlərarası münasibətləri dramatikləşdirən, dünya birliyinə
doğru inkişafı ləngidən və xüsusilə milli dövlətlərin suverenliyinə
qarşı yönəlmiş fəaliyyətləri təhrik edən antihumanist təmayüldür.
Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində o, Qarabağ
faciəsini bütün spektrləri və kəskinliyi ilə əks etdirir. Burada nə
tarix, nə də psixologiya unudulur. Bəlli edilir ki, ermənilərin
Azərbaycana qarşı torpaq iddiaları, azərbaycanlılara qarşı əsas
qisasçılığı və absurd düşmənçiliyi etnopsixologiyanın dərin qatlarında
cücərdilərək, zaman-zaman yeni nəsillərə ötürülür. Bu isə tarixdə
bənzəri olmayan xəstə erməni mənəviyyatının hər dəfə yeni riyakarlıq
qiyafəsində, lakin köhnə xislətində peyda olmasına gətirib çıxarır.
Müəlliflər hətta genetikanı zədələyən səbəbləri aşkara çıxararkən,
alimlərin müvafiq elmi nəticələrinə, o cümlədən ingilis psixoloqu Maykl
Fraydın Rusiya Federasiyasının erməni məktəblərində apardığı
tədqiqatlara istinad etmişlər.
Kitabın müəllifləri ermənilərin qara rəngli beynəlxalq terrorunu
insanlığa yağı kəsilmiş təhlükə mənbəyi kimi xarakterizə edərək, onların
bütün əməllərinin “düyün nöqtəsi” olaraq Xocalı faciəsini önə
çəkmişlər.
Ümumən Qarabağda, konkret olaraq Xocalıda törədilən müharibə
cinayətlərinin, soyqırımı aktlarının tarixi köklərini və hazırkı
reallıqlarını təhlil edən müəllif-analitiklər həmin cinayətlər prosesinə
və 20 ildən artıq davam edən işğal faktına dünya ictimaiyyətinin
diqqətini yönəldərək, beynəlxalq erməni terroruna qarşı müqavimət
hərəkatını formalaşdırmış “Xocalıya ədalət!” kampaniyasının həm
xalqımız, həm də bütövlükdə tərəqqipərvər bəşəriyyət üçün böyük önəm
daşıyan fəaliyyətini qiymətləndirirlər.
Kitabda göstərilir ki, “Xocalıya ədalət!” strateji proqramı – bütün
platformasına görə zülmə, ədalətsizliyə qarşı fəal mübarizə hərəkatının
layihəsidir. Bu beynəlxalq aksiya bütün dünyada əzilən, günahsız, təqib
olunan, qaçqın və köçkün halına düşən, evlərini, yurdlarını, doğmalarını
itirən, işgəncələrə məruz qalan milyonlarla insanın faciəli həyat
durumuna həssaslığı özündə əks etdirən humanist ideologiyanın həyata
keçirilməsidir. “Xocalıya ədalət!” nidası – bir körpənin belə qana
boyanmış telini görmək istəməyənlərin, əksinə, terroru, qanı, dağıntını,
fəlakəti vasitə sayanları haqq divanına çəkmək qüdrəti çatanların
getdikcə güclənən haqq səsidir. “Xocalıya ədalət!” – 2012-ci ilin 22
noyabrında Vatikan qəzetinin yazdığı kimi, bəşəriyyətin, bütün əsrlərin
çağırışıdır. “Xocalıya ədalət!” – XXI əsrin dövlətləri və xalqlarının
bir-birinə ehtiram ruhunda inkişaf edən münasibətlərinə sədaqətin
ifadəsidir! Azərbaycan öz kökündən, tarixindən gələn məhz belə yenilməz
mənəviyyata, mərd mübarizə əxlaqına malikdir!
Həmin mübariz əxlaqa sədaqətlə yazılmış kitabın III cildi hələ
ictimaiyyətə bəlli olmayan bir çox faktların üzə çıxarılması baxımından
olduqca əhəmiyyətlidir. Məsələn, kitabın “Millətçi erməniləri ifşa edən
faktlar, etiraflar” bölümündə tanınmış erməni yazıçısı, öz milli
tarixinə şovinist həmvətənlərindən fərqli mövqedə yanaşan Ovanes
Tumanyanın 1910-cu ildə çap olunmuş “Bədnam xalq” məqaləsində deyilir:
“Əgər bizdə müdriklik, mərdlik və sağlam intuisiya kimi keyfiyyətlər
varsa, onda biz bütün bunlara göz yummamalı, elə düşünməməliyik ki,
bizim insanlar mənəvi cəhətdən tamamilə korlanmışdır. Xəstəliyə qarşı
mübarizənin birinci şərti, sağalmağın əsas şərti odur ki, biz öz
bədbəxtliyimizi öz vicdanımız qarşısında və bütün dünya qarşısında
etiraf edək.
Onda xilasedici mənlik şüuru oyanacaq, biz özümüzü təkmilləşdirməyə və nəcib əməllərə meyl edəcəyik.
Başqa yol yoxdur. Həqiqi qurtuluş içəridən gəlməlidir, çünki bizim iç dünyamız xəstədir”.
Bu tipli faktlar erməni riyakarlığının hətta onların öz ziyalılarını,
yaradıcı adamlarını da bezdirdiyini, ümumiyyətlə, erməni ictimai-siyasi
dünyagörüşünün dərin ziddiyyət və böhranlar burulğanında boğulduğunu bir
daha təsdiqləyir.
Nəşrin “Erməni mənşəli dünya alimləri və elmi ictimaiyyət tarixi
həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını ittiham edirlər”
bölümündə isə mövzunun adından göründüyü kimi, erməni tarixi
saxtakarlığına qarşı onların öz dilindən amansız faktlar ortaya
çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya alimləri tərəfindən
ermənilərin quraşdırdıqları “tarix” və “həqiqət” rədd edilir.
Kitabda Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin
“Soyqırımı insanlığa qarşı amansız cinayətdir” sərlövhəli yazısında
ermənilərin Xocalıda törətdikləri soyqırımı dəhşətləri konkret rəqəmlər
və faktlar əsasında tam dolğunluğu ilə öz əksini tapmış, qətliamın
təşkilatçılarının və icraçılarının öz layiqli cəzalarına çatacaqlarına
əminlik ifadə olunmuşdur.
Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz
və mədəniyyətimiz, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə
edilməsi üçün böyük əhəmiyyəti vardır. Ondan orta və ali məktəb
müəllimləri, şagird və tələbələr, əsgər və zabitlər, dövlət məmurları,
diplomatlar yetərincə istifadə edə bilərlər. Buna görə də nəşrin
Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin xətti ilə ölkəmizin bütün
kitabxanalarında yerləşdirilməsi, xüsusilə müəllim və şagirdlərin,
tələbələrin mütaliə etmələri və eyni zamanda, tədris vəsaiti kimi
istifadə olunması, Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq
təşkilatlara, elmi-siyasi tədqiqat mərkəzlərinə, diplomatik korpuslara
çatdırılması, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünya
azərbaycanlıları arasında yayılması, beynəlxalq konfransların aktual
mövzu və problemlər sferasına gətirilməsi və xüsusilə BMT-nin rəsmi
dillərinə tərcümə edilməsi zəruridir.
Qan yaddaşı ilə yazılmış bu üçcildlik əsər həm ölkəmizdə, həm də xaricdə
milli dünyagörüşünə malik, Vətən torpağının bütövlüyünü düşünən və onun
uğrunda fədakar mübarizəsini əsirgəməyən hər bir azərbaycanlının
stolüstü kitabı olmalıdır.
Vasif Səmədov və Rövşən Vəlizadənin bu sanballı tədqiqatı Qarabağ
uğrunda vuruşan kitab-silah funksiyasında nəinki indi, nəinki
torpaqlarımız işğaldan azad edilən prosesdə, eləcə də sonra gərəyimiz
olacaqdır. Qarabağ uğrunda mübarizənin yeni mərhələsində beynəlxalq
erməni terroruna qarşı mükəmməl strateji platformanı modelləşdirən bu
əsər danılmaz maraqlar toplusu, hədəf müəyyənliyi ilə Azərbaycan
dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təxribat
və təhdidləri önləməyə, ifşa etməyə açar verən bir ideoloji silahdır.
Kitabda diqqəti cəlb edən məqamlardan biri də öz doğma yurd-yuvasından
didərgin düşmüş qaçqın və məcburi köçkün həyatını yaşayan
soydaşlarımızın mədəni-maarif, sosial, ailə və məişət problemlərinin
həllində Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və
bütövlükdə Azərbaycan hökumətinin çoxşaxəli qayğılarından bəhs edilməsi,
maraqlı təhlillərin aparılmasıdır.
Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi,
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı
Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya
üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr
edilmiş elmi monoqrafiyanın baş elmi məsləhətçisi, Milli Məclisin
deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru,
professor Aytən Mustafayevadır.
Nəşrin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
“Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya
ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq hüquqi müstəvidə
tanınmasına nail olmaqdır” kimi müdrik kəlamları bizləri bir daha
müvafiq istiqamətdə fədakar olmağa çağırır.
“Xocalıya ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs
edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın – nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli
bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının
bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün
salnaməsidir.
Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və
jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8062