Azərbaycan Qarabağı geri alır
Qarabağ cəbhəsində şok gəlişmə:
ermənilər təlaşda!
Qarabağ cəbhəsində şok gəlişmə:
ermənilər təlaşda!; İqtidar Rusiyanın vasitəsilə işğaldakı torpaqları
geri almaq üçün hərəkətə keçib; təmas xəttində düşmən tərəfdən minaların
təmizlənməsi barədə ilginc məlumatlar var; Kremlin göstərişini
Sərkisyan başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər…
Keçmiş
postsovet məkanında yaranmış yeni geosiyasi vəziyyət, əsasən də
Rusiyanın Ukraynanı Avrasiya İqtisadi Birliyinə (AİB) daxil edə
bilməməsi Azərbaycanın şans və imkanlarını artırmaqdadır. Hər halda,
Rusiyanın heç vaxt olmadığı qədər Azərbaycana ehtiyacı yaranıb və
prezident İlham Əliyev də yaranmış durumdan Dağlıq Qarabağın
Ermənistanın işğalından geri alınması üçün istifadə etməyə çalışır.
Artıq
Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi
təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc
olunan yazılardan açıq görmək mümkündür. Ermənistan mətbuatı və
politoloqlarının fikirlərindəki leytmotiv budur ki, Azərbaycan Qarabağı
Rusiyanın vasitəsilə geri almaq üçün hərəkətə keçib.
Erməni
tərəfində bu xüsusda həmçinin Azərbaycanın ordusunun güclənməsi
istiqamətində atdığı addımlardan ciddi narahatlıq ifadə olunur.
Bildirilir ki, Moskva axır bir neçə ildə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı üzvü olan ölkəyə Azərbaycan qədər silah satmayıb:
“Hazırda Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil
olmasına və Rusiyanın Ermənistanın arxasından çəkilməsinə çalışır. Bunun
üçün lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün
Putinə pul da vəd edə bilər. Müəyyən anlıq Qərbin bütün layihələrindən
Bakı üz çevirmiş vəziyyət yarada bilər, təki istəyinə çatsın. Azərbaycan
Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir” –
erməni mətbuatında son bir neçə gündə ən çox yazılan bu tipli
şərhlərdir.
***
Sabiq dövlət müşaviri, politoloq
Qabil Hüseynli də bölgədə həqiqətən çox ciddi proseslərin getdiyini və
bundan ermənilərin təşvişə düşdüyünü təsdiqləyən məqamların olduğunu
söylədi: “Xüsusilə də Azərbaycanla Rusiya arasında proses gedir,
danışıqlar intensivləşir. Bu danışıqlar əvvəllər prezidentlərin bəlli
ekspertlər qrupu səviyyəsində aparılırdısa, indi illeqal şəraitdən leqal
şəraitə keçməyə başlayıb və proseslərdə ciddi səlahiyyətlərə malik
məmurlar iştirak edir. Məsələn, Rusiyanın iqtisadiyyat naziri bir neçə
gün öncə Azərbaycana gəldi və burda çox ciddi layihələr ətrafında
müzakirələr aparıldı, Azərbaycanın Rusiya iqtisadiyyatına böyük məbləğdə
sərmayə yatıracağı ilə bağlı razılaşmalar oldu. Rusiyalı nazir Bakıda
bəyan etdi ki, Azərbaycan da AİB-ə daxil ola bilər. May ayında
Azərbaycanın müdafiə naziri Rusiyaya səfər etdi. İyunun 4-də Azərbaycan
parlamentinin spikeri Moskvada görüşlər keçirdi.
İyunun
28-də isə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana
gələcəyi xəbəri yayılıb. Bütün baş verənlər çox ciddi prosesin
getdiyinin göstəricisi sayıla bilər. Ermənistan mətbuatı və cəmiyyətində
təlaş da bununla bağlıdır. Ermənilər müşahidə olunan prosesin,
Rusiya-Azərbaycan yaxınlaşmasının onların zərərinə olduğunu düşünürlər.
Şübhələniblər ki, bu yaxınlaşma sonda Vladimir Putinin Serj Sərkisyana
Azərbaycanın rayonlarından geri çəkilməyin zəruriliyi əmrini verməsi ilə
nəticələnə də bilər”.
Ekspert hesab edir ki,
Rusiyanın Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi, əsasən
də Rusiyanın Azərbaycana silah, hərbi texnika satışını artırması
ermənilərin əndişəsini daha da artırıb: “Həqiqətən də Rusiya KTMT üzvü
olan ölkələrdən çox Azərbaycana silah satır. Azərbaycanın bu silahları
alması tam qanunidir və heç kim buna görə ölkəmizi qınaya bilməz.
Ermənilər “Azərbaycan prezidenti Qarabağı Putindən pulla geri alacaq”
deyə dünyaya hay-həşir salmaqda çox güman ki, məhz Azərbaycanın Rusiya
ilə iqtisadi və hərbi sahədə ticarətinin genişlənməsinə eyham vururlar.
Prosesin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın Azərbaycana satdığı
silahlar hesabına Azərbaycan ordusunun sarsıdıcı gücə malik olması
ermənilərdə birmənalı təsəvvür yaradır. Ermənilər əmindirlər ki,
Azərbaycan-Rusiya əməkdaşlığının sıxlaşması rəsmi Bakı ilə Moskva
arasında Qarabağ məsələsində də anlaşmalara gətirib çıxara bilər.
Elə
vəziyyət yarana bilər ki, müharibə başlayar və bu dəfə Rusiya
Ermənistanı Azərbaycanın qarşısında tək buraxar. Bu isə işğal olunmuş
Azərbaycan ərazilərinin qısa zamanda ermənilərin əlindən çıxması
deməkdir. Artıq Ermənistanda, Dağlıq Qarabağda ermənilər içərisində
ciddi panika başlayıb. Panikanın başlamasına səbəb var. Ermənilər
bilməli idilər ki, onların belə bir günü də gəlib yetişə bilər. İndi
onlar bir balaca təhlükə hiss eləyir və dünyaya car çəkməyə başlayıblar
ki, Azərbaycan hücuma keçməyə hazırlaşır. Azərbaycan öz ərazi
bütövlüyünü təmin etmək hüququna malikdir. Beynəlxalq konvensiyalar və
Azərbaycan Konstitusiyası buna imkan verir”.
Q.Hüseynli
onu da vurğuladı ki, gedən prosesdə Rusiya üzünü Azərbaycana tərəf
çevirməyə başlayıb. Rusiyanın buna böyük ehtiyacı var. Qərbin
sanksiyaları Rusiyanı təntidib. Belə durumda Azərbaycanla yaxınlıq
Rusiya üçün çox vacibdir.
***
Bu arada hərbi
mənbələrdən redaksiyamıza mövzuya birbaşa dəxli olan şok məlumat daxil
olub. Məlumatda deyilir ki, bir neçə gündür Azərbaycanın işğal olunmuş
ərazilərində cəbhə xətti boyunca ermənilər mina təmizləmə işlərinə
başlayıblar. Neçə illərdir basdırılan minaları çıxarmaqdadırlar.
Bu
məlumat reallığı əks etdirirsə, ermənilərin nədən cəbhə xətti boyu
minaları çıxarmağa başladıqları maraq doğurur. Söhbət etdiyimiz
təcrübəli ekspertlərdən birinin bununla bağlı maraqlı izahı var: “Ola
bilsin Ermənistan rəhbərliyi Azərbaycanın hansısa rayonlarından geri
çəkilmək məcburiyyətindədir və hətta bunun üçün Kremldən gizli mesaj da
alıb. Serj Sərkisyan təbii ki, heç vaxt xalqın qarşısına çıxıb
“Rusiyanın göstərişi ilə filan rayonları Azərbaycana qaytarıram”
deməyəcək. Kremlin göstərişini Sərkisyan başlanacaq müharibəni uduzmaqla
həyata keçirə bilər. Az itki üçün minalanmış ərazilər əvvəldən
təmizlənir, Azərbaycan ordusu hücuma keçir müharibə başlayır və onsuz da
güclü olan Azərbaycan ordusu konkret rayonları geri qaytarır.
Ermənistan prezidenti isə xalqın qarşısına çıxaraq “1990-cı illərin
əvvəlində biz qalib gəlmişdik, bu dəfə isə güclənmiş Azərbaycana qalib
gələ bilmədik. Müharibədə qalib gəlmək kimi məğlub olmaq da var” tipli
izahat verir. Bax, ssenarinin bu cür olması istisna deyil”.
Xatırladaq
ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyevin “Ermənistan
ordusu geri çəkilmə prosesinə başlamalıdır” bəyanatı olub. Bu bəyanatın
da təsadüfi olmadığını bildirməyə əsaslar var.
Deputat
Fazil Mustafa isə bildirib ki, Qarabağ probleminin həlli üçün yalnız
Rusiya ilə razılıq əldə etmək kifayət deyil: “Çünki ermənilərə yalnız
Rusiya kömək eləmir. Ermənilərə yardımçı olan ölkələrin başında ABŞ
dayanır. Buna görə də yalnız Rusiya ilə razılıq məsələnin həlli demək
deyil. Buna nail olmaq üçün həm də Amerika ilə anlaşma əldə etmək
zəruridir”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=8089