İrana müalicə axınının qarşısını necə almaq olar?

Iranın Ərdəbil vilayətinin başçısı Məcid Xudabəxş bugünlərdə
azərbaycanlı jurnalistlərlə söhbətində demişdi ki, gün ərzində Biləsuvar
sərhəd-keçid məntəqəsi vasitəsilə 3 min Azərbaycan vətəndaşı Irana
keçir. Onların da əksəriyyəti Iran xəstəxanalarına müalicə üçün
gəlirlər.
Azərbaycandan Irana müalicə məqsədilə gedənlərin sayının çoxluğu
haqda dəfələrlə deyilib, yazılıb. Lakin Azərbaycanda bu istiqamətdə heç
bir tədbir görülmür ki, vətəndaşlar dərdinə dərmanı ölkədən kənarda yox,
elə burada axtarıb tapsın.
Məcid Xudabəxşlə yanaşı, Iranın ölkəmizdəki səfiri də bu yaxınlarda
verdiyi açıqlamasında hər il bir milyon azərbaycanlının Irana müalicə
məqsədilə getdiyini söyləmişdi. Bu isə hər il ölkədən kənara 100
milyonlarla vəsaitin daşınması deməkdir. Bu qədər vəsaitin xaricə
axınının qarşısını almaq üçün hökumət əməli bir iş görməlidir. Yaxın
xaricdə xidmətin səviyyəsi, eləcə də dərmanların ucuzluğu soydaşlarımızı
əcnəbi mütəxəssislərə müraciət etməyə istiqamətləndirir. Ölkədə kifayət
qədər təcrübəli və savadlı tibbi personalın olmasına baxmayaraq,
aparatların, dərman və xidmət haqlarının yüksək olması ölkə əhalisini
əlacı kənarda axtarmağa məcbur edir.
Bir faktı da yada salaq ki, Yasamal rayonu ərazisində yerləşən Iran
klinikasının nəzdində fəaliyyət göstərən aptekin normal işləməsinə,
Irandan lazım olan dərmanların bu aptek vasitəsilə gətirilməsinə də
imkan verilmədi. Bir sözlə, insanların sosial vəziyyətinin aşağı həddinə
görə ucuz qiymətə dərmanla təmin edilməsinin qarşısı da alındı.
Belə olan halda, Azərbaycan hökuməti vətəndaşlarının xaricə axınının
qarşısını almaq üçün ölkə daxilində Iran tibb mərkəzləri aça bilməzmi?
Ölkəmizin bu istiqamətdə proqram həyata keçirməsinə iqtisadi gücü
yetmirmi?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, bununla
səhiyyə sistemindəki problemlərin qarşısını almaq mümkün olmayacaq.
Yəni, hansısa tibb mərkəzini açmaqla iranlı həkimlərin hamısını ora
dəvət etmək mümkün deyil. Ekspert qeyd edir ki, Azərbaycan hökuməti
keyfiyyətli səhiyyə xidməti təşkil etməli və insanların səhiyyəyə çıxış
imkanlarını asanlaşdırmalıdır: “Ölkə vətəndaşları Irana deyil, Türkiyə,
Almaniya və yaxud Amerikaya getdiyinə görə burada həmin ölkəni təmsil
edən bir klinika açmalı deyil ki… Problemin həlli yolu tapılmalıdır.
Azərbaycan səhiyyə sektorunu inkişaf etdirməlidir. Mən bunun
tərəfdarıyam. Azərbaycanın iqtisadi gücünün az və ya çox olması çıxış
yolu deyil. Səhiyyə sistemini köklü surətdə yenidən qurmaq lazımdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8093