Milli Şura yaxın gələcəklə bağlı qərarlar verib
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi dünən
növbəti yığıncağını keçirib. Milli Şuranın mətbuat katibliyindən
“Azadlıq”a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi
vəziyyət, ötən dövrdə qəbul edilmiş qərarların icrası təhlil edilib,
həmçinin qurumun gələcək fəaliyyət planları müzakirə olunub.
Müzakirələrdə bildirilib ki, Azərbaycan hakimiyyəti siyasi
repressiyaları daha da gücləndirir və ictimai fəallığı boğmaq üçün hər
cür qanunsuzluqlara əl atır, ölkədə siyasi və ictimai fəaliyyəti tamam
yox etmək istəyir. Artıq qapalı zallarda da tədbirlər keçirmək qadağan
edilir, siyasi məhbusların sayı durmadan artır. Nəinki siyasi
təşkilatlara, eləcə də müstəqil QHT-lərə və vətəndaş cəmiyyəti
təmsilçilərinə də basqılar artıb. Milli Şura bu cür siyasi
repressiyaları ölkənin taleyinə ağır zərbələr vuran cinayətlər sayır,
lakin hesab edir ki, son nəticədə hakimiyyət məqsədinə çata və ölkədə
demokratiya hərəkatını dayandıra bilməyəcək.
Koordinasiya Mərkəzi hesab edir ki, bütün basqılara rəğmən Milli Şura
və demokratik təsisatlar fəaliyyətini daha effektli davam etdirməli,
siyasi basqılara, insan haqlarının pozulmasına müqavimət göstərməlidir.
Bununla bağlı yeni təkliflər müzakirəyə çıxarılıb.
Koordinasiya Mərkəzi Milli Şuranın yaxın dönəm üçün fəaliyyət
planlarını da müzakirə edib. Həmçinin qurumun növbəti sessiyasının
keçirilməsilə bağlı təkliflərə baxılıb. Milli Şura Avropa qurumları ilə
bağlı aparılan işi müzakirə edib, siyasi məhbusların azadlığa çıxması,
vətəndaş cəmiyyəti təmsilçilərinə basqıları dayandırmaq üçün tədbirlər
barədə qərar verilib.
Yığıncaqda cari məsələlərlə bağlı da qərarlar da qəbul edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8096