AXCP-nin qərargahı ilə bağlı məhkəmə niyə uzadılır?
AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq, ertəsi gün
sökülən mülkün sahibi Azər Əsgərovun iddiası üzrə 2 saylı Bakı
Inzibati-Iqtisadi Məhkəməsində dünənə təyin olunan məhkəmə iclası baş
tutmayıb. Hakim məhkəmə prosesinin təxirə salınmasının səbəbini
açıqlamayıb. Azər Əsgərov mülkünün qanunsuz sökülməsində Nərimanov Rayon
Icra Hakimiyyətini günahkar sayaraq, məhkəməyə müraciət edib. Iddiaçı
ona dəymiş ziyana görə 3 milyon 500 min manat təzminat ödənilməsini
tələb edir.
Azər Əsgərovun nümayəndəsi, tanınmış hüquqşünas Namizəd Səfərov
“mediaforum”a deyib ki, məhkəmə iclası iyunun 18-nə təyin edilib:
“Müddəti uzatmağın məqsədi məhkəmənin də çıxılmaz vəziyyətdə qalmasından
irəli gəlir. Nərimanov Rayon Icra Hakimiyyətindən gələn nümayəndə
bildirib ki, burada bizə aid heç nə yoxdur, kompensasiya ödəməyi
Fövqəladə Hallar Nazirliyi boynuna götürüb. Məhkəmə qərar qəbul
etməlidir, ancaq yeganə çıxış yolunu vaxtı uzatmaqda görür”.
Azər Əsgərov isə deyir ki, əmlakını ondan icazəsiz, razılığı olmadan
söküblər: “Həmin vaxtdan 3 ay keçib, amma mənə nə kompensasiya, nə də
əşyalarımın pulunu ödəyirlər. Mənzil qanunvericiliyinin 28-ci maddəsinə
əsasən, hər hansı ev partlayış, yanğın kimi hallardan yararsız hala
düşübsə, ev sahibi həmin yeri verilən vaxt ərzində təmir etməli, edə
bilmirsə, bazar qiymətilə satışa çıxarmalıdır. Əgər mülk satılmasa, icra
hakimiyyəti həmin yeri ala bilər. Mülküm məhkəmə qərarı olmadan
söküldüyü üçün Nərimanov Rayon Icra Hakimiyyətini məhkəməyə vermişəm,
maddi-mənəvi təzminat istəyirəm. Tələbimiz odur ki, mənə 2 milyon manat
mülkümün dəyəri, 500 min manat içərisindəki avadanlığın pulu, 1 milyon
manat da mənəvi təzminat ödənilsin. Həyətdəki üç qonşuya ev veriləcəyi
haqda sənəd təqdim edilib. Hamısına aylıq kirayə haqqı da ödənilir. Mən
də kirayədə qalıram, bu vaxta qədər mənə heç nə verilməyib. Mülkü
AXCP-yə qərargah kimi verdiyim, onlardan geri almaq haqda “yuxarıların”
sifarişini yerinə yetirmədiyim üçün sanki mənimlə şəxsi-qərəzlik
edirlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8097