Özəl klinikaların müqavilə fırıldağı
06.06.2014 - 12:50

Azər-Türk-Med klinikasına əməliyyat olunmaq üçün müraciət edən bir pasiyent ona təqdim olunan müqavilənin beynəlxalq tələblərə uyğun hazırlanmadığı iddiası ilə redaksiyamıza müraciət edib. Şikayətçi deyir ki, müqavilə birtərəfli qaydada tərtib olunub, baş verə biləsi hadisələrlə bağlı klinika üzərinə heç bir məsuliyyət götürməyib. Müqavilənin foto-şəklini redaksiyamıza təqdim edən şikayətçinin sözlərinə görə, klinikada müqaviləni ona imzalatdırandan sonra narazılığını bildirsə də, əhəmiyyət verən olmayıb. Klinikanın müqaviləsinin mətnində isə pasiyent adından belə yazılıb: “Mən bildirirəm ki, Azər-Türk-Med klinikasının həkimləri tərəfindən keçiriləcək cərrahi əməliyyatın və həyati riskləri, təhlükələri və meydana çıxa biləcək fəsadları barədə mənə ətraflı məlumat verildi. Buna əsasən mən öz azad iradəmlə bu əməliyyatın keçirilməsinə razılıq verirəm. Əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin, eləcə də meydana çıxa biləcək halların bütün maddi və mənəvi məsuliyyətini öz üzərimə götürərək, Azər-Türk-Med klinikasına və klinikanın həkimlərinə qarşı iddia, şikayət və hər hansı tələblər irəli sürməyəcəyimi bəyan edirəm. Razılığımı da öz imzamla təsdiq edirəm”. Göründüyü kimi, klinika xəstənin səhhəti ilə bağlı heç bir məsuliyyət daşımadığını öncədən bəyan edir, bütün mümkün və qeyri-mümkün hadisələrdən özünü sığortalayır. Bundan başqa, pasiyentə risklər barədə verilən məlumatların da məzmunu qeyri-müəyyən qalır. Doğrudanmı xəstə bütün risk ehtimalları ilə tanış olub?
Beynəlxalq təcrübəyə görə, xəstə əməliyyatöncəsi öz hüquqları və əməliyyat riskləri barədə müfəssəl bilgi almalıdır. Dünya Səhiyyə Təşkilatının rəsmi saytında bu barədə məlumat, eyni zamanda müqavilə qaydaları yerləşdirilib. Müqavilədə klinika və iş icraçısının üzərinə düşən məsuliyyət dönə-dönə vurğulanıb, sənəddə tərəflərin vəzifə və məsuliyyətləri aydın şəkildə qeyd olunub. Məsələ ilə bağlı Azər-Türk-Medlə əlaqə saxladıq. Klinikanın həkimi bildirdi ki, pasiyentlə imzalanan müqavilə yox, razılaşma sənədidir və bu, klinikanın daxili nizamnaməsinə uyğun hazırlanıb: “Hadisə həkim səhvi ucbatından baş verməyibsə, klinika heç bir məsuliyyət daşımır. Ən xırda nüanslar razılaşmada qeyd olunmasa da, bütün bunlar xəstəyə başa salınır. İndiyə kimi bu şərtlərlə razılaşmayan xəstəmiz olmayıb”.
“Bağlanan müqavilələr birtərəflidir”
Faktlar isə göstərir ki, özəl klinikalara qarşı eyni mövzuda narazılıqlar mütəmadi yayılır. Əksər özəl klinikalarda pasiyentlə müalicə müəssisəsi arasında bağlanan müqavilə, yaxud razılıq sənədləri birtərəfli olur və birincinin maraqlarına xidmət edir. Yəni sənəddə pasiyentin hüquq və vəzifələri barədə heç bir müddəa olmur, baş verə biləcək bütün xoşagəlməz hadisələrin məsuliyyəti xəstənin üzərinin qoyulur. Vəkil Janna Bağırova bu mövzuda dəfələrələ məhkəmə çəkişməsinə çıxdığını deyir. Onun sözlərinə görə, özəl klinikalarla pasiyentlər arasında bağlanan müqavilələrin əksəriyyəti tibb müəssisəsi və həkimləri bütün təhlükələrdən sığortalamaq məqsədi daşıyır.
Məsələnin həlli yolunu şablon müqavilələrin hazırlanmasında görən hüquqşünas deyir ki, əməliyyat zamanı pasiyentlə həkim və ya xəstəxana arasında müqavilə bağlanmalı, müqavilədə hər iki tərəfin daşıdığı məsuliyyət ətraflı şəkildə öz əksini tapmalıdır: “Əməliyyata dəqiqələr qalmış sənədi gətirib qoyurlar xəstənin, ya da xəstənin yaxınlarının qabağına ki, formal sənəddir, bunu imzalamalısan. Qarşı tərəf də formal olaraq qol çəkir. Pasiyent sənədin mətnini bir dəfə oxumur ki, görüm həkim niyə belə qorxur, mən bu anlaşmaya imza atmasam o, məni niyə əməliyyata aparmır?!
Demək burda nəsə problem var. Əslində bu, ikitərəfli müqavilə olmalıdır. Bizdə bağlanan müqavilələr birtərəflidir”. Hüquqşünas indiyə qədər xəstə ölümündə günahı sübuta yetirilmiş həkimlərin bir çoxunun məhz birtərəfli müqavilələr ucbatından məsuliyyətdən yaxa qurtara bildiyini deyir. Nazirliyin səlahiyyəti çatmayan məsələ “Əməliyyatdan öncə əməliyyatın mümkün fəsadları xəstəyə başa salınır. Xəstə bunları bildikdən sonra razılıq verir. Bu, bəs eləyir”. Bunu isə plastik-cərrah, “Aybukə Qələndər” klinikasının həkimi Vaqif Qələndərli deyir. Həkim əməliyyatdan öncə mütləq şəkildə xəstə ilə müqavilə imzaladıqlarını bildirdi: “Cərrahiyyə əməliyyatları zamanı bütün dünyada olduğu kimi xəstələrlə müqavilə bağlayırıq. Dünya praktikasına əməl edirik”.
Cərrah deyir ki, müqavilənin bəndləri əməliyyatların dərəcələrinə görə müxtəlif ola bilər: “Müqaviləni xəstəxana hazırlayır, bəndləri tək-tək xəstələrə oxudub imzaladan ayrıca personalımız var. Gözlənilən risklər, fəsadlar barədə ətraflı məlumat veririk. Xəstə bunu qəbul etdiyi təqdirdə sənədi imzalayır və əməliyyat başladılır”.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə göndərdiyimiz sorğunun cavabında isə bildirdilər ki, müqavilələr özəl klinikaların daxili nizamnaməsinə uyğun hazırlandığından nazirlik bu işə müdaxilə etmir: “Özəl klinikalar bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir və onların maliyyə məsələləri bazar iqtisadiyyatı ilə tənzimlənir. Eyni zamanda özəl tibb müəssisələrinin maliyyə məsələlərinə qarışmaq Səhiyyə Nazirliyinin səlahiyyəti xaricindədir. Budan əlavə, klinika ilə vətəndaş arasında müqavilənin bağlanıb-bağlanmaması hər iki tərəfin şəxsi mövqeyidir”

Short URL: http://www.cumhuriyyet.net/?p=8103