Ukrayna uğrunda döyüşə könüllü dəstək barədə
Bölgədə Rusiyanın aqressiyasını poza biləcək böyük bir güc var
İsa Sadıqov
Rus, Ukrayna, eləcə də Azərbaycan mətbuatında çeçen mücahidlərinin
xüsusi bir batalyon yaradaraq mənim rəhbərliyim altında Ukraynanın
müdafiəsi uğrunda döyüşə qatılacağım haqqında xəbərlər yayılıb. Bu
xəbərlər boş yerdən ortaya çıxmayıb. Belə ki, hələ Ukraynada hərbi
kampaniya başlamazdan əvvəl çeçen mühacirləri (onların, demək olar ki,
hamısı Rus- çeçen savaşında iştirak etmiş adamlardır) belə bir
təşəbbüslə çıxış etdilər. Bu barədə onlara məxsus olan xəbər saytlarında
geniş bilgilər var və orada mənim də qərargah rəisi olacağım haqqında
məlumat var.
Bundan sonra (bu xəbərlə ilgisi olub-olmadığının məsələyə o qədər də
aidiyyəti yoxdur) mən Ukraynaya getdim və bir müddət orada oldum. Bu
həmin vaxt idi ki, ruslar Krımı ilhaq edirdilər və hər zaman hərbi
toqquşmanın başlaya biləcəyi gözlənilirdi. Mən Ukraynada demək olar ki,
bütün rəsmi şəxslərlə görüşdüm. Eyni zamanda Ukraynanın hərbi imkanları
ilə də maraqlandım. Krımın ilhaqını önləmək olardı, ya yox, bu məsələyə
də toxunmaq istəmirəm. Yeni rəhbərlik müəyyən tərəddüdlər qarşısındaydı
və əgər həmin tərəddüdlər aradan qalxmasaydı, şübhəsiz, bu gün savaşın
mərkəzinə çevrilən Donetsk və Luqansk vilayətləri də Rusiyanın tərkibinə
keçə bilərdi.
Çeçen mühacirlərinin təşəbbüsü qısa müddətdə genişləndi və oraya
Gürcüstan, Azərbaycan və bir sıra başqa ölkələrdən olan, döyüş təcrübəsi
olan veteranlar qoşuldu. Əgər bu təşəbbüs tətbiq olunsa çox güclü, əla
döyüş təcrübəsi olan çox ciddi bir hərbi güc formalaşdırmaq olar.
Amma mən o zaman bu təşəbbüsü irəli sürənlərə də bildirmişdim ki, biz
bu addımları yalnız o halda gerçəkləşdirə bilərik ki, Ukrayna hökuməti
buna razılıq versin (yaxud da, bu, qaçılmaz bir zərurətə çevrilmiş
olsun).
Bu ideya zaman-zaman bir faktla daha da alovlanırdı ki, Ramzan
Kadırovun hansısa dəstələrinin Ukraynada ruslar tərəfdən döyüşə
qatıldığı barədə xəbərlər ortaya çıxırdı. Bu məsələyə dərhal münasibət
bildirmək istəyirəm. Hesab edirəm ki, ruslar Ramzan Kadırova və ya hər
hansı başqa bir çeçen liderə güvənib Ukraynaya qarşı silahlı çeçenləri
çıxarmaz. Belə bir hərbi dəstə rus gücləri ilə birlikdə döyüşməz.
Təsəvvür edin. Axı Rusiya çeçenləri və başqa Şimali Qafqaz xalqlarını
həqiqi hərbi xidmətə çağırmır və onların ordunu demoralizə edə
biləcəyindən qorxur. İndi çeçenləri kütləvi şəkildə Ukraynaya qarşı
silahlandırmağa, onların rus işğalçı birlikləri sırasına qatmağa
Rusiyanın cürəti yetərmi? Qətiyyən yox. Ukraynada epizodik şəkildə
hansısa çeçenlərə rast gəlmək olar. Onların orada hansı işlərlə
uğraşdığını deyə bilmərəm, amma faktlardan biri budur ki, Ukraynadakı
rus separatçılarından biri, ən təhlükəli terroristlərin siyahısında olan
“Babay” ləqəbli rus liderini çeçen silahlıları mübahisə zəminində
zorlayıblar. “Babay” bu fakt barədə şikayət edib və deyəsən cinayət işi
də qaldırılıb. “Vostok” adlı bir batalyonun bütövlükdə oraya
yeridilməsi isə Rusiyaya bağlı bütün birliklərin komandirlərinin və
digər nüfuzlu simalarının rənginin dəyişməsinə səbəb olardı.
Çeçen birliklərinin Ukraynaya qarşı savaşa göndərilməsini Putunçi
medya təbliğ edir. Bu, həm də onun göstəricisidir ki, Rus ordusunun heç
bir nüfuzu qalmayıb və Rusiya öz düşmənlərini çeçenlərlə qorxutmağa
başlayıb.
İkinci məsələ. Ukrayna liderləri, nəhayət qərara gəldilər ki, Şərqi
Ukayna söhbətini daha ciddi səviyyədə müzakirə predmetinə çevirsinlər.
Və bu areal NATO-nun hərbi-siyasi maraq zonasına daxil edildi. İndi
orada qızğın döyüşlər gedir və mən şübhə etmirəm ki, o ərazilərin
terrorçulardan azad edilməsi üçün Ukraynanın hərbi imkanları var, siyasi
qərar isə gec də olsa, artıq çoxdan verilib.
Biz Ukrayna liderlərinə onlarla bir yerdə olmaq və birgə mübarizə
aparmaq təklifimizi səsləndirəndə onlar buna sevindilər, əlbəttə. Eyni
zamanda, bu cür təkliflər Ukraynanın yeni liderlərinə əlavə mənəvi güc
verməmiş deyildi. Bu, bütün hallarda belə olur. Şübhəsiz, bz oraya daxil
olsaydıq, hadisələr başqa məcrada davam edərdi. Bəlkə də, hərbi
baxımdan daha uğurlu kampaniya aparmaq olardı, amma siyasi baxımdan
bunun effektinin adekvat ola biləcəyini birmənalı söyləyə bilmərəm. Bu
faktdan Rusiya Ukraynaya qarşı ciddi yararlana bilərdi. Ukraynaın indiki
qədər sıx və geniş beynəlxalq müttəfiqləri olmaya bilərdi və s..
Bu təşəbbüs Ukraynaya ciddi mənəvi dəstəyin ifadəsi oldu və bunu qeyd
etdim. Eyni zamanda, Rusiya da bu faktoru hər zaman nəzərə almalı
olacaq ki, onun yaxın qonşularında demokratik hərəkatlara qarşı hərbi
təxribatlar yolu ilə reaksiya vermək istəkləri qarşısında adekvat cavab
ala bilər. Bu cavab Rusiyanın təxribatlarını onun öz əraziləri daxilinə
ata bilər. Söhbət, yalnzı Ukraynaya dəstəkdən yox, Rusiyanın “geopolitik
maraqlar” adı ilə cilovlamaq istədiyi bütün xalqların azadlıq
istəklərinə münasibətdən gedir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8151