İcra başçısının birinci müavini qəsəbə camaatının yolunu kəsib
Tovuzun Qovlar qəsəbəsində mövcud problemlərdən biri ilə bağlı ötən gün
yazı dərc etmişdik. Bu gün isə sakinlər yerli məmurların əlindən
çəkdikləri müsibətlərdən daha biri barədə məlumat veriblər.
Tovuz rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov qəsəbənin əsas
yollarından birini bağlayıb. Belə ki, özünə kəhkəşanlı villa tikdirən
birinci müavin əvvəllər yolun birləşən nöqtəsində dəmirdən olan balaca
köşkü “restavrasiya” edərək, onu aqlayla üzləyib. Daha sonra isə bu
“üzləmə əməliyyatı” bütün yolun bağlanmasına və hasar şəkili almağa
başlayıb. İndi isə qəsəbə sakinləri Mahir Həsənovun evinin qarşısından
keçərək, digər yola çıxmaq imkanından məhrum olublar.
Qeyd edək ki, Mahir Həsənovu Tovuzda daha çox “tenderlər kralı” kimi
tanıyırlar. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Tofiq
Zeynalovun himayəsi altında rayonda həyata keçirilən bütün tenderlərə
şərik olan müavini külli miqdarda dövlət vəsaitini mənimsəməkdə də
ittiham edilir. Hətta onun bu yaxınlarda rayonda tamet istehsal edən,
lakin heç bir sənədi olmayan sexlə “müqavilə” bağladığı da deyilir.
Həmin “müqavilə”yə əsasən sexin istehsal etdiyi məhsulları ucuz qiymətə
alan müavin, onu baha qiymətə sənədləşdirərək dövlətə satıb. Və onun bu
kimi əməllərinin sayının həddən artıq çox olduğu deyilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8161