Zaman bizi Elçibəydən uzaqlaşdırdıqca…

İyunun 7-i Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəyin prezident
seçildiyi gündür. Bununla əlaqədar AXCP sədri Əli Kərimli özünün facebook səyfəsində Elçibəylə haqda fikirlərini paylaşıb. Əli Kərimli yazır:
“Azərbaycanda ilk demokratik seçkidə Əbülfəz Elçibəyin prezident
seçilməsindən 22 il keçir. Əbülfəz Elçibəy Azərbaycan tarixinin ən böyük
şəxsiyyətlərindən biridir. Əlbəttə, cəmiyyətdə Elçibəyin xeyli
tənqidçisi də var və biz həmin insanların bu tarixi şəxsiyyətə tənqidi
yanaşmaq hüququna hörmət edirik. Əminəm ki, zaman bizi Əbülfəz bəydən
uzaqlaşdırdıqca, onun millətimiz qarşısında xidmətlərini daha yaxşı dərk
edəcəyik.
Əbülfəz bəy Sovet İttifaqının dünyanın iki supergücündən
biri olduğu, yüz milyonlarla insanı zombiləşdirdiyi o ağır zamanlarda
(ötən əsrin 70-ci illərində) anti-Sovet fəaliyyətinə, Azərbaycanın
müstəqilliyini təbliğ etdiyinə görə siyasi məhbus həyatı yaşamış yeganə
azərbaycanlıdır. Milli şüurumuzun formalaşmasında, milli özünüdərkimizdə
Əbülfəz bəyin rolu əvəzsizdir. Əbülfəz Elçibəy Azərbaycanın dövlət
müstəqilliyinin bərpasına nail olmuş Milli Azadlıq Hərəkatının şəriksiz
lideri və ölkəmizin azad, ədalətli seçkilərdə seçilmiş ilk prezidenti
kimi də tariximizdə şərəfli bir yer tutur.
Əbülfəz bəy ölkənin
prezidenti olduğu bir il ərzində də çox mühüm islahatlar həyata keçirdi.
Ölkəmizdən Rusiya qoşunlarının çıxarılması, ali təhsil müəssisələrinə
qəbulun test üsulu ilə keçirilməsi, işğal olunmuş Qarabağ ərazisinin
40%-ə qədərinin azad edilməsi onun fəaliyyətinin ən parlaq
nəticələrindən idi. Əbülfəz Elçibəy özünün və komandasındakı bir çox
silahdaşlarının yüksək dövlət vəzifələrində rüşvətə, korrupsiyaya
bulaşmadan çalışmaları ilə biz azərbaycanlıların, guya, az qala genetik
olaraq rüşvətə meylli olmağımız barədə yaradılmış mifi darmadağın etdi.
Allah
Əbülfəz Elçibəyə rəhmət eləsin! Bu millətə də kömək olsun ki,
demokratik qaydada rəhbər seçmək hüququnu yenidən özünə qaytarsın!”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8183