Anar Məmmədovun dostu Barak Obamaya “fəlakət” adı verdi

08.06.2014 - 00:01

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar
Məmmədovun Vaşinqtondakı lobbi təşkilatı Amerika Azərbaycan Alyansının
idarə heyətinin sədri olan keçmiş respublikaçı konqresmen Dan Barton
“The Washington Times” qəzetində ABŞ prezidenti Barak Obamanın xarici
siyasətini kəskin tənqid edərək ona “fəlakət” adı verib.

İndiana
ştatından keçmiş konqresmen, ABŞ Konqresindəki Azərbaycan dostluq
qrupunun da keçmiş üzvü olan Dan Barton Obamanın xarici siyasətinin
“fəlakət siyasəti” olduğunu yazır. Keçmiş konqresmen bildirir ki, Obama
bütün dünya boyu xaosa səbəb olub.

“Prezident Obamanın xarici siyasəti fəlakətdir. O, danışır, ancaq hər
şeyi danışmır. Danışdıqlarının isə heç bir çəkisi yoxdur. Niyə? Gəlin
onun çıxışının lent yazısına baxaq” deyə D.Barton Obamanın bu günlərdə
Vest-Point hərbi akademiyasında Birləşmiş Ştatların xarici siyasətinə
qarşı tənqidlərə cavab olaraq etdiyi çıxışa toxunaraq yazıb.

D.Barton yazır ki, Obama və onun komandası İraqda təhlükəsizliklə
bağlı çətinliklə də olsa əldə edilmiş uğurlardan bəhs edib. Ancaq İran
yenidən anarxiya həddindədir. “Fəlakət” deyə keçmiş konqresmen
vurğulayır.

D.Barton Obamanın Əfqanıstandakı müharibəni udmağa
hazırlaşdıqlarından danışdığını xatırladır: “Əslində isə o heç nəyi
udmağa hazırlaşmır. Əfqanıstanda təhlükəsizlik beynəlxalq qüvvələrin
yeridilməsində olduğu kimi ciddi problemdir. ABŞ Əfqanıstana 13 il sərf
edib və biz oranı tərk edəndə taliblər “Əl-Qaidə” ilə birləşib yenə
hakimiyyəti götürəcəklər. Prezident həmçinin “Əl-Qaidə”nin boğazının
kəndirdə olduğunu demişdi. Ancaq “Əl-Qaidə”nin bayrağı bu gün 2001-ci
ilin 11 sentyabrına qədər olan vaxta nisbətən Yaxın Şərqdə, Mərkəzi
Asiyada və Afrikada getdikcə daha çox şəhərdə dalğalanır. ABŞ kəşfiyyatı
bu yaxınlarda “Əl-Qaidə”nin Amerikanın və Avropanın şəhərlərinə hücum
etmək təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bütün bunlar “Əl-Qaidə”nin
boğazının kəndirdə olduğuna dəlalət etmir. Daha bir fəlakət” deyə
D.Barton yazır.

Keçmiş konqresmenə görə əvvəl Birləşmiş Ştatların müttəfiqi və Yaxın
Şərqdə stabilləşdirici qüvvə olan Misir ya vətəndaş müharibəsi
ərəfəsindədir, ya da hakimiyyətdəki hərbi diktatura daha çox Rusiya ilə
işləyir. Bu da növbəti fəlakət.

D.Barton Obamanın Konstitusiyaya və Konqresə məhəl qoymadan Liviyada
müharibəyə girdiyini yazır. “O, öz fantaziyalarına o qədər güclü inanır
ki, Liviyada vəziyyətin stabilləşdiyi haqda danışır. Ancaq Liviya uğur
deyil, orada vəziyyət o dərəcədə qeyri-stabildir ki, Pentaqon
amerikalıların mümkün evakuasiyası üçün hərbi güc və vasitələri hərəkətə
keçirib. Fəlakət” deyə keçmiş konqresmen tənqidlərini davam etdirir.

D.Bartona görə Obamanın Suriya siyasəti də fəlakətdir. Suriyada
əvvəlcə dünyəvi etiraz kimi başlayan münaqişədə təşəbbüsü radikal
islamçılar ələ aldı. Bəzi məlumatlara görə amerikalılar da Suriyada
cihadçılara qoşulub.

Keçmiş konqresmen Obamanın xarici siyasətinin növbəti fəlakəti kimi
İranla müvəqqəti nüvə anlaşmasını göstərir. Bu anlaşmanın müddəti iyulda
başa çatır, ancaq İran prezidenti Həsən Ruhani bu günlərdə bildirib ki,
onun ölkəsi yekun nüvə razılaşması imzalamağa hazırlaşmır. “Obama
administrasiyası isə İranın dondurlmuş aktivlərinin 7 milyard dollarını
azad edib və bu pullar əvvəlki kimi terrorçuluğu dəstəkləyən ölkənin
büdcəsinə gedib. İran əvvəlki kimi Bəhreyn, Küveyt, İraq və Azərbaycan
kimi ölkələri qarışdırmaq üçün fəal işləyir. O, “Həmas” və “Hizbullah”ın
köməyi ilə bizim Yaxın Şərqdəki əsas müttəfiqimiz İsraili məhv etmək
üçün fəal iş aparır. İran həmçinin ABŞ-ın 5-ci donanmasına qarşı
səylərini də gücləndirib və strateji əhəmiyyətli Hörmüz boğazını
bağlamaq potensialını artırıb. Fəlakətdir”deyə Dan Barton yazır.

D.Barton əlavə edir : “Ukraynada Rusiya prezidenti Vladimir Putin
açıq şəkildə bizi lağa qoyur. Fəlakətdir”. Keçmiş konqresmen Şimali
Koreyanın Cənubi Koreyaya qarşı təhdidlərini artırdığını və yeni nüvə
sınağı keçirməyə hazırlaşdığını xatırladır, bunu Obamanın xarici
siyasətinin növbəti fəlakəti adlandırır.

Yaxud D.Bartona görə Dövlət Departamenti vaxtilə Nigeriyada fəaliyyət
göstərən “Boko Haram” qruplaşmasını terrorçular siyahısına daxil etmək
istəmirdi və buna mane olurdu. İndi isə bu qruplaşma 275 məktəbli qızı
oğurlayıb və ciddi regional təhdidə çevrilib. “Fəlakətdir” deyə keçmiş
konqresmen yazır.

Nəhayət Dan Barton Obamanı dünyanın ən təhlükəli terrorçularından
beşini amerikalı fərariyə dəyişdiyini bildirir, bunu fəlakətlərdən
böyüyü adlandırır. “Belə görünür ki, Obama administrasiyası başını hara
çevirsə orada növbəti fəlakət baş verəcək. Düşmənlərimiz bizə gülür və
müttəfiqlərimiz artıq bizə etibar etmir, sözümüzün üstündə duracağımıza
inanmır. Xarici siyasət problemlərinin həlli liderlik və dövlət
idarəçiliyi tələb edir. Cənab Obama isə bunların heç birini nümayiş
etdirməyib” deyə Dan Barton tənqidi məqaləsini yekunlaşdırır.

Qeyd edək ki, Dan Barton Konqresin xarici işlər komitəsinin üzvü,
onun Avropa və Avrasiya üzrə alt komitəsinin sədri olub. O, 2013-cü ilin
fevralında Azərbaycan-Amerika Alyansının idarə heyətinin sədri təyin
edilib. Anar Məmmədov bu təyinatı əsaslandırarkən bildirmişdi ki, Avropa
və Avrasiya işləri üzrə Alt komitənin sədri kimi Barton Azərbaycan
prezidenti və onun yüksək vəzifəli məmurları ilə möhkəm əlaqələr qurub,
Konqresdə fəaliyyəti ərzində Azərbaycana səfərlər edib. 2005-ci ildə
Nümayəndələr Palatasının iclas zalında Barton 1992-ci ildə Xocalıda
azərbaycanlıların kütləvi qətliamını pisləyən ilk konqresmenlərdən biri
olub. Konqresdə fəaliyyəti zamanı Barton ABŞ-ın xarici siyasətinin
formalaşmasında, o cümlədən ticarət və xarici yardımlar üzrə siyasətində
rol oynayıb. “Azərbaycan-Amerika Alyansı Bartonun İdarə Heyətinin sədri
olması ilə fəxr edir” deyə, A.Məmmədov bildirirdi.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=8192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31