Generala yaraşmayan açıqlamalar
“General rütbəsi daşıyan şəxslərin bu qədər səviyyəsiz açıqlamaları təəssüf hissi doğurur”

Son günlər mətbuatda bəzi generallarımızın açıqlamaları dərc olunur və bu açıqlamalarda səslənən fikirlər insanı məyus edir.
Məsələn, Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş
komandiri, general-mayor Mahmud Həmzəyev “Publika.az” saytına müsahibə
verib. Jurnalistin, “Sizin yaxın vaxtlarda həbs ediləcəyiniz və sizə
qarşı yoxlamaların aparılması barədə məlumatlar yayılmışdı” fikrinə,
general belə cavab verir: “Kim yazırsa, cəhənnəmə yazsın. Axı kimi
yoxlayırlar? Nə üçün yoxlayırlar? Onu yazan heyvan bilmirmi ki, generalı
nə üçün yoxlayırlar? Mən 5 ildir ki, təqaüdə çıxmışam. Onu yazanlar
uzunqulaqlardır. Axmaq adamlardır, yazırlar da”.
Yaxud keçmiş hərbi komissar, general Əliağa Hüseynovun jurnalistlərə
qarğış etməsi ilə bağlı xəbərlər yayıldı. Belə ki, Əliağa Hüseynovun
səhhətindəki problemlərlə bağlı Türkiyəyə getməsi barədə məlumat
yayılıb. General isə, “mənə xəstə deyənin anası xəstədir” deyə haqqında
yazılanlara cavab verib.
Ümumiyyətlə, general rütbəsi daşıyan, mühüm postlar tutmuş adamların,
bu səpgili açıqlamaları təəssüf doğurur. Əgər bir jurnalistin
yazdıqlarına bu cür münasibət göstərilirsə, bu adamların tabeliyində
olan əsgərlərin hansı mənzərə ilə üzləşdiklərini təsəvvür etmək çətin
deyil.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki,
generalların özünü bu səviyyədə ictmaiyyətə təqdim etməsi təəssüf
doğurur və tərbiyəsizlik kimi qəbul edilir: “Mən Mahmud Həmzəyevin
açıqlaması ilə tanış oldum və general rütbəsi daşıyan bir şəxsin bu
qədər səviyyəsiz fikirlər səsləndirməsi yolverilməzdir. Ictimaiyyətə,
mətbuata belə fikirlər səsləndirən şəxsin, başqa əməllərindən danışmaq
artıqdır. Bu həmin Mahmud Həmzəyevdir ki, Beyləqanda hərbi hissə
komandırı olarkən, tabeliyində olan zabitin ona yaxınlaşıb, ailə
vəziyyəti ilə bağlı evə buraxılmağını xahiş edəndə “mən general ola-ola
bilmirəm ki, ailəm hardadır” cavabını vermişdi. Yaxud Şahin Sultanovla
bağlı suala “o hara, mən hara” cavabını verir. Müqayisə edəndə Şahin
Sultanov da general-leytnantdı və Mahmud Həmzəyevin həmişə qucaqlaşıb
görüşdüyü adamdı.
Əliağa Hüseynovun açıqlaması da təəssüf doğurur və generala yaraşmayan ifadə formaları işlədir.
Bildiyiniz kimi, bir neçə gündən sonra Silahlı Qüvvələrin yaranması
günü qeyd ediləcək və yeni generallar silahlı qüvvələrə təqdim olunacaq.
Yaxşı olardı ki, həmin adamlara rütbə verməzdən öncə onların mənəvi
durumu, davranışı, səviyyəsi yoxlanılsın”.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8210