Həkim səhvi uşağı Əzrayılın cənginə verdi…
Azərbaycanda ağır xəstəliklərə düçar olanların işi Allaha qalıb
Bakı sakini olan 8 yaşlı Şəhriyar Əliyevin valideynləri elə bir
duruma düşüblər ki, bu düyünü nə dişləri ilə aça bilirlər, nə də
dırnaqlarıyla. Təsəvvür edin, bu balacanın yaşaması üçün ailəyə nə az,
nə çox – 250 min avro pul lazımdır. Övladının müalicəsinə görə bu günə
qədər hətta evini də satmış valideynlər üçünsə həmin vəsaiti
tapıb-düzəltmək mümkünsüz görünür.
Ölümün caynağında olan 8 yaşlı uşaq
Ən dəhşətlisi budur ki, balaca Şəhriyar həkim səhvi üzündən ölümlə
mübarizə aparmaq məcburiyyətində qalıb. Bu, rəsmi şəkildə də
təsdiqlənib. Amma indi nə həmin həkim bu ailəyə yardım göstərmək
istəyir, nə də dövlət…
Övladının başına gələnlər barədə “Azadlıq”a danışan Şəhla Kərimova
deyir ki, 2011-ci il avqustun 8-də azyaşlı oğlu Şəhriyar Əliyevi Nəsimi
rayonunda yerləşən 3 saylı uşaq poliklinikasına aparıb. Poliklinikanın
həkimi Fəryal Əliyeva uşağı müayinə edib və soyuqladığını bildirib. Sahə
həkimi 4 gün ərzində 8 ampula antibiotik təyin edib. Qısa müddətdə
azyaşlıya bu qədər antibiotikin vurulması şok effekti verib: “Gördük ki,
uşağın vəziyyəti gündən günə pisləşir. Bakıdakı həm dövlət, həm də özəl
xəstəxanalara müraciət elədik. Amma heç yerdə çarə tapılmadı. Məcbur
olub Irana apardıq. Bir xeyli müayinələrdən sonra xəstəliyin səbəbi
bəlli oldu. Sən demə, sahə həkimi uşağa səhv müalicə təyin edibmiş.
Dərmanlar uşağın dalağında zədə əmələ gətirib. Indi övladımda sağalması
çətin olan xəstəlik əmələ gəlib”.
Şəhla Kərimova deyir ki, balaca Şəhriyarın müalicəsi indi yalnız
Danimarkada mümkündür: “Dedilər ki, müalicə Azərbaycanda mümkün deyil.
Biz də bir neçə ölkənin xəstəxanalarına müraciət etdik, araşdırma
apardıq. Məlum oldu ki, müalicə yalnız Danimarkada mümkündür. Xərci də
ən azı 250 min avrodur. Bu müddətdə Şəhriyarın müalicəsinə görə evimizi
də satmışıq”.
Səhiyyə Nazirliyi Şəhriyar Əliyevin valideynlərinin
şikayətiniГїaraşdırıb. Nazirlik də təsdiqləyir ki, xəstə uşağın müalicəsi
həqiqətən də səhv aparılıb. Buna görə 3 saylı poliklinikanın həkimi
Fəryal Əliyevaya şiddətli töhmət verilib. Nazirlik bununla da işini
bitmiş sayıb.
Şəhla Kərimovanın sözlərinə görə, xeyli şikayətlərdən,
əzab-əziyyətdən sonra Səhiyyə Nazirliyinin nümayəndəsi gələrək, uşağın
sənədlərini götürüb gedib. Elə o gedən olub…
Ananın sözlərinə görə, Şəhriyar vaxtında əməliyyat olunmasa, onun yaşamasına ümid yoxdur.
Dövlət xaricdə müalicəyə kimləri göndərir?
Azərbaycanda insanların həkim səhlənkarlığı, qeyri-peşəkarlıq üzündən
əlil olması, dünyasını dəyişməsi halları çox ciddi problemdir. Amma
deyəsən, dövlət bu problemi bir o qədər ciddiyə almır. Əks halda, bir
adamı ölümlə üz-üzə qoymuş həkimə şiddətli töhmət verməklə
kifayətlənməzdilər.
Məsələnin başqa bir tərəfi də var; ümumiyyətlə, dövlət ağır
xəstəliklərə tutulmuş, bahalı müalicəyə ehtiyacı olan vətəndaşlarına
sahib çıxmalı deyilmi?
Son vaxtlar Azərbaycanda bu cür xəstələrlə bağlı pulyığma
kampaniyalarının aparılmasına tez-tez rast gəlirik. Bəzən belə
kampaniyaların ictimai səs-küyü o qədər böyük olur ki, tanınmış
incəsənət adamları, siyasətçilər, deputatlar da kampaniyaya qoşulur. Bu
cür kampaniyalar əsasən sosial şəbəkələrdə aparılır. Aparılan
kampaniyanın gücündən asılı olaraq, müəyyən qədər vəsait də toplanılır.
Bəzi hallarda, hakimiyyətdə təmsil olunan və ya onların yaxınlarından
biri çıxıb, hansısa xəstənin müalicəsini üzərinə götürür. Amma bu,
vəziyyətdən çıxış yolu sayıla bilərmi? Nəzərə almaq lazımdır ki, ölkədə
ağır xəstəlikdən əziyyət çəkən, lakin maddi imkansızlıq üzündən müalicə
oluna bilməyənlərin heç də hamısı problemlərini ictimailəşdirə, mediaya,
sosial şəbəkələrə çıxara bilmir. Bəs belə biçarələrin durumu necə
olsun? Üstəlik, onların sayı az da deyil, minlərlədir.
Səhiyyə Nazirliyinin tərkibində 2005-ci ildən Vətəndaşların
respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya
fəaliyyət göstərir. Məlumata görə, hər il bu komissiyaya orta hesabla
2200-2500 xəstə xaricdə müalicə üçün müraciət edir. Bu müraciətlərin isə
uzağı 5 faizinə müsbət cavab verilir. Həmin xəstələr də əsasən qonşu
ölkələrə – Iran, Rusiya, Türkiyə, eləcə də Ukraynaya göndərilir.
Ümumiyyətlə, xaricdə müalicəyə ehtiyacı olanları dövlət hesabına iki
nazirlik göndərə bilər – Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi. Maraqlıdır ki, bu qurumlar da məhz xaricdə müalicə
məqsədilə ayrılan vəsaitin məbləği, eləcə də müalicəyə göndərilən
adamların kimliyi barədə məlumatları açıqlamaq istəmirlər. Adıçəkilən
nazirliklər vətəndaşların müalicə məqsədilə xaricə göndərilməsinə dövlət
büdcəsindən ayrılan vəsait haqda da hər hansı məlumat vermirlər. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, bunu ayrıca
müəyyənləşdirmək çətindir, çünki həmin məbləğ ümumilikdə nazirliyə
ayrılan vəsaitə daxildir. Səhiyyə Nazirliyindən isə bildirirlər ki,
ümumiyyətlə, xarici ölkələrdə müalicə üçün ayrıca vəsait nəzərdə
tutulmayıb. Sadəcə, müəyyən ölkələrlə razılaşmalar var və qarşılıqlı
anlaşma nəticəsində vətəndaşlar həmin ölkələrə müalicəyə göndərilir.
Xaricə müalicəyə göndərilən şəxslərin adları açıqlanmaması müəyyən
söz-söhbətlərə səbəb olur. Belə fikirlər səslənir ki, bu imkan daha çox
müvafiq strukturlarda yaxını, tanışı olanlar üçün əlçatandır.
Neft pullarından xəstə vətəndaşlara düşən pay
Göründüyü kimi, dövlət hesabına xaricdə müalicə çox az adamlar üçün əlçatandır. Bəs belə bir vəziyyətdə çıxış yolu nədir?
Bu yaxınlarda AXCP sədri Əli Kərimli bu məsələ ilə bağlı hökumətə
çağırış etmişdi. Əli Kərimli xaricdə müalicəsi zəruri olan ağır
xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaradılması təklif
edirdi.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da bənzər təkliflə çıxış
etmişdi. Hüquq müdafiəçisi xaricdə müalicəyə ehtiyacı olanlar üçün
Dövlət Neft Fondundan vəsaitin ayrılmasını mümkün sayır.
“Eyni zamanda, ilkin vəsaiti Neft Fondundan ayrılmaqla digər bir fond
da yaratmaq olar. Insanlar illərdir neftdən gələn pullardan
bəhrələnəcəyini gözləyirdi. Neft Fondundan müəyyən vəsaitin ayrılması
şərti ilə fond yaradıla bilər. Daha sonra imkanı olan şəxslər o fonda
vəsait köçürsün. Belə fondun yaranmasına ciddi ehtiyac var”, – deyə
hüquq müdafiəçisi mətbuata açıqlamasında bildirib.
Mirvari Qəhrəmanlı onu da qeyd edir ki, normal ölkələrdə insanların
tibbi sığortası var. Daha imkansız insanlara isə bələdiyyələr və digər
dövlət qurumları kömək edir.
Məmurların marağı vətəndaşların başına bəladır
Tibbi sığortadan söz düşmüşkən, bu, Azərbaycanda uzun illərdir,
düyünə düşmüş məsələlərdən biridir. Təsəvvür edin, az qala, 15 ildir
qanun var, amma hələ də tətbiq olunmur.
Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul
olunub.Гї2008-ci ildə bu qanuna bəzi əlavə və dəyişikliklər edilib.
2008-ci ildə həmçinin tibbi sığortanın tətbiqini sürətləndirmək
məqsədilə dövlət başçısı Nazirlər Kabineti yanında Dövlət Tibbi Sığorta
Agentliyinin yaradılması barədə sərəncam imzalayıb. Amma üstündən beş il
keçsə də, prezidentin sərəncamı icra olunmadan kağız üzərində qalıb.
Yeri gəlmişkən, tibbi sığortaya dövlət büdcəsindən 2009-cu ildə 50
milyon manat, 2010-2011-ci illərdə 30 milyon manat ayrılsa da, vəsait
istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılıb.
Tibbi sığortanın tətbiqi azsaylı problemlərdəndir ki, hətta hökumət
səviyyəsində də etiraf olunur, vaxtaşırı dilə gətirilir. Məsələn, bir
müddət əvvəl parlamentdə Milli Məclisin sosial siyasət komitəsinin sədri
Hadı Rəcəbli “Tibbi sığorta haqqında” qanunun hələ də tətbiq
olunmamasından narahatlığını ifadə etdi. O, hökuməti bu sahədə konkret
addımlar atmağa çağırdı: “Bu qanun 1999-cu ildə qəbul edilsə də, hələ də
işləmir. Qanuna əsasən, Azərbaycanda səhiyyə sığortasını həyata
keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılmalı, agentliyin
əsasnaməsi hazırlanmalı idi. Nə agentlik yaradılıb, nə hökumətə
əsasnamə verilib. Qanunu qəbul etmişiksə, onu tətbiq etməliyik. Kimə
deyirsənsə, deyir ki, ağır məsələdir. Hansı məsələ ağır deyil ki? Körpü
çəkmək, yol salmaq asandır ki?”
Ardınca digər deputat Fuad Muradov eyni problemi qaldırdı. Bildirdi
ki, tibbi sığorta sistemi müalicəsi xaricdə mümkün olan xəstələrlə bağlı
bəzi məsələləri həll etməyə imkan verəcək: “Bizim ölkədə müəyyən ağır
xəstəlikləri və ya Azərbaycanda müalicəsi olmayan xəstələri xaricə
göndərən xüsusi qurum var. Müraciətlər də çoxdur. Onlar da
şikyətlənirlər ki, bütün müraciətlərə baxa bilmirlər. Tibbi sığorta olan
zaman bunun da həllinə nail ola bilərik”.
Tibbi sığorta sahəsndə xeyli araşdırmalar aparmış ekspert Azər
Mehdiyev hesab edir ki, bu günə qədər “Tibbi sığorta haqqında” Qanunun
qüvvəyə minməməsi, Dövlət Tibbi Sığorta Agentliyinin yaradılmaması
hökumətdə maraqların toqquşmasından irəli gəlir: “Icbari tibbi sığorta
böyük vəsaitlərin dövr elədiyi mexanizmdir. Ona görə də ayrı-ayrı dövlət
qurumları bu mexanizmin onun tərkibində fəaliyyət göstərməsini istəyir.
Məsələn, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və s. Bu cür
maraq konflikti qanunun qüvvəyə minməsini ləngidir”.
Ekspert deyir ki, icbari tibbi sığortanın tətbiqi çətin həyata keçən
prosesdir, amma cəmiyyət üçün çox vacibdir: “Bu, səhiyyə sistemindəki
hərc-mərcliyin, korrupsiyanın aradan qaldırılmasına müəyyən qədər kömək
edə biləcək. Məsələn, bu gün xəstə həkimin yazdığı dərmanların onun üçün
nə qədər xeyirli olub-olmadığını bilmir. Həkim də istədiyi dərmanları
yazır. Amma Tibbi Sığorta Agentliyini mövcud olsa, bu qurum xəstəyə
təyin olunmuş müalicənin effektivliyindən tutmuş, dərmanlara qədər ən
müxtəlif məsələləri nəzarətdə saxlayacaq. Müalicə və ya dərman səhv
yazılıbsa, onun pulunu ödəməkdən imtina olunacaq. Həkimlə xəstə pul
məsələsində birbaşa ünsiyyətdə olmayacaq. Bu agentlik, bir növ,
xəstələrin hüquqlarının müdafiəsilə məşğul olacaq”.
Avropada dövlət vətəndaşının qayğısına necə qalır?
Maraqlıdır, vətəndaşların müayinə və müalicəsi məsələsində inkişaf
etmiş ölkələrin təcrübəsi nə deyir? “Azadlıq”ın Niderlandda yaşayan
əməkdaşı Fikrət Hüseynli deyir ki, Qərbi Avropanın hər bir dövlətinin
bununla bağlı öz qaydası var. Konkret olaraq, Niderland Krallığında
tibbi sığorta məcburidir. Əgər özün, çalışmırsansa, dövlət sənin əvəzinə
aylıq sığorta pulu ödəyir. Minimum sığorta məbləği ayda 104 avrodur.
Bir nəfər olaraq, illik gəlirin 14 min avrodan azdırsa, ödədiyin bu
sığortanın 60-70 faizini vergi idarəsi geri qaytarır. Nəticə olaraq,
ayda 32 avro tibbi sığorta üçün pul ödəyirsən. Xəstələnən zaman 350
avroya qədər xərcləri özün ödəməlisən. 350 avrodan yuxarı olan xərcləri
isə, sığorta ödəyir. Bu sığortaya ildə iki dəfə dişləri təmizlətdirmək
və yoxlatdırmaq da daxildir. Avropada dişin düzəldilməsi kifayət qədər
bahalıdır. Lakin yenə də gəlirin aşağıdırsa, yaşadığın ərazinin
bələdiyyəsinin tərkibində müəyyən qurumlara maddi yardım üçün müraciət
edə və ya sosial sığorta bankından faizsiz kredit ala bilərsən.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=8212