“Rusiya Qarabağ məsələsini həll etməyəcək”

08.06.2014 - 09:48

“Biz hətta müstəqilliyimizdən də imtina etsək, Moskva buna getməyəcək”

Son günlər
türk dövlətlərinin birliyi və əməkdaşlıq imkanlarının daha da inkişaf
etdirilməsi istiqamətində davamlı müzakirələrin şahidi olmaqdayıq.
Türkiyənin Bodrum şəhərində keçirilən türkdilli dövlət başçılarının
zirvə sammiti bu istiqamətdə növbəti addım oldu. Bu mənada hesab olunur
ki, Qarabağın azadlığı istiqamətində uğurlara nail olmağın bir yolu da
türk dövlətlərinin birgə fəaliyyətindən, təcavüzkara qarşı vahid mövqe
sərgiləməsindən keçir.
Yeri gəlmişkən,
Bodrum sammitində Azərbaycan rəhbərliyinin qazaxıstanlı həmkarına
təşəkkürü də diqqət çəkir. “Ölkələrimizin üzv olmadığı bəzi
təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm
daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını
qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi
İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə
bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib. Biz buna görə
hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik”, –
deyə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Bodrum şəhərində
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə
toplantısındakı çıxışında deyib.
Prezident
vurğulayıb ki, Azərbaycan xalqı Nazarbayevin hərəkətini yüksək
qiymətləndirir: “Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu
addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq
birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin
ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin
suverenliyini əks etdirən əsas məsələdir. Bildiyiniz kimi, Azərbaycanın
ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana
qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz
torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır.
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı
törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən
soyqırımı kimi tanıyır”.
Türkiyənin Qarabağ
məsələsində Azərbaycana verdiyi dəstək qədər digər dövlət başçılarının
da ortaya siyasi iradə qoyması Ermənistanın susdurulması istiqamətində
əhəmiyyətli rol oynaya bilər. Bu arada məlumat yayılıb ki, yaxın
vaxtlarda Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin
bölmələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi də
planlaşdırılır. APA-ın hərbi mənbələrə istinadən yaydığı məlumata görə,
Azərbaycan tərəfdən tabor, Türkiyə tərəfdən isə bölük səviyyəsində
qatılım olacaq hərbi təlim iki ölkə arasında hərbi əməkdaşlıq sazişi
çərçivəsində həyata keçirilir.
Təlimin məqsədi
Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri arasında dostluq,
əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirməkdir. Təlim qərargah və
səhra hissəsindən ibarət olacaq. Qeyd edək ki, bu ilin yanvarında
Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Qış-2014” adlı
hərbi təlim keçirilib. Naxçıvanda keçirilən birgə təlimlərə düşmənin
qıcıqlı münasibətinin nəticəsidir ki, son vaxtlar cəbhənin Naxçıvan
istiqamətində gərginlik artıb.
Mövcud
situasiyanı, türk dövlətlərinin birliyinin Qarabağ məsələsinin həllinə
təsirini sabiq dövlət müşaviri, politoiloq Vəfa Quluzadə ilə müzakirə
etdik:
– Qarabağ məsələsinin həllində həm türk
dövlətləri, həm İslam Konfransı Təşkilatının üzvləri, demək olar ki,
bütün müsəlman aləmi müsbət mövqe tutub, Azərbaycanı dəstəkləyir. Amma
məsələnin mahiyyəti ondan ibarətdir ki, erməni dövlətini yaradan rus
imperiyası olub. Erməniləri Türkiyədən, sovet dövründə də dünyanın
harasından deyirsinizsə, erməniləri köçürərək Azərbaycan torpaqlarında
yerləşdirib. Ona görə bu, Rusiyanın strateji məsələsidir. Gəlin baxaq,
görək türkdilli dövlətlərin Rusiyaya nə qədər təsir imkanları var.
Onların hamısı Rusiya ilə əlaqələrə malikdir, ancaq Rusiyaya təsir
imkanları yoxdur. Rusiyaya yeganə təsir imkanlarına malik olan ABŞ, NATO
və Avropadır. Amma Rusiya strateji məsələlərdə geri çəkilmək istəmir və
Rusiya nüvə dövlətidir. Ona görə də nüvə imperiyası ilə hesablaşırlar. O
səbəbə görə sözsüz ki, Türkmənistan, Qırğızıstan, Qırğızıstan, hətta
Bodruma gəlməyən Özbəkistanın Azərbaycan torpaqlarının işğalına
münasibətləri birmənalıdır, onlar işğalın əleyhinədir. Lakin onlar bu
torpaqları işğaldan azad etmək imkanlarına malik deyillər.
 

Özbəkistan sammitdə iştirak etməsə də, bildiyimizə görə rəsmi Daşkəndin
Ermənistanla diplomatik əlaqələri sıfır həddindədir. Deməli, bu faktı
da nəzərdən qaçırmaq olmaz…

Özbəkistanın prezidentini mən təqdir edirəm və ona şəxsi simpatiyam var.
O, olduqca milli ruha malik olan şəxsiyyətdir və Özbəkistanda
müstəqilliyin, azadlığın banisidir. 20-30-cu illərdə Sovet İttifaqı
gəlib Türküstanı darmadağın edəndə ən mərd döyüşənlər özbəklər olub.
Rusiya təbliğatında isə döyüşkən özbəklərə basmaçılar deyiblər. Yəni
basqınçılar rusların özləri ola-ola bu adı özbəklərə, işğala qarşı
müqavimət göstərənlərə qoyublar. Bu, manqurtaşdırma siyasətinin
təzahürüdür və bu barədə də Çingiz Aytmatov çox gözəl deyib.
Özbəkistanın işğalçı Ermənistanla münasibətlərdə məsafə saxlaması çox
gözəl haldır və ədalətli bir mövqedir. Lakin Özbəkistan Rusiya ilə
əlaqələrindən imtina da edə bilməz. Ermənistan ikinci dərəcəli
məsələdir, əsas məsələ Rusiya amilidir. Bizim Ermənistanla heç bir
əlaqəmiz yoxdur. Amma mən inanmıram elə bir adam olsun ki, Azərbaycan
torpaqlarını Ermənistanın işğal etdiyini və bizim də bu işğala son
qoymağa gücümüzün çatmadığını düşünsün. Bu torpaqları kim və nəyə görə
işğal edib, məlumdur.
– Bodrum sammitinin
2015-ci ildə ermənilərin qondarma soyqırımı hay-küyünə qarşı bir layihə
olduğunu, yaxud Krım hadisələrindən sonra yarana biləcək təhlükələri
önləmək niyyətindən irəli gələn tədbir olduğunu güman etmək olarmı?

Mən hesab etmirəm ki, “soyqırım”ın 100 illiyi böyük bir hadisədir.
Soyqırım olmayıb. Ermənilər soyqırımı müzakirə etməkdən, arxivləri
türklərə açmaqdan boyun qaçırırlar. İkincisi də ermənilər hay-küy
salırsa, türk dünyası niyə bu hay-küydən qorxmalıdır? Türkiyə müstəqil
dövlətdir və lazım gələndə öz müttəfiqi Amerika ilə də razılaşmır,
mübahisə edir, istədiyi kimi hərəkət edir. Ona görə də saxta soyqırım
məsələsini indidən böyük bir hadisə kimi qəbul etmək olmaz.

Rusiya XİN başçısı Lavrovun Azərbaycana səfəri nə ilə bağlı ola bilər?
Bunun türk sammiti ilə bağlılığı mümkündürmü? Yaxud Rusiyanın Qarabağ
məsələsinin həllində ciddi addımları gözləniləndirmi?

Mən inanmıram ki, Rusiya bu məsələni həll etsin. Onlar müxtəlif
variantlar deyəcək, sözlər verəcək, əvəzində müxtəlif tələblər irəli
sürəcəklər ki, bu tələblərə əməl etsəniz onda biz bu məsələ ilə ciddi
məşğul olarıq. Bundan artığını gözləmirəm. Əgər bu dəqiqə Qarabağ
məsələsi həll olunsaydı, Azərbaycan Ermənistanla əlaqələrini bərpa
etsəydi, Türkiyə ilə sərhədlər açılsaydı, Azərbaycan milyardlarla
dollarını rus silahına verərdimi? Bu silahları almaqda məqsəd məlumdur.
Rusiya Azərbaycanı istədiyi kimi sağır. Səbəb də odur ki, burada Qarabağ
məsələsi var. Azərbaycan Rusiya ilə yaxşı əlaqələrin mövcudluğunda
maraqlıdır. Aydın məsələdir ki, Azərbaycan gedib öz puluna ordusunu Qərb
silahları ilə təmin etsə, bu, Rusiyanı hiddətləndirəcək. Ona görə də
Rusiyanın bu boyda asılılığımıza son verib bizə “Dovay, do svidaniya”
deməsi mümkün deyil. Buna kim inanar? Ona görə də Rusiya imperiyası
çökməyənə qədər Qarabağ məsələsinin həllinə inanmıram. Hətta biz
müstəqilliyimizdən də imtina etsək, Rusiya yenə də Qarabağ məsələsini
həll etməyəcək. Moskva düşünəcək ki, Azərbaycanın müstəqilliyindən
imtina etdi, Rusiyanın tərkibinə daxil oldusa da, yeni gələn hakimiyyət
yenidən imperiya tərkibindən çıxmağa qərar verə bilər.

Türkiyədə belə bir yanaşma da mövcuddur ki, türk dövlətlərinin Avrasiya
İttifaqının tərkibinə daxil olması və Rusiya ilə yaxın işbirliyində
olması problemlərin həllində daha ciddi amil olar, nəinki Qərblə
yaxınlaşma şəraitində. Bu yanaşma doğrudurmu?

Əgər hər hansı bir ölkəni hansısa projeyə salırlarsa, ölkə o projedən
zərərdən başqa bir şey götürməyəcək. Biz Gömrük İttifaqına getmək
istəmirik, bizi təpiklə ora salmaq istəyirlər.
Türkiyə
də ömründə Avrasiya İttifaqına daxil olmayacaq, bunun hamısı blef,
təbliğatdır. Türkiyə Avrasiya İttifaqı ilə müstəqil dövlət kimi əlaqələr
qura bilər, əgər bu, onun maddi və milli marağına uyğun olarsa. Əks
təqdirdə bu da olmayacaq.

– 2015-ci
ildə Ermənistanla sərhədlərin açılması istiqamətində də gizli
müzakirələrin aparıldığı barədə növbəti xəbərlərin ciddi əsası varmı?

Ermənistanla sərhədlərin açılacağına inanmıram. Çünki buna bir səbəb
yoxdur. Gərək bir hadisə olsun ki, sərhədlər açılsın. Türkiyə neçə dəfə
bəyanat verib ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən
sərhədlər açılmayacaq. Yaxşı, sərhədlərin açılmasının müqabilində
Azərbaycan torpaqları işğaldan azad olunacaqmı? Çətin. Buna indidən heç
bir işarə də yoxdur.
– Son günlər təmas
xəttinin digər nöqtələri ilə yanaşı Naxçıvan cəbhəsində də itkilərlə
müşayiət olunan gərginliklər yaranıb. Bu, nəyə işarədir?

Bu, Azərbaycana təzyiqin artırılmasıdır. O qüvvələr əllərindən gələni
edirlər ki, Azərbaycanla Qərbin əlaqələrinə zərbə vursunlar. Elə şərait
yaratmaq istəyirlər ki, Azərbaycan Qərbdən çəkinsin. Bu, başqa bir şey
deyil.
– Belə bir rəy formalaşmaqdadır ki,
Rusiya Qarabağdakı əməliyyatlara müdaxilə edib Azərbaycana qarşı
çıxarsa, Türkiyə də proseslərə hərbi müdaxilə etməlidir…

Türkiyə çoxdan bu barədə bəyanat verməli idi. Düzdür, qeyri-rəsmi
formada deyirlər ki, Azərbaycanla taleyimiz birdir. Ancaq Türkiyə açıq
deməlidir ki, Azərbaycan yeni təcavüzə məruz qalarsa, ona hərbi dəstək
verəcək, imkan verməyəcək ki, yeni torpaqları işğal olunsun.
Ermənistanın 1997-ci ildən hərbi ittifaqı var. O ittifaqa əsasən
Ermənistana hər hansı bir hücum olsa, onda Rusiya prosesə müdaxilə
edəcək. Əgər erməniyə bir şey olsa, bütün KTMT üzvləri, həmçinin Rusiya
Ermənistanın tərəfində döyüşəcək. Ona görə də biz təhlükəsizliyimizin
təminatı ilə bağlı Türkiyə ilə zəruri müqavilə imzalamalıyıq.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8215

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31