Azərbaycandan Gürcüstana zərbə

08.06.2014 - 09:52

Azərbaycan Gürcüstanın avtomobil biznesini çökdürdü

Azərbaycan Gürcüstanın avtomobil biznesini çökdürdü
 

“Məhdudiyyətlərdən sonra bir maşın belə sata bilmirik, 20 min iş adamı müflis olub”

Azərbaycanda
2005-ci ilə qədər istehsal edilən avtomobillərin idxalına qoyulan
məhdudiyyət və Ermənistanda rüsumun artırılmasının gözlənilməsi gürcü
avtodilerlərin biznesinə zərbə vurub. Bu barədə “Turan” “Exo Kafkaza”
radiostansiyasına istinadla məlumat yayıb.

Azərbaycan 2014-cü il aprelin 1-dək
yaşı 8 ili ötən avtomobillərin idxalına məhdudiyyət qoyub. Gürcüstandakı
avtodilerləri Ermənistanın Gömrük İttifaqına daxil olması ilə əlaqədar
avtomobil gətirilməsi üçün rüsumun artırılması da gözləyir.

“Azərbaycanın tətbiq etdiyi məhdudiyyətdən sonra biz bir maşın belə
sata bilmirik. Bütün vəsaitini bu biznesə qoyan 20 mindən çox adamın və
onların ailəsinin maraqları zərbə altına alınıb”, – avtodiler Mindiya
Zakareişvili “Exo Kafkaza” bildirib.

Radiostansiyanın məlumatına görə,  son illər Azərbaycan Avropa və
ABŞ-dan Gürcüstana gətirilən avtomobillərin əsas satış bazarı olub. Belə
ki, 2013-cü ildə on minlərlə, bu il isə cəmi 2,5 min avtomobil
gətirilib.

Ötən il Gürcüstan Ermənistana 17 minə yaxın avtomobil ixrac edib.
Lakin ölkə Gömrük İttifaqına daxil olduqdan sonra orta sinifli
avtomobillər üçün gömrük yığımının məbləği 14 min dollara çatıb. Bu,
Ermənistana təkrar avtomobil ixracının üzərindən xətt çəkir. Bu barədə
Gürcüstan Avtomobil Federasiyasının rəhbəri Şalva Oqbaidze bildirib.

Bu, Gürcüstanın tarixində təkrar avtomobil ixracına  ilk zərbə
deyil. 2009-cu ildə Qazaxıstanla da eyni durum yaranmışdı. Bu ölkəyə
ildə 20 minədək avtomobil gətirilirdi. Lakin Qazaxıstan Gömrük
İttifaqına qoşulduqdan sonra Gürcüstandan avtomobil daşınması sıfıra
enib.

Gürcüstan hökuməti avtodilerlər üçün nəticənin yumşaldılması üzrə
yalnız bir tədbir görüb: gömrük yığımlarının ödənilməsi üçün 45 günlük
möhlət tətbiq edilib.

Tiflisin 11 kilometrliyində yerləşən Rustavi avtomobil bazarı
Qafqazda ən böyük bazardır. Onun sahəsi 250 000 kvadrat metr təşkil
edir. Avtokompleks Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən
 magistral trass boyunca yerləşir.

Uzun illərdir Gürcüstanın xarici ticarət dövriyyəsində minik
avtomobillərinin ixrac-idxalı mühüm yer tutur. 2013-cü ildə ölkəyə 710,5
milyon dollar məbləğində minik avtomobili gətirilib ki, bu da idxalın
ümumi həcminin 9 faizini təşkil edir. Gürcüstan 703,9 milyon dollar
dəyərində avtomobil ixrac edib ki, bu da ixracın ümumi həcminin 24,2
faizini təşkil edir. Bu barədə Gürcüstanın Statistika Departamentindən
bildirilib.

2013-cü ildə Gürcüstandan Azərbaycana 401,1 milyon dollarlıq minik
avtomobili ixrac edilib ki, bu da Gürcüstan ixracının yarısından çoxdur –
ötən il Gürcüstanın illik ixracı 710,2 milyon dollar olub. 2014-cü ilin
yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 97 milyon 694 min
dollar məbləğində avtomobil ixrac edilib.

Böyük ehtimalla, Gürcüstanın avtomobil bazarının çökməsində
Azərbaycan Mərkəzi Bankının özəl banklara avtomobillərin alınması üçün
vətəndaşlara verilən kreditlərin dayandırılması daha əhəmiyyətli rol
oynayıb. Azərbaycanda avtomobil  kreditlərinin risk faizi yüksək olsa
da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ona görə də
bu qərarın niyə verildiyi və avtomobil kreditlərin dondurulmasının
səbəbi bəlli deyil. Ancaq böyük ehtimalla ölkəyə avtomobil idxalı və
satışı biznesinin tək əldə cəmlənməsi prosesi gedir və kreditlərin də
dondurulması buna hazırlıq xarakteri daşıyır.

Avtomobil bazarının iri oyunçuları Gürcüstan və Dubaydan kiçik
partiyalarla maşın gətirən xırda biznesmenləri sıradan çıxarmaq istəyir.
Avtomobil kreditlərinin dayandırılması bu zümrənin avtomatik olaraq
sıradan çıxarılması deməkdir. Çünki bu ölkələrdən idxal edilən işlənmiş
maşınlar kasıb təbəqə üçün hesablanmışdı. Yerli bazarda 8-15 min dollar
arasında satılan bu maşınları aylıq gəliri 600-700 min manat olan təbəqə
kredit yolu ilə əldə edirdilər. Ancaq “avro-4” standartına keçidi
bəhanə edən iri oyunçular xırdaları tam sıradan çıxarmaq üçün artıq
hərəkətə keçiblər.

Bir qədər öncə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
avtomobil idxalına ciddi nəzarət ediləcəyini bildirmişdi. Onun sözlərinə
görə, ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclar nəzarətin
güclənməsini zəruri edib.

Hamıya bəllidir ki, Azərbaycan reallığında “ciddi nəzarət” necə
həyata keçirilir. Əgər nəzarət “ciddiləşirsə”, onda həmin sahə
monopoliyaya götürülür. Burada vacib bir detal da var. Yeni standart
2005-ci il və sonrakı illərdə istehsal edilən avtomobillərin ölkəyə
idxalına icazə verir. Ancaq A.Əliyev bütövlükdə idxala “nəzarətin”
 güclənəcəyindən danışır. Yəni sabah gömrük xidməti hətta 2012-ci ildə
istehsal edilən avtomobili “ekoloji baxımdan yararsız” elan edib ölkəyə
buraxmaya bilər.

Ölkəyə köhnə avtomobillərin gətirilməsinin əsas səbəblərindən biri
də elə gömrük xidmətinin yaratdığı qeyri-rəsmi qaydalardır. Xaricdən
gətirilən avtomobilin mühərrikinə görə bəzən avtomobilin öz qiymətindən
çox qeyri-rəsmi rüsum tətbiq edilir. Məsələn, Gürcüstandan 7 min dollara
alınan, mühərrik gücü 3-4 ölçülü avtomobillərə görə 6-7 min manat
(7,7-9 min dollar) “şapka” alınır. Bu da daha ucuz və ekoloji baxımdan
yararsız maşınların Azərbaycana daxil olmasına təkan verir.

Beləliklə, Azərbaycanın sərt qaydaları qonşu ölkənin avtomobil
bazarının çökməsinə səbəb olub. Belə getsə çox qısa zaman kəsiyindən
sonra Gürcüstanın nəhəng maşın bazarı barədə ancaq keçmiş zamanda
danışmaq lazım gələcək.

 
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8216

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031