Ermənistan Türkiyə ilə əlaqələri möhkəmləndirir
Qardaş ölkənin siyasi elitasında
ermənilərlə münasibətləri yaxşılaşdırmaq istəyənlər artıb; Qabil
Hüseynli: “Kim deyirsə ki, sərhədlərin açılması ilə ermənilər rusun
ağuşundan çıxıb Qərbin himayəsinə keçəcək, ciddi surətdə yanılır…”
“İstisna
eləmirəm ki, Türkiyə prezidenti həqiqətən Ermənistana gələ və hətta
“soyqırım” abidəsi önünə gül də qoya bilər. Bu il aprelin 23-də Türkiyə
hökuməti adından ilk dəfə olaraq baş nazir Ərdoğan qətliam faktını
etiraf elədi və hətta ölənlərin yaxınlarına başsağlığı verdi”.
Bu
fikirləri Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan səsləndirib.
Petrosyan deyib ki, bu səfərlə erməni-türk barışığının ikinci mərhələsi
başlayacaq. Sabiq prezident iki ölkə arasında gizli anlaşma olduğunu
istisna etməyib. Yəni Sərkisyanla Gülün görüşündə Türkiyə-Ermənistan
sərhədlərinin açılması razılaşdırıla bilər.
O
sırada Sürix protokollarının təzədən gündəmə gətirilməsi barədə Qərb
diplomatlarının replikaları, çıxışları da diqqət çəkir. Baxmayaraq ki,
Türkiyə hökuməti sərhədlərin yalnız Qarabağ məsələsində real irəliləyiş
olacağı halda açıla biləcəyini bəyan edib.
Siyasi şərhçi Qabil
Hüseynli də təsdiqləyir ki, daxildə qeyri-leqal proseslər gedə bilər.
Onun sözlərinə görə, Türkiyə iqtidarı 2015-ci ilin aprelinə, yəni
qondarma erməni soyqırımının 100 illiyinə qədər Ermənistanla
münasibətlərin normallaşdırılması strategiyasını götürüb.
Politoloq
hesab edir ki, bu strateji gedişatla yanaşı, Qərb dövlətləri də
Türkiyəyə təzyiq göstərirlər: “Türkiyə tərəfindən tələb olunur ki, Sürix
protokolları parlamentin müzakirəsinə çıxarılsın və sənədlər
təsdiqlənsin.
Eyni zamanda Türkiyənin daxilində
Ermənistanla münasibətlərin yaxşılaşmasını istəyənlərin sayı artıb.
Onların içərisində ziyalılar da var. O cümlədən siyasi elitanın
Ərdoğanın “erməni soyqırımı” başsağlığından sonra mövqeyində dəyişiklik
müşahidə olunur. İndiyə qədər erməni soyqırımı olmadığını deyənlər,
artıq Ərdoğana yaxın mövqe nümayiş etdirməyə başlayıblar. Bu da daxildə
hansısa proseslər getdiyinin təzahürüdür”.
Q.Hüseynli
prezident Abdullah Gülün Amerikaya son səfərində Ermənistanla əlaqələrin
perspektivindən söz açmasını yada salaraq vəziyyəti belə şərh etdi:
“Bütün bunlara söykənərək demək olar ki, Türkiyə Ermənistanla
problemləri aradan qaldırmaq istiqamətində səylər göstərir. Üstəlik,
Ermənistan tərəfindən şirnikləndirici vədlər verilir, Türkiyənin siyasi
elitasına təsir göstərilir.
Məsələn, xarici
işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağla bağlı müəyyən optimist
fikirlər açıqlamışdı, ardınca Ərdoğan Putinlə telefon əlaqəsi saxladı.
Görünür, onlarda fikir yaranıb ki, Qarabağ münaqişəsinin yaxın aylarda
həll variantı tapıla bilər. Bu da Ermənistanla münasibətlərin
yaxşılaşmasına meydana aça bilər”.
Ekspert bu
hadisələrin çoxluğu içində tələsənlər, baş verəcək olayları qabaqlamaq
istəyənlər olduğunu vurğuladı: “Həmçinin, erməni lobbisinin təbliğatının
təsiri altında hərəkət etmək istəyənlər var. Vəziyyət qarışıq və
mürəkkəbdir. Türkiyə tərəfindən müəyyən xəbərlərin mətbuata
sızdırılması, baş nazirin bu məsələdə fikirlər səsləndirməsi müxtəlif
yorumlara yol açıb. O baxımdan sərhədlərin açılma perspektiv olduğunu
ehtiyatla da olsa söyləmək məcburiyyətində qalırsan. Çünki
Türkiyə-Ermənistan əlaqələrində istiləşmə başlayıb. Xüsusilə bu
istiləşmə Azərbaycanla Rusiya arasında müşahidə edilən həlimləşmə ilə
paralellik təşkil edir. Həm ermənilər Rusiyanın acığına, həm də Türkiyə
özü problemin həll ediləcəyindən xoşhal olaraq münasibətlərin
yaxşılaşdırılmasına cəhd edir”.
Lakin analitik
Türkiyənin Azərbaycan qarşısında götürdüyü öhdəlikləri xatırladaraq qeyd
etdi ki, sərhədlərin açılması münasibətlərimizi zədələyə bilər:
“Türkiyə Qarabağ münaqişəsi həll edilməyincə sərhədlər açıla bilməz
bəyanatı ilə çıxış edib. Ermənistanla sərhədləri açanlar məzəmmət və
qınaqla üzləşə, münasibətlərimiz ciddi zədə ala bilər. Blokadanın
götürülməsi hər bir dövlətə xeyir gətirir. Nəzərə almaq lazımdır ki,
infrastruktur Azərbaycandan asılıdır, Türkiyənin isə güclü iqtisadiyyatı
var, bu halda sərhədlərin açılması Ermənistanın iqtisadi inkişafına
gətirib çıxaracaq. Kim deyirsə ki, sərhədlərin açılması ilə ermənilər
Rusiyanın ağuşundan çıxıb, Qərbin himayəsinə keçəcək, məncə ciddi
surətdə yanılır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8223