QHT sektorunun başına açılan oyunda Rusiya barmağı
Bortnikovun çıxışı və Bakıda cərəyan edən hadisələr arasında paralellər…


MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərlərinin Minskdə keçirilən toplantısında Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov
sensasion sayıla biləcək bəyanatla çıxış edib.
MDB ölkələrində inqilab cəhdlərinin qarşısının alınmasından danışan
FTX rəhbəri deyib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi
olurlar və mövcud informasiya xüsusi xidmət orqanlarını reaksiya
verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə
məcbur edir. A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal
fəaliyyət göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından
maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində
də mövcuddur. Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının
səyləri “bu cür qanun pozuntularının profilaktikasına yönəlib” və məqsəd
“leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin”
qarşısını almaqdır.
Bortnikovun bu çıxışının Azərbaycan hökumətinin Qərbin beynəlxalq
təşkilatlarıyla əməkdaşlıq edən QHT-lərə qarşı hücumu ərəfəsinə təsadüf
etməsi maraqlı məqamlardan xəbər verir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri
Anar Məmmədlinin 5 il yarım, bu təşkilatın icraçı direktoru Bəşir
Süleymanlının 3 il yarım azadlıqdan məhrum edilməsi, Sülh və Demokratiya
Institutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun
başına gətirilənlər, QHT-lər haqqında qanuna mürtəce dəyişikliklər,
hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq
Idarəsində QHT-lərlə bağlı ayrıca cinayət işi üzrə araşdırmalar və s.
hadisələr cərəyan etdiyi bir vaxtda Bortnikovun belə bir bəyanatı
müəyyən mərkəzləşmədən xəbər verir. Başqa sözlə, Azərbaycanda QHT
sektorunun başına açılan oyunlarda Rusiyanın barmağı görünür.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım edən Qərblə
əlaqələrin kəsilməsi planının Rusiya “mətbəxində” hazırlanması qənaəti
formalaşır. Rusiya ümumiyyətlə, Azərbaycanla Qərb arasında bütün
sahələrdə münasibətlərin minimuma endirilməsinə çalışır.
Təbii ki, ölkədəki demokratik kəsim, vətəndaş cəmiyyəti Qərbə
inteqrasiyanın tərəfdarıdır. Ona görə də ilk növbədə məhz bu mövqedə
olanlara hücum edib, onları zərərsizləşdirməyə qərar verildi.
Eyni zamanda, ölkədəki prinsipial hüquq müdafiəçilərinə hücumlar
başladı. Çünki ölkədə baş verən qanunsuzluqlar, rəzillikləri dünyaya
çatdıranlar məhz onlardır. Heç kimə sirr deyil ki, məsələn, Azərbaycanda
Leyla Yunusa qarşı hücumların kökündə məhz bu amil dayanır.
Beləliklə, Bortnikovun çıxışı göstərdi ki, Azərbaycan hakimiyyəti
QHT-lərə qarşı hücumlar məsələsində də şimal qonşumuzun məsləhətilə
hərəkət edirmiş.
Short URL: http://www.cumhuriyyet.net/?p=8228