Azərbaycanlı jurnalist Kiyevdə deputat oldu
“Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiyev şəhər şurasında ilk azərbaycanlı deputat oldu”.
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporunun sədri Hikmət Cavadov bildirdi. Onun sözlərinə görə, Kliçko
və Poroşenkonun qələbəsindən sonra azərbaycanlıların Ukraynada hansısa
vəzifələrə, icra strukturlarına irəli çəkiləcəyi gözlənilir.
“Bu haqda danışıqlar aparılır. İlk sevindirici xəbər Rəna Nəzərovanın
Kiyev şəhər şurasına deputat seçilməsi oldu. Vilayətlərdə Ukrayna
Azərbaycanlıları Birləşmiş Diasporunun sədrləri və üzvləri ən yaxın
gələcəkdə dövlət strukturlarında diasporumuzu təmsil edəcəklər.
Azərbaycan diasporunun, eləcə də rəsmi Bakının bu məlum məsələlərdə
Ukraynanın ən çətin anlarında yanında olması, ona dəstək verməsi bu
danışıqlara əsas verir”, – deyə Hikmət Cavadov dedi.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Ukraynada
keçiriləcək parlament seçkilərində də aktiv olacaqlarını qeyd etdi.
“UABD ölkənin siyasi həyatında aktivləşib. Bu təşkilata inam artıb.
Kiyev şəhərində prezident Petro Poroşenkonun inaqurasiya mərasimində
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov də iştirak etdi.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Ukrayna ilə bağlı atdığı
qətiyyətli addımlar və Ukrayna xalqına verdiyi dəstək burda Azərbaycanın
mövqeyini çox gücləndirdı”, – deyə Hikmət Cavadov vurğuladı.
Qeyd edək ki, jurnalist Rəna Nəzərovanın namizədliyi məşhur boksçu
Vitali Kliçkonun lideri olduğu “UDAR” blokundan irəli sürülmüşdü. O,
Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın “Kievski forum”
proqramının baş redaktoru vəzifəsində çalışır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8240