Rusiyanın hərbi texnika karvanı Ukraynaya girib

08.06.2014 - 17:38

 

Ukraynanın şərqində müstəqillik istəyənlərlə federallaşma tərəfdarlarının müharibəsi getdikcə üzücü və dağıdıcı xarakter alır.

Ukrayna
ordusunun qüvvələri Donetsk vilayətinin kiçik Slavyansk şəhərini
separatçılardan təmizləmək üçün bir aydan çoxdur davamlı həmlələr etsə
də heç bir ciddi irəliləyişə nail ola bilmir.

Döyüşlərdə
isə hər iki tərəf ağır silahlardan, artilleriyadan getdikcə daha çox
istifadə etməkdədir və bu da mülki əhali arasında tələfat riskini
artırır.

Ukrayna ordusu separatçılara qarşı
tankları, digər zirehli texnikanı və aviasiyanı, o cümlədən artilleriya
sistemlərini işə salıb. Lakin separatçılar da silah-sursat baxımından
pis təchiz olunmayıblar və onlar daşınan zenit-raket sistemləri, zenit
pulemyotları ilə Ukrayna təyyarələrini, vertolyotlarını sıradan çıxarır.

Tank
əleyhinə sistemlərlə zirehli texnikanın irəliləməsinə imkan vermir.
Onların silah və hərbi texnika ilə təchizatı hazırda faktiki olaraq
nəzarətsiz qalan Ukrayna-Rusiya sərhədləri vasitəsilə həyata keçirilir.

Ukraynanın
Rusiya ilə sərhədində yüngül silahlarla silahlanmış sərhədçilər növbə
çəkir və onlar Rusiyadan keçən yaraqlı dəstələrinə müqavimət göstərə
bilmirlər. Bəzi məlumatlara görə, sərhədçilər hətta silah-sursat və
muzdlular dolu “KamAZ”ları sərrhəddən buraxmaq üçün rüşvət də alırlar.

Ukraynanın
şərqində aparılan əməliyyatlara cəlb olunmuş “Azov” xüsusi batalyonunun
komandiri Yaroslav Qonçar bildirib ki, iyunun 8-nə keçən gecə Taqanroq
istiqamətindən Ukrayna sərhədinə 10 BTR, 10 “KamAZ” və yedəyinə top
qoşulmuş yanacaqdolduran yaxınlaşıb. Səhər saat 4 radələrində 6 BTR, 6
“KamAZ” və yanacaqdolduran maşın yedəyindəki topla birlikdə Ukrayna
sərhədini keçib.

Y.Qonçar facebook səhifəsində
yazıb ki, bu gecə hərbi texnika və avtomobillərin qalan hissəsinin də
Ukraynaya keçəcəyi gözlənilir.

“Bizim sərhəd
zastavalarına nə vaxta qədər kömək göndərilməyəcək? Sərhədi bağlamasaq,
antiterror əməliyyatları illərlə davam edəcək!” – deyə komandir
narazılığını ifadə edib.

Müstəqillik
tərəfdarlarının qərargahından isə bildirilir ki, Ukrayna qüvvələri
Slavyansk şəhəri yaxınlığındakı Semyonovka qəsəbəsini “Qrad”
qurğularından atəşə tutub. Qəsəbənin əhalisi bomba sığınacaqlarına
evakuasiya olunub. Separatçılar Ukrayna qüvvələrinə minomyot atəşləri
ilə cavab verir.

Slavyanskın özündə isə içməli
su xəttinin döyüşlər zamanı sıradan çıxması nəticəsində əhali susuz
qalıb. Evlərdə içməli su yoxdur, həmçinin şəhərin yarısında işıqlar
yanmır.

Dünən and içərək səlahiyyətlərinin
icrasına başlayan yeni prezident Pyotr Poroşenkonun ölkənin şərqində
aparılan uğursuz hərbi əməliyyatların davamı ilə hansı qərar verəcəyi
maraqla gözlənilir. Poroşenko müharibə və qisas istəmədiyini bildirib.

“Exo
Moskva” radiosu isə xəbər yayıb ki, Poroşenkonun Fransada Rusiya
prezidenti Vladimir Putinlə qısa görüşü zamanı əldə edilmiş razılaşmaya
əsasən tərəflər arasında elə bu gün Kiyevdə danışıqlar başlaya bilər.
Lakin danışıqların hansı səviyyədə və kimlər arasında aparılacağı məlum
deyil. (Virtualaz.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31