Azərbaycan iyunu rus soyuğunu əridir
Bakıda isti geosiyasi iyun…
Bakıda isti geosiyasi iyun…
Təqvim üzrə yay hələ başlamasa da Bakıda iyun isti keçir. Üstəlik isti keçən təkcə havalar deyil.
Azərbayanı da əhatə edən coğrafi məkanda, eləcə də dünyada geosiyasət
son 20-25 ilin ən qaynar mərhələsinə daxil olub və bu isinmə mühüm
strateji əhəmiyyət kəsb edən ölkə kimi Azərbaycana da birbaşa təsir
etməkdədir.
Və belə görünür ki, Bakı bu proseslər fonunda geosiyasi baxımdan
özünün ən isti günlərini yaşamaqdadır. Yaxın günlərdə əvvəlcə Avropa
Komissiyasının prezidentinin, onun ardınca Rusiya xarici işlər nazirinin
Bakıya səfər edəcəyi, daha sonra Rusiya baş nazirinin müavini Dmitri
Roqozinin gözlənilən səfəri Azərbaycanın dünyanın xəritəsini
dəyişdirməkdə olan geosiyasi proseslərin episentrində olduğunu bir daha
göstərir.
İnformasiya agentliklərinin xəbər verdikləri kimi, Avropa
Komissiyasının prezidenti Joze Manuel Barroso Bakıya iyunun 13-14-də
səfər edəcək. Bu səfər Barrosonun Avropa İttifaqının uğursuz Şərq
Tərəfdaşlığı təşəbbüsünü xilas edə bilmək üçün göstərdiyi cəhdlərdən
biridir. Belə ki, o, Bakıdan əvvəl iyunun 11-də Moldovada, iyunun 12-də
Gürcüstanda olacaq.
Cənab Barroso Gürcüstan və Moldova ilə Avropa İttifaqı arasında
assosiasiya sazişinin imzalanmasına dair məsələləri müzakirə etməlidir.
Kişinyov və Tiflis bütün risklərə baxmayaraq Avropa İttifaqı ilə
Assosiasiya sazişini imzalamağa hazır görünürlər. Hərçənd ki, Moldovanın
Avropa ilə iqtisadi inteqrasiya sazişini imzalaması separatçı
Dnestryanı bölgəsinin birdəfəlik itirilməsi, üstəlik Qaqauz muxtar
bölgəsində son vaxtlar güclənən separatçı meyllərin aktiv fazaya keçməsi
ilə nəticələnə bilər.
Gürcüstan isə 2008-ci ildə itirdiyini itirib və ilk baxışdan
prezident Georgi Marqvelaşvili üçün riskə getmək asandır. Bununla belə
Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişinə getməsinin hansı
yeni risklər və təhlükələr meydana çıxaracağı hələ müəyyən deyil.
Baxmayaraq ki, gürcü rəsmiləri Moskvanın Gürcüstanla Aİ arasında
assosiasiya razılaşmasına mane olmayacağına dair vəd aldıqlarını
deyirlər.
Azərbaycana gəldikdə isə Bakı çoxdan birmənalı şəkildə, çox düzgün
olaraq Aİ-nin assosiasiya razılaşması təklifini rədd edib və Brüssellə
münasibətləri ancaq ikitərəfli strateji tərəfdaşlı formasında davam
etdirə biləcəyini bildirib.
Onda Barrosso Şərq Tərəfdaşlığı turnesinin proqramına Bakını
niyə daxil edib? Doğrudanmı Brüsseldə inanırlar ki, Azərbaycanı bu
qalmaqallı və Ukraynanın dağılmasının baiskarlarından biri olan
inteqrasiya təşəbbüsünə razı salmaq üçün ümidlər hələ də qalır?
Bəri başdan aydındır ki, Avropa Komissiyasının prezidenti Bakıdan
böyük ölçüdə məyus dönəcək. Azərbaycan rəhbərliyi öz seçimini edib və
lap əvvəldən Avropa İttifaqı ilə assosiasiya razılaşmasının mümkün
iqtisadi-siyasi risklərini hesablayaraq ondan imtina edib. Bu baxımdan
Barroso ancaq Azərbaycanla Aİ arasında ikitərəfli tərəfdaşlıq
münasibətlərini necə inkişaf etdirmək yollarını axtarmalı olacaq.
Ancaq Putinin məğlubedilməz imici qazanmış hiyləgər xarici işlər
naziri Sergey Lavrovun Joze Manuel Barrosonun səfərindən üç gün sonra
Bakıya gəlişi ətrafında intriqalar daha güclüdür. Məlumdur ki, Putin
Lavrovu hansısa keçmiş sovet respublikasına ezam edirsə mütləq onun
çantasında çox mühüm əhəmiyyət kəsb edən təkliflər və sənədlər olur.
WikiLeaks saytının yaydığı Amerika məxfi diplomatik teleqramlarından
məlumdur ki, Bakıda Lavrovu o qədər də xoşalmırlar. Həm də bunun səbəbi
təkcə onun atasının erməni olmasında deyil. Bakıdakı Amerika səfirliyi
2009-cu ildə Vaşinqtona yazırdı ki, əgər Moskva hansısa tələbini
Azərbaycana çatdırmaq istəyirsə, o zaman Lavrovu göndərir. Əgər Bakı ilə
hansısa məsələdə dil tapmaq lazım gəlirsə o zaman Rusiya prezidenti
Administrasiyasının rəhbəri, Dövlət Dumasının indiki spikeri Sergey
Narışkin işə qarışır. Çünki Narışkinin Azərbaycan siyasi elitası ilə
isti münasibətləri var.
Təxmin etmək olar ki, Putinin Lavrovu Bakıya ezam etməsinin çox ciddi
səbəbləri var və Azərbaycanın Avrasiya İttifaqına üzvlük perspektivləri
bu səbəblər arasındadır. Baxmayaraq ki, Azərbaycan Avropa İttifaqı ilə
assosiasiya razılaşmasını rədd etdiyi kimi “Putin ittifaqı”, yaxud “yeni
SSRİ” kimi tanınan Avrasiya İttifaqına da üzvlük niyyətində olmadığını
dəfələrlə müxtəlif səviyyələrdə bildirib. Bəs Rusiya Bakını bu ittifaqa
cəlb etmək səylərini dayandırıbmı? Belə görünür ki, yox.
Təsadüfi deyildi ki, ötən həftə Bakıya gəlmiş Rusiya iqtisadi inkişaf
naziri Aleksey Ulyukayev Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün
baş tuta biləcəyini dedi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə
niyyətinin olmadığını xatırlatdılar. Buna baxmayaraq tamamilə aydındır
ki, Rusiya Azərbaycanı “səngərin o tərəfində”, yəni Qərbdə görmək
istəmir, onu öz səngərinə çəkməyin yollarını axtarır.
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla bağlı Moskvada
yaşanmış kazusu da görünür təsadüfi saymaq olmaz. Rusiyanın rəsmi dövlət
informasiya agentliyi O.Əsədovun Ukrayna məsələsində Moskvanı
dəstəkləyən bəyanatını yayanda əsl fırtına qopdu.
Azərbaycan rəsmiləri spikerin belə bəyanat verdiyini dərhal təkzib
etdilər və bunu Kiyevlə Bakı arasında nifaq salmaq cəhdi kimi
dəyərləndirdilər. O.Əsədov özü də belə bəyanat vermədiyini, İTAR TASS-ın
onun dediklərini təhrif etdiyini bildirməli oldu. Ancaq belə görünür
ki, İTAR TASS texniki səhvə yol verməmişdi və sadəcə olaraq Moskvanın
Azərbaycandan eşitmək istədiyi mövqeni O.Əsədovun adından yaymışdı.
Beləliklə, təxmin etmək olar ki, Sergey Lavrovun çantasında Kremlin
Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə hesablanmış təklifləri
olacaq. Ola bilsin ki, Rusiyanı Azərbaycanın indiki müstəqil siyasi
kursu qane edir.
Ancaq Rusiya ikitərəfli formatda da olsa Azərbaycanla daha dərin
siyasi, iqtisadi və ola bilsin hərbi tərəfdaşlıq qurmaq, bununla da
keçmiş sovet məkanında mövqelərini daha da möhkəmləndirmək istərdi.
Rusiya xarici işlər nazirinin hansısa Qarabağ missiyası ilə gəldiyi isə
ağlabatan deyil. Putinin indiki situasiyada Qarabağ məsələsini
qurdalamağa heç marağı yoxdur və danışıqların dayanması ona sərf edir.
Sergey Lavrovun ardınca Rusiya hakimiyyətinin qırğılarından olan baş
nazirin müavini Dmitri Roqozinin Bakıya səfəri gözlənilir. Roqozin
iyunun sonlarına doğru Bakıya gələcək. Onun səfəri barədə anons spiker
Oqtay Əsədovun Moskva səfəri zamanı edilib. Roqozin anti-Qərb və
anti-NATO baxışları ilə tanınan siyasətçidir və Rusiyanın yeni imperiya
ambisiyalarının həyata keçirilməsində əsas kuratorlardan biridir.
Krımın Rusiyaya birləşdirilməsində fəal roluna görə Roqozin Qərbin
sanksiya tətbiq etdiyi məmurlar siyahısındadır. Həmçinin o, ötən ay
Dnestryanı bölgəyə ezam edilmişdi və gələndə özüylə bölgə əhalisinin
Rusiyaya birləşmək istəyini əks etdirən imzaları gətirmişdi. Roqozin
Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsini fəal təbliğ edənlərdən
biridir və bu yöndə iş aparır.
Prezident Vladimir Putin bu ilin aprelində Roqozini Rusiya-Azərbaycan
hökumətlərarası komissiyasının həmsədri təyin etdi və bu təyinat heç də
birmənalı qarşılanmadı. Bir tərəfdən Roqozinin Azərbaycan prezidenti
İlham Əliyevlə şəxsi dostluq münasibətlərinin olduğu məlumdur (onların
hər ikisi Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur) və
mümkündür ki, Putin onu Azərbaycanla münasibətləri iqtisadi sahədə daha
da irəli aparmaq üçün birgə hökumətlərarası komissiyanın rəhbəri təyin
edib.
O biri tərəfdən, Roqozinin qatı anti-Qərb mövqeyi və keçmiş sovet
respublikalarını yenidən Moskvanın çətiri altına toplamaq yönündə
gördüyü işlər baxımından bu təyinatda başqa məqsədlərin də ola
biləcəyini istisna edilmirdi. Hər halda D.Roqozinin Bakı missiyası
ətrafında da intriqalar az deyil. Bakının isti iyun günləri Azərbaycanın
milli maraqlar üzərində qurulmuş müstəqil siyasi kursunu növbəti sınağa
çəkir…
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8276