Avtobuslarda kart sistemilə ödəniş kimlərə sərfəlidir?
Sürücülər qeyri-müəyyənlik içindədir…
Sürücülər qeyri-müəyyənlik içindədir…
Bakıda metrodan sonra avtobuslarda da gedişhaqqının kartla ödənilməsi
sisteminin tətbiqinə başlanıb. Rəsmi məlumatlara görə, bu il mayın
sonuna qədər 100-ə yaxın avtobusda kart aparatları (validator)
quraşdırılıb. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına
kimi bu sistem tam işlək olmalıdır.
Nəğd ödəniş həm sürücülərə, həm də sərnişinlərə sərfəlidir
Ötən gün paytaxtın bir neçə ərazisində müşahidə apardıq. Metronun
“Gənclik” stansiyasının qarşısında dayanan 133 saylı avtobuslara
validatorlar quraşdırılıb. Ancaq bu sistemdən nə sürücülər, nə də
sərnişinlər yararlanır. Səbəb kimi isə nəğd şəkildə gedişhaqqı
ödənişinin daha rahat olmasıdır.
Eyni halla 77, 96, 165 saylı avtobuslarda da qarşılaşdıq. Sürücülərlə
söhbət zamanı məlum oldu ki, kart sistemi onlar üçün əlverişli deyil.
“Bilmirik ki, kart sistemi quraşdırılandan sonra bizə nə qədər pul
veriləcək. Aylıq maaşımızın məbləği barədə söhbət getmir. Deyiblər ki,
sistem tam işə düşəndən sonra müqavilə bağlanacaq. Bilmirik ki, bu bizə
sərf edəcək, yoxsa yox. Ancaq indiki şərtlərlə işləməyimiz daha
yaxşıdır. Çünki gündəlik plan var, onu ödəyirik, iş bitir. Ya bizə
“London taksiləri”ndəki kimi plan qoyacaqlar, o pulu ödəyəndən sonra nə
qalsa, sürücülərə çatacaq, ya da yığılan bütün pullar rəhbərliyə
çatacaq, başqa xərcləri də özləri qarşılayacaqlar, biz isə aylıq maaş
alacağıq. Aylıq maaş normal olsa, hamı razılaşar. Ancaq inanmırıq ki,
Nəqliyyat Nazirliyi bunu eləsin. “London taksiləri”nin sürücülərinə də
əvvəl deyildi ki, maaş alacaqsız, hətta bir müddət belə də oldu,
sonradan bu sistemi yığışdırdılar”, – deyə sürücü Samir Quliyev
bildirir.
Amma kart sisteminin qısa müddətdə işlək olmasını arzu edən sürücülər
də var. Nadir Babayev deyir ki, kart sistemi işə düşərsə, sürücülərlə
sərnişinlər arasında narazılıq kəskin azalacaq: “Indiki şərtlərlə,
gündəlik planı çatdırmaq üçün sərnişin harda dayanırsa, biz də orada
saxlamaq məcburiyyətində qalırıq. Çünki üzərimizə qoyulan gündəlik plan
kifayət qədər yüksəkdir. Belə olan halda, biz özümüz də istəmədən
yollarda tıxac yaranmasına səbəb oluruq. Ancaq kart sistemi olsa, bizə
maaş verəcəklər. Ona görə dayanacaqdan kənar saxlamaq, planı çıxarmaq
kimi məcuburiyyətimiz olmayacaq. Sərnişin də məcbur olub dayanacaqda
gözləyəcək, “svetofor”da qapının açılmasını tələb etməyəcək”.
“Bir gündə heç 2 manat yüklənmir”
Ekspertlər hesab edir ki, Bakıda bu sistemin tətbiqində ciddi
problemlər var. Nəqliyyat sahəsi üzrə ekspert Məzahir Rüstəmov
“anspress”ə açıqlamasında bildirib ki, sistemin düzgün qurulmadığı
əvvəldən məlum idi. Ekspert bunun səbəbini sahibkarlarla sürücülər və
nəqliyyat departamenti arasında münasibətlərin düzgün tənzimlənməməsində
görür: “Unutmaq olmaz ki, arada maliyyə məsələsi var. Bu sistemin
qurulmasına külli miqdarda vəsait xərclənib. Amma bu sistemi qurarkən
sahibkarları nəzərə almadılar. Sahibkarların hüquqları da nəzərə
alınmalıydı”.
Ekspertin fikrincə, Nəqliyyat Nazirliyi sahibkarların imkanlarını
olduqca məhdudlaşdırır: “Sahibkarlar minnətli işləyir. Sürücülər də
sahibkarlara minnətli qalır. Istər qəzaların artması, istərsə də sürücü
mədəniyyətsizliyi buradan qaynaqlanır. Bütün bunların bir çıxış yolu
var. Gərək Bakıda nəqliyyat sistemi kökündən dəyişdirilsin”.
Sahibkarlar da ekspertlərin fikirlərilə razılaşırlar. Onlar da, yeni qurulan sistemin işləməyəcəyini deyir.
Adının çəkilməsini istəməyən sahibkardan öyrəndik ki, artıq 6 aydan
çoxdur avtobuslarda validatorlar quraşdırılıb. Ancaq kartlardan istifadə
edənlərin sayı yox dərəcəsindədir. Bir gündə heç 2 manat yüklənmir.
Nəqliyyat Nazirliyi təkzib edir
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə
deyilənlərlə razı deyil: “Hazırda 40-dan artıq avtobusda validator
quraşdırılıb. Bakıda 300 mindən çox gedişhaqqı kartları satılıb. Hansısa
sürücü deyir ki, aparat işləmir. Bu, Nazirliyin günahı deyil.
Vətəndaşlar bununla əlaqədar Nazirliyə şikayət edərlərsə, biz tədbir
görərik. Hələ yaxın günlərdə daha 30-dan çox avtobusa validator
quraşdırılacaq. Bu sistemi ilin sonuna qədər yekunlaşdırmalıyıq”.
Mətbuat katibinin sözlərinə görə, hələlik həm nəğd, həm də kart
vasitəsilə ödənişlər paralel olaraq həyata keçirilir. Bütün avtobuslarda
aparatlar quraşdırılandan sonra birdəfəlik kart sistemi təyin olacaq.
“Hamısı boş şeydi…”
“Nə kart, hamısı boş şeydir. Yalandan quraşdırılıb, bəlkə də
yoxlasan, işləmədiyi üzə çıxacaq. Kimdir kartla avtobusa minən…
Camaatda pul var ki, əlavə bir manat da verib, kart alsınlar?! Dədə-baba
qaydasıyla işləyirik. Bundan sonra da elə olacaq. Neçə ildir eşidirik
ki, kart olacaq. Hamısı boş şeydi… Bir aydan çoxdur ki, aparatlar
quraşdırılıb, indiyə qədər bir sərnişində də kart görməmişəm. Kimdir
belə şeyə fikir verən. Deyirlər ki, gələn il Olimpiya oyunu var. Yəqin
ki, bütün hoqqalar ona görədi. Uzaqbaşı bir-iki ay kartla işləyəcəklər,
vəssalam”, – deyə sürücü Ilqar Qasımov bu sistemin işlək olacağına
inanmır.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8296