İqtisadiyyatımıza qoyulmuş “minalar”

09.06.2014 - 08:35

Mal-qara yemi kimi nəzərdə tutulan kortof sortu Azərbaycanda
alıcılara qida məhsulu kimi satılır, özü də dəyərindən 7 dəfə baha…

Vahid Məhərrəmov

Son vaxtlar kartof məhsulu ətrafında xeyli söz-söhbətlər gəzməkdədi.
Mediada yayılan məlumata inansaq, Kənd təsərrüfatı naziri bu yaxınlarda
vəd verib ki, Azərbaycan bu il kartofa olan tələbatını daxili istehsal
hesabına tam ödəyəcək. “Azadlıq” radiosu məlumat yayıb ki, Naxçıvan
Muxtar Respublikasında büdcədən maliyyələşən təşkilatlar
vəГїticarətçilərə məcburi kartof əkdirilir. Məlumatda bildirilir ki, hər
təşkilata çalışanların sayına görə əkin sahəsi ayrılır. Ticarətlə məşğul
olan kiçik sahibkar isə hər 30 kvadrat metr ticarət sahəsinin
müqabilində 1 hektar sahədə kartof əkməlidir. Bir sözlə, hamıya plan
qoyulub.

Kartofla bağlı digər bir xəbər isə qonşu Rusiyadan gəldi. Bildirilir
ki, idxal olunan məhsulda qızıl kartof nematodu aşkar olunduğundan
Rusiya daha Ukraynadan kartof almayacaq.

Hər üç informasiya çox maraqlıdır. Bu məlumatlar bir daha sübut edir
ki, kartof və digər kənd təsərrüfatı məhsullarından fərqli məqsədlə
istifadə etmək olar.

Sonuncu və ən yeni informasiya ilə bağlı onu deyə bilərəm ki,
Rusiyada qızıl kartof nematodu ilk dəfə Kalininqrad vilayəti ərazisində
hələ 1949-cu ildə aşkar edilmişdi. Hazırda demək olar ki, bütün Rusiya
ərazisində bu ziyanverici geniş yayılıb və o, hətta qida olmadığı halda
da 25 il yaşaya bilir. Bu mənada, “islanmışın yağışdan nə qorxusu ola
bilər ki?”

Görünür, Rusiyanın bu addımının səbəbi tamam başqadır. Nə isə, özümüzdən danışaq…

Kartofumuza güvə saldılar

Son üç ildə Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarındakı kartof
sahələrində kartof güvəsinin geniş yayıldığı müşahidə olunur. Əvvəllər
bu təhlükəli ziyanvericinin ölkəmizdə olmadığı, son zamanlar isə sürətlə
yayıldığı və əkin sahələrinə ciddi zərər vurduğu haqda ötən il media
vasitəsilə məlumat vermişdik. Nazirlər Kabinetinin 13 aprel 2004-cü il
tarixli, 44 saylı qərarında da bu ziyanverici Azərbaycan ərazisində
aşkar olunmayan və ya məhdud dairədə yayılan ziyanverici, karantin
obyekti kimi siyahıya alınıb.

Uzun müddətdir ki, Azərbaycana Rusiya, Iran, Gürcüstan, Ukrayna,
Belarus, Türkiyə, Pakistan və s. ölkələrdən kartof gətirilir. Idxal
olunan kartof daha çox texniki və yemlik sortdur. Bu məhsulların bir
hissəsi plastmas, kraxmal istehsalı, digər hissəsi isə mal-qara yemi
kimi nəzərdə tutulsa da, hamısını əhaliyə yediriblər. Özü də baha
qiymətə…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə
7,2 milyon ABŞ dolları dəyərində 62,5 min ton kartof idxal olunub.
Apardığımız hesablamalar göstərdi ki, 1 kiloqram idxal kartofu 8,7
qəpiyə başa gəlib. Halbuki, həmin məhsulun 1 kiloqramı daxili bazarda
60-70 qəpiyə – dəyərindən 7 dəfə baha qiymətə təklif olunub.

Ölkəyə kartof idxal edən inhisarçılar texniki, yemlik sort kartofu
ərzaq kartofu kimi təqdim etməklə, insanlara həm fiziki, həm maddi, həm
də mənəvi ziyan vurublar.

Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı
da ciddi zərərə məruz qalıb. Ölkəyə gətirilən kartof məhsulları ciddi
fitosanitar nəzarətdən keçmədiyi üçün yuxarıda haqqında danışdığımız
karantin obyekti sayılan kartof güvəsinin yumurtaları şübhəsiz ki,
torpaqlı kartof yumrularının gözcüklərində ölkəmizə gətirilmişdi və
ölkədə toxumçuluq sıradan çıxarıldığı üçün həmin yumrulardan toxum
materialı kimi istifadə olunmuşdu. Bu ziyanverici olduqca təhlükəli
hesab olunur!

Uzun müddət fermerlərimiz, kəndlilərimiz gələcəkdə bu ziyanvericiyə
qarşı tədbirlər həyata keçirməklə əlavə vaxt itirməli, xərc çəkməli
olacaq. Nə qədər çalışsalar da, əvvəlki həcmdə, keyfiyyətdə və dəyərdə
məhsul əldə edə bilməyəcəklər. Vəziyyətin bu həddə gəlib çıxmaması üçün
uzun müddətdir ki, mətbuat vasitəsilə hökuməti, bu sahəyə məsul olan
məmurları xəbərdar etmişik. Lakin ixracdan asan əldə olunan külli
miqdarda gəlirlər səlahiyyət sahibi olan məmurların qulağını “kar”,
gözlərini isə “kor” edib.

Hələ bu hamısı deyil, iqtisadiyyatımıza qoyulmuş “minalar” bir müddət
sonra təhlükəli təsirini süfrəmizdən tutmuş, ekologiyamıza qədər bütün
istiqamətlərdə özünü göstərəcək. Yaxın zamanlarda, ölkəmizdə hələ mövcud
olmayan digər xəstəlik və ziyanvericilərin də yayıldığının şahidi
olacağıq. Necə ki, əvvəllər ölkəmizdə olmayan bünyavirus xəstəliyi də
Azərbaycana digər ölkələrdən idxal olunan mal-qara ilə bərabər ölkə
ərazisində peyda olaraq, qısa müddətdə heyvanlar arasında yayılmaqla
çoxlu sayda tələfata səbəb oldu. Xəstəliyin qarşısını almaq üçün dövlət
büdcəsi hesabına külli miqdarda maliyyə vəsaiti də xərcləndi.

Kim düz danışır: Ilham Əliyev, yoxsa…?

Baxmayaraq ki, idxalı inhisara almış acgöz, tamahkar məmurlar
kartofumuza güvə salıblar, Kənd təsərrüfatı naziri vəd verib ki, bu il
biz özümüzün kartofa olan ehtiyacmızı tam ödəyəcəyik. Doğrusu, bu
narahatlığın nədən yaranması mənə aydın deyil. Bu ilin fevralında
regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda Ilham Əliyev çıxışında dedi ki,
“özümüzü kartofla 98 faiz təmin edirik”.ГїƏliyevin sözlərinə inansaq,
 kartof ehtiyacımızın cəmi 2 faizini təmin edə bilmirik.

Əslində, bu göstəricini uğurlu hesab etmək olar. Ümumiyyətlə, il
ərzində hər hansı məhsulun 2 faiz çatışmaması özünü heç bir halda biruzə
vermir, nəzərə çarpmır. Ərzaq buğdasına olan ehtiyacımız tam şəkildə
idxaldan asılı olduğu halda, ümumi ət və ət məhsullarına olan
tələbatımızın cəmi 35 faizi, süd və süd məhsullarına olan tələbatımızın
isə yarısı daxili istehsal hesabına ödənilir. Görəsən cəmi 2 faiz
çatışmayan məhsul naziri nədən  narahat edir? Görəsən, hansı səbəbdən
məhz ilin sonuna yaxın, istehsal başa çatdıqda, əsasən kartof məhsulu
sahələrdən anbarlara yığıldıqdan sonra, cəmi 2 faiz çatışmayan məhsulun
qiyməti sıçrayışla – 3 dəfə qalxdı? Adətən belə olmur!

Məsələ burasındadır ki, ölkə özünü təmin edəcək qədər kartof istehsal
edə bilmir. Hökumət adambaşına 44 kiloqram minimum norma müəyyən
edilib. Minimum norma insan ölməməsi üçün son hədd kimi müəyyən edilir.
Bu sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyinin məmurları isə
istehlak norması anlayışından bixəbər olduqları üçün hər dəfə hökumətin
müəyyən etdiyi minumum normanı əsas gətirərək bildirirlər ki, Azərbaycan
özünün kartofa olan ehtiyacını artıqlaması ilə ödəyir. Kənd Təsərrüfatı
Nazirliyinin sözçüsü müsahibəsində deyib: “Ölkədə istehsal olunan
kartof tələbatdan 2 dəfə artıqdır. Ötən il əhalinin kartofa olan
tələbatı 400 min ton olsa da, istehsal 1 milyon ton qeydə alınıb”.

Dövlət Statistika Komitəsinin məlumatında isə ölkədə 992 min
tonГїkartof istehsal olunduğu göstərilir ki, bu da əvvəlki ilə nisbətən
2,4 faiz artım deməkdir. Nəzərə alsaq ki, ölkə əhalisinin artım tempi
1,3 faiz təşkil edir, deməli, 2013-cü ildə təklif çox olduğu üçün
kartofun qiyməti düşməli idi, ancaq bu baş vermədi. Bazarın isə öz
qanunu var: qiymət artıbsa, deməli təklif azalıb!

Azərbaycan hökuməti çaşqınlıq içindədir. Verilən statistik rəqəmlər
üst-üstə düşmür. Görəsən, kartof istehsalı, idxalı, ixracı və istehlakı
ilə bağlı kimdə dəqiq məlumat var? Kim düz danışır – Kənd Təsərrüfatı
Nazirliyi, şişirtmə ilə məşğul olan Dövlət Statistika Komitəsi, Ilham
Əliyev, yoxsa…?

Əlbəttə ki, bazar!

Beynəlxalq standarta görə, illik kartof norması adambaşına 125
kiloqramdır.ГїDeməli, daxili təlabatı tam ödəmək üçün məmurların
sadaladığı rəqəmlərdən fərqli olaraq, ölkədə 1,2 milyon ton kartof
istehsal olunmalıdı. Hökumətin hədəfi minumum bu qədər kartof
istehsalına nail olmaqdan ibarət olmalıdır.

Qayıdırlar 70-ci illərə…

Naxçıvanda büdcədən maliyyələşən təşkilatlara vəГїticarətçilərə
məcburi kartof əkdirilməsi haqda informasiya olduqca düşündürücüdür.
Ilin-günün bu vaxtında kartofun 1 kiloqramı 1 manatdan yuxarı təklif
olunduğu vaxtda Naxçıvanda kəndlilər nədən kartof əkini ilə məşğul
olmasınlar? Dünyanın heç bir ölkəsində kartof bizdəki qədər yüksək
qiymətə təklif olunmur. Bu ki əla fürsətdir! Istənilən ölkədə fermerlər,
kəndlilər özləri yaranmış belə vəziyyətdən yalnız bəhrələnməyə
çalışardı. Bəs nə baş verib?

Yaranan yeni situasiyanı dəyərləndirib ona uyğun addım ata
bilməyənlər tarixin təkərini geriyə hərəkət etdirməyə çalışırlar.
Görünür, keçmişlə yaşayanlar keçmişdə qalmağa üstünlük verir. Keçən
əsrin 70-80-ci illərində şagirdləri, tələbələri, müəllimləri, alimləri,
zavod və fabriklərdə çalışan fəhlələri, mühəndisləri və s. hamını
pambıq, üzüm yığımına cəlb edirdilər. Pambıq yığımına cəlb olunanların
sayı artdıqca sahədə uyğunsuzluq yaranırdı. Adamların sayı elə həddə
çatmışdı ki, yetişmiş pambıq sahəsi çatışmadığı üçün göy qozanı sındırıb
içindən heç nəyə gərək olmayan yetişməmiş sulu pambığı çıxarıb, yığıb
təhvil verirdilər. Bu formada iş üçün darıxanlar bilməlidilər ki, artıq
inzibati-amiranə qaydada kənd təsərrüfatını idarə etmək mümkün
olmayacaq. Hər kəsin öz işi var. Imkan verin, müəllim bilgisini
artırsın, ticarətçilər isə ticarətilə məşğul olsun.

Ümumiyyətlə, kənd təsərrüfatı məhsulu istehsalı ilə davamlı və
dayanıqlı məşğul olan qurumlar, institutlar olmalıdır. Ona görə də bu
işlə məşğul ola biləcək institutlara üstünlük verilməlidir.

Bu ilin aprel ayında Ilham Əliyev aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsilə
bağlı tədbirlər haqqında fərman imzalayıb. Bu fərman kənd təsərrüfatının
institusional inkişafını təmin etməyi nəzərdə tutsa da, yerlərdə
məmurlar köhnə qayda ilə idarə etməyə üstünlük verirlər. Bu gün kənd
təsərrüfatında pərakəndəlik, dağınıqlıq mövcuddur. Az sayda fermer
təsərrüfatları var ki, onların da çoxu hökumət məmurları ilə sıx əlaqədə
çalışır. Əksər pay torpağı almış kəndlilər isə istehsalla məşğul ola
bilmir. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri odur ki, kənd
təsərrüfatı məhsulu idxalı və topdansatışı inhisardadır. Əgər kəndli
kartof istehsalı ilə məşğul olub, əldə etdiyi məhsulu daxili bazara
çıxararsa, onu bir sıra problemlər gözləyir.

Birincisi, bazarlarda satışı həyata keçirmək üçün yer tapmaq müşkül
məsələdir. Ikincisi, yerlərdə inşa olunmuş soyuducu kameralar, anbarlar
müəyyən əllərdə olduğu üçün saxlamanı baha, məhsulu özləri aldıqda isə
çox ucuz dəyərləndirirlər. Üçüncüsü, topdansatış bazarında kəndliyə
məhsulu onlara ucuz qiymətə satmağı təklif edirlər. Nəhayət,
inhisarçılar xaricdən daha ucuz kartof idxal etməklə kəndlinin malını
sahədə, torpağın altında çürüdəcəklər. Yəqin, 2012-ci ildə bankdan
kredit alıb kartof əkini ilə məşğul olan kəndlinin torpaqda qalan
məhsulunu qucaqlayıb, ağlaya-ağlaya mərsiyə dediyi mənzərəni özündə əks
etdirən videonu siz də görmüsünüz. Yaranmış belə bir vəziyyətdə kartof
əkini gəlirli hesab olunsa da, bu işlə məşğul olmaq fermerlər, kəndlilər
üçün riskli görünür. Naxçıvanın timsalında bir daha biz bunun şahidi
olduq. O da aydın oldu ki, ölkədə normal biznes mühiti formalaşmayıb.

Hökumət bu sahədə üzərinə düşən vəzifənin öhdəsindən nəinki gələ
bilməyib, hətta gələcəkdə yaranacaq problemlərin əsasını qoyub. Ola
bilsin ki, Naxçıvan təcrübəsilə qısa müddətdə, yaxın zamanlarda nəyəsə
nail olmaq mümkün olsun, ancaq gələcək perspektiv üçün yaxşı heç nə vəd
etmir. Bu formada əkinçilik səmərəli hesab oluna bilməz. Kartof
istehsalı ilə məşğul olanların sayını və əkin sahəsinin həcmini artırmaq
ekstensiv yol hesab olunduğu üçün bu formada fəaliyyət bir sıra
problemlər yaradacaq. Birincisi, bu sahəyə müvəqqəti cəlb olunanların
biznes marağı olmadığı üçün əkin işləri başdan sovdu olaraq aparılacaq.
Aqrotexniki qaydalara əməl olunmadığı halda isə əkin sahələrində
xəstəliklərin, zərərvericilərin, alaq otlarının geniş yayılması ilə
nəticələnəcək. Bu isə gələcəkdə kartof istehsalı ilə ciddi məşğul olan
fermerlərin işinə əngəl yaradacaq. Ikincisi, bölgədə su, texnika, gübrə,
pestisid  çatışmazlığı kimi problemlər olduğu halda, eyni zamanda,
həmin istehsal vasitələrinə olan tələbatın birdən-birə artması və
nəticədə təbii olaraq tələbatın ödənilməməsi məhsuldarlığı aşağı
salacaq. Üçüncüsü, çoxsaylı məhsul istehsalçıları əldə olunan məhsulu
eyni vaxtda bazara çıxarmaqla bazarda təklif artacaq, qiymətlər kəskin
düşəcək. Iki il bundan əvvəl belə hal baş vermişdi, fermerlər kartofun 1
kilosunu 5 qəpiyə satmağa məcbur olmuşdular. Elə bu səbəbdən də növbəti
ildə kəndlilər kartof əkinindən imtina etdikləri üçün qıtlıq yarandı.

Virusdan daha təhlükəli olan korrupsioner məmurlar

Əlbəttə, nə bünyavirusu nə də ki, kartof güvəsini təbiətdə mövcud
olan ən təhlükəli xəstəlik və yaxud ziyanverici hesab etmək olmaz,
onlardan da təhlükəliləri var. Həyatda və cəmiyyətdə isə daha dəhşətli
ziyankarlar var. Xalqın malını yağmalayan, talan edən, rüşvətxorluqla,
korrupsiya ilə məşğul olan məmurlar cəmiyyət üçün daha təhlükəlidir.
Məhz dövlət strukturlarına yerləşdirilmiş bu “minalar” ölkə
iqtisadiyyatını dağıtmaqda davam edəcək.

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031