“Tabe edilməmiş xalq” – tanımadığımız çukçalar
Bu xalq ruslarla fasiləsiz 150 il müharibə aparıb
Sovet dövründə çukçalar barəsində lətifələr çox məşhur idi. Adətən,
çukçalar lətifələrdə sadəlövh, cahil və müasir həyat barəsində
təsəvvürləri olmayan xalq kimi təsvir olunurdu. Özlərini “luoravetlan”
adlandıran bu xalq bəlkə də ruslar tərəfindən qəsdən lətifə
qəhrəmanlarına çevrilmişdilər.
Şamanizmi provoslavlığa dəyişən xalq
Hələ XVII əsrin ortalarından başlayaraq, Uzaq Şərqə doğru genişlənmək
istəyən ruslar bu regionun aborigenləri arasında əsasən çukçaların
müqavimətilə üzləşirlər. Yakutlar, karyaklar və eskimoslardan fərqli
olaraq, çukçalar yadelli işğalçıya müqavimət göstərməyi üstün tutdular.
1648-ci ildə rus kazak dəstələrinin Çukotkaya daxil olmasından sonra
1778-ci ilə qədər fasiləsiz 150 il müharibələr davam edib. Amma bu
asılılıq da formal xarakter daşıyıb və dağınıq icmalar halında yaşayan
çukçalar XX əsrin əvvəllərinə qədər ruslarla yalnız ticarət xatirinə
ünsiyyətə daxil olurdular. Hələ XIX əsr Rusiya imperiyasında çap edilən
xəritələrdə çukçalar “tabe edilməmiş xalq” kimi göstərilib.
1930-cu illərdən başlayaraq Uzaq Şərqdə əmək düşərgələri (QULAQ)
yaradılmağa başlayır. Bölgəyə sürgün edilən on minlərlə sovet vətəndaşı
istər-istəməz çukçaların daha intensiv şəkildə sovet cəmiyyətinə
inteqrasiya olunmasına şərait yaradıb. Paralel olaraq əsrlərlə Rusiya
imperiyasının tərkibində qalan çukçalar ənənəvi şamanizm dinini
pravoslavlıqla əvəzlədilər. Müasir günümüzdə yalnız ucqar çukça
məskənlərində şamanizm inancının elementləri saxlanılıb. Ekspertlərin
ehtimalına görə, XVII əsrin ortalarında rusların Çukotkaya gəlişinə
qədər bölgədə 8-9 min arası çukça yaşayıb. Uzunmüddətli müharibələr,
assimilyasiya və həyat səviyyəsinin aşağı olması onların artımına mane
olan amillər sayılır.
Abramoviçin çukçaları…
Günümüzdə çukçalar Rusiya Federasiyasının sərt iqlim şəraiti ilə
seçilən şimal-şərq bölgələrindəki geniş arealda məskunlaşıblar. Onların
burada, hətta öz ərazi vahidləri – Çukotsk Muxtar Dairəsi mövcuddur. 721
min kvadrat kilometr sahəyə malik muxtar dairədən savayı, çukçalar
Koryak və Yakutiya subyektlərinin ərazisində də yaşayırlar.
Təəssüfləndirici faktdır ki, bu xalqın nümayəndələri son bir neçə əsrdə
say baxımından xeyli geriləyiblər. 2010-cu ildə ümumrusiya siyahıyaalma
nəticələrinə əsasən, bu azsaylı xalqın cəmi 16 min nümayəndəsi var.
Onların 12 min nəfəri Çukotsk Muxtar Dairəsində yaşayır.
Yeri gəlmişkən, Çukotkada ümumilikdə 50 min sakin yaşayır. Yəni,
aborigen xalq kimi çukçalar öz torpaqlarında ruslardan sonra ikinci
çoxsaylı xalqdır. Çukçalara verilən muxtar dairə statusu da əslində,
formal xarakter daşıyır. Çukotsk Muxtar Dairəsinin bütün siyasi və
administrativ hakimiyyəti rus milliyyətindən olan məmurların əlində
cəmləşib. Təsadüfi deyil ki, uzun illər bölgənin qubernatoru
funksiyasını milyarder Roman Abramoviç icra edib.
Iri balıq sümüklərindən ev tikən çukçalar
Təcrid olunmuş həyat tərzi keçirmələri də çukçaların idarəetmə
strukturlarında təmsil olunmalarını məhdudlaşdıran amillərdən biri hesab
olunur. Bu xalqın nümayəndələri ənənəvi məşğuliyyətləri əsasında 2 yerə
bölünür: tundra çukçaları və sahil çukçaları. Tundra çukçaları
ərazidən-əraziyə keçərək, əsasən ovçuluqla məşğul olurlar. Tədricən
onlar maral sürüləri saxlamağa və təsərrüfatda istifadə etməyə
başladılar.
Sahil çukçaları isə əsasən balıqçılıqla məşğul olurdular. Onlar qış
və payız aylarında kit və suiti ovlayırdılar. Əksər çukçalar tundranın
dərinliklərində “yaranqa” adlanan tikililərdə yaşayırlar. Adətən belə
tikililər ağaclardan, yaxud iri balıqların sümüklərindən hazırlanır.
Yaranqa qonaq gəldikdə ev sahibi “yetık” deyə onu qarşılayır. Bu sözün
mənası “sən gəldin” kimi səslənir. Qonaq isə əvəzində “ii”, yəni, “hə”
sözünü söyləməlidir.
Maralçılığı əsas məşğuliyyətinə çevirən çukçalar sümükdən bəzək
əşyaları hazırlamaq, xəz dəridən müxtəlif formalarda istifadə etmək kimi
sənətkarlıq bacarıqlarına da malikdir. Onların məişətində rəqslərinin
də özünəməxsus yeri var. Ritual rəqs kimi piçeynen (boğazla oxumaq)
tez-tez tətbiq olunur. Ənənəvi musiqi alətləri içərisində varqan və
yarar əsas alətlərdir.
Heç zaman öz əlifbaları olmayan çukçalar üçün 1931-ci ildə kiril
qrafikalı əlifba hazırlanmışdı. Hazırda Çukotkada bu dildə məktəblər
var, Maqadanda isə jurnal və qəzet çapı ilə məşğul olan mədəniyyət
mərkəzi fəaliyyət göstərir.
Uzun müddət soyuq ərazilərdə sərt iqlim şəraitində yaşayan çukçalar
çox qonaqpərvərdilər. Hətta o qədər qonaqpərvərdilər ki, hörmətli qonaq
olarkən öz həyat yoldaşlarını belə, bir gecəlik təklif edə bilərlər. Bu,
xüsusi hörmət əlaməti sayılır. Azsaylı olmaları çukçaların həm də
bir-birinin həyat yoldaşını dəyişməyə, qrup şəklində evlənməyə vadar
edir. Müasir insan üçün ağlagəlməz sayılan bu addım icmanın bütövlüyünü
qorumaq məqsədilə atılır.
Maraqlıdır ki, köçəri çukçalar oturaq çukçalarla ünsiyyət saxlamır və
onları özlərindən aşağı pillədə görürlər. Buna baxmayaraq, öz
unikallığını saxlamış çukçaların sayı tədricən azalmaqdadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8311