İlham Əliyev Ukraynaya niyə getmədi?

09.06.2014 - 10:46

Ukraynada baş verənlər bütün dünyanın gündəmini zəbt etdi və qlobal
bir məsələyə çevrildi. Ukrayna xalqı Yanukoviç hakimiyyətinin
Rusiyameylli siyasətinə etiraz etdi və avrointeqrasiya istəyini
reallaşdırdı. Ölkədə yeni seçkilər keçirildi və Pyotr Poroşenko xalqın
səsini qazanaraq, Ukraynanın prezidenti oldu.

Hadisələrin gedişində hiss olundu ki, Azərbaycan hakimiyyəti
Ukraynada baş verənlərdən narahatdır və Ukrayna xalqının etirazını mənfi
qiymətləndirir. Televiziyada aparılan təbliğat, hökumətin nəzarətində
olan qəzetlərin yanaşması da ondan xəbər verdi ki, baş verənlər
Azərbaycan ictimaiyyətinə “faciə” kimi təqdim olunur. 

Ancaq, Rusiyanın Krımı işğal etməsi, 100-dən artıq ölkənin bu
siyasəti pisləməsi, Azərbaycan hakimiyyətin məcbur etdi ki, könülsüz də
olsa, BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünə səs versin. Bu
səsvermədən sonrakı mərhələlərdə isə, hakimiyyət “gizlənməyə” başladı və
sürüşkən ifadələrlə əsas mətləbdən yayınmaq yolunu tutdu.

Bütün bu yaxın keçmişə ekskurs etməyimizin məqsədi, Ukrayna
prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində Ilham Əliyevin
iştirak etməməsinə işıq salmaqdır.

Bir qayda olaraq hakimiyyət Ukrayna ilə sıx əməkdaşlıqdan, qardaş
ölkə olmağımızdan və səmimi münasibətlərdən ağız dolusu danışır. Digər
tərəfdən hər iki ölkə GUAM-ın üzvüdür, Avropa Ittifaqı ilə birgə
əməkdaşlıq edəcəklər və Ukraynanın tarixində yeni bir dönəm başlayır.
Yəni, kifayət qədər məqamlar var ki, Ilham Əliyevin bu tədbirdə
iştirakını zəruri edirdi.

Başqa maraqlı məqam ondan ibarətdir ki, Avrasiya Ittifaqının üzvü
olan, Qərbə inteqrasiyadan yayınan Belarusun prezidenti Lukaşenko bu
tədbirdə iştirak etdi və Krımın geri qaytarılmasının vacibliyini
söylədi. Ümumiyyətlə, Ukraynada baş verənlərə Lukaşenko dəfələrlə
qətiyyətli mövqe bildirib və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə
edib. Bəs, Ilham Əliyev bu inaqurasiyada niyə iştirak etmədi? 

Qeyd edək ki, Ilham Əliyev belə mərasimlərdə həmişə iştirak edir və
dünya liderləri ilə yan-yana dayanmaqda həvəsli görünür. Nəzərə alsaq
ki, Poroşenkonun inaqurasiyasında 20-dən çox ölkənin prezidenti, 56-dan
çox ölkənin nümayəndələri iştirak edib, o zaman Ilham Əliyev bu
kontingentin sırasında dayanmağa maraqlı olmalıydı.

Bəs, biz nəyin şahidi olduq? Nüfuzlu ITAR-TASS agentliyi məlumat
yaydı ki, spiker Oqtay Əsədov Rusiya nümayəndə heyətinə dəstək vəd edib
və Ukrayna məsələsində Rusiya ilə eyni platformadan çıxış edəcəklərini
bildirib. Oqtay Əsədov bunu təkzib etsə də, bu günə qədər ITAR-TASS
bununla bağlı təkzib verməyib.

Ümumi mənzərəni seyr edəndə aydın olur ki, Ilham Əliyevin Poroşenkonu şəxsən təbrik etməməsi, Rusiya faktoru ilə bağlıdır. 

Baş verənlər həm də onu göstərdi ki, “bizim öz yolumuz var”, “heç kim
bizim daxili işimizə qarışa bilməz”, “biz müstəqil siyasət yürüdürük”
kimi ifadələr ölkə vətəndaşları üçün keçərlidir. Yəni, ölkə başçısı nə
qədər həvəsli görünsə də, Rusiya faktoru Ukraynaya qədər getməyə imkan
vermədi. Lukaşenko isə, nə qədər müstəqil, qətiyyətli olduğunu bir daha
göstərdi. Ən azı sübut etdi ki, dediyi sözləri əməli ilə də təsdiqləməyə
qadirdir.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31