Oqtay Əsədov oliqarxlardan qorxur, yoxsa bacarmır?

09.06.2014 - 10:49

“Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunmur”

Millət vəkili rəhbərliyin Rəqabət Məcəlləsini müzakirəyə çıxara bilməməsindən danışdı

Nemət Əliyev: “Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunmur”

Ölkədə böyük inhisarçılığın, korrupsiyanın olduğu heç kimə sirr deyil
və uzun illərdi bütün bunları sübuta yetirmək üçün kifayət qədər
faktlar ortaya çıxıb.   Milli Məclisin sosial siyasət komissiyasının
üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov “Reytinq” qəzetinə müsahibə verib
və bu istiqamətdə diqqətçəkən məqamlara toxunub.

Millət vəkili bildirib ki, bugün ölkədə inhisar var və bunu gizlətmək
lazım deyil. Uzun illərdi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul
olunması dalana dirənib. Vahid Əhmədov da etiraf edir ki, Rəqabət
Məcəlləsini qəbul edə bilmirik: “Rəqabət  Məcəlləsi gündəliyə salınıb,
amma MM-in rəhbərliyi tərəfindən müzakirəyə çıxarılmır ki, onu qəbul
edək.  Rəqabət Məcəlləsi Azərbaycan üçün çox vacib sənəddir. Deyə
bilmərəm ki, MM-in rəhbərliyi ölkədə inhisarçılığın qalmasına
maraqlıdır. Amma fakt odur ki, 7-8 il vaxt ötsə də qanun qəbul olunmur” –
deyə Vahid Əhmədov bildirib.

Bazar iqtisadiyyatının əsas prinsiplərindən biri ölkədə rəqabət
qabiliyyətli istehsalın, iqtisadi sistemin formalaşdırılmasıdır. Rəqabət
Məcəlləsi haqqında qanunun qəbulu  sahibkarlıq subyektlərinin
fəaliyyətinə süni şəkildə maneələri aradan qaldıra bilər. Bu isə,
inhisarçı oliqarxların maraqları ilə ziddiyyət təşkil edir. Vahid
Əhmədov da müsahibədə bildirir ki, əsas problemi iri inhisarçılar
yaradır: “Hamı yaxşı bilir ki, xırda sahibkarların inhisarçılıqla məşğul
olması mümkün deyil. Yalnız iri inhisarçılar hər yeri əhatə ediblər.
Onlar istəmirlər ki, bu qanun qəbul olunsun. Çünki, qanunun qəbul
olunması, bazarda azad rəqabətin olması üçün şərait yaradacaq”- deyə
Vahid Əhmədov bildirib.

Millət vəkili iri inhisarçıların kimliyi haqda konkret adlar çəkməyib və Azərbaycan reallığında bu başa düşüləndir. 

Ancaq, heç kimə sirr deyil ki, ölkədə inhisarçılıq ilk növbədə hakim
ailədən başlanır. Jurnalist araşdırmaları sübut etdi ki, Azərsun
holdinqdən tutmuş, bank sektoruna qədər bütün sahələrə hakim ailə
rəhbərlik edir. Yaxud, idxal monopoliyasının Kəmaləddin Heydərovun
nəzarətində olması da heç kimə sirr deyil. Digər nazirlərin də nəzarət
etdiyi sahələrlə bağlı kifayət qədər faktlar var. Yəni, Rəqabət
Məcəlləsinin qəbuluna əngəl törədən, məhz yüksək vəzifə tutmuş
şəxslərdi. Millət vəkili də etiraf edir ki, hətta Oqtay Əsədov da qanunu
müzakirəyə çıxara bilmir. Çünki, azad sahibkarlığın qarşısına sədd
çəkən hansısa sıradan şəxslər deyil ki, onlara qarşı mübarizə
aparılsın. 

Bu faktlar sübut edir ki, sahibkarlığın inkişafı, azad ticarətin şaxələnməsi, bir neçə iri məmurun marqlarına qurban verilib. 

Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki,
“Rəqabət haqqında” qanunun qəbul olunması çox vacibdir. Çünki bazar
iqtisadiyyatının əsas prinsiplərindən biri rəqabət qabiliyyətli iqtisadi
sistemin formalaşdırılmasıdır. Eyni zamanda bu hüquqi mexanizmin
yaradılması baxımından əhəmiyyətlidir. “Istehsalla məşğul olan
müəssisələr, xidmət sahələri rəqabət qabiliyyətli olmalıdır. Bunu ona
görə etmək lazımdır ki, həm inkişaf etmiş ölkələrin iqtisadi sisteminə
rahatlıqla inteqrasiya etmək imkanları yaransın, həm də xarici
bazarlarda rəqabətə tab gətirə biləcək mallar istehsal edək və ya
xidmətlər təşkil edə bilək. Rəqabət qabiliyyətimiz olmasa xarici bazar
mövqelərimizi möhkəmləndirə bilmərik, dayanıqlığımızı itirə bilərik”.

Ekspert hesab edir ki, bugün rəqabət haqqında qanunun qəbul olunması
birinci şəxsin iradəsinə bağlıdır: “Bəs rəqabət qabiliyyətimiz yoxsa,
iqtisadi müstəqilliyimizi hansı yolla qoruyub saxlamalıyıq? Bu yol
tutulmasa Azərbaycan əmtəə nişanlarını necə tanıda bilərik? Ona görə də
rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq başlıca hədəflərimizdən biri
olmalıdır. Bu yolda da “rəqabət haqqında” qanunun qəbul edilməsi başlıca
şərtlərdən biridir. Bu qanun qəbul edilməsi ilə, heç olmasa, hüquqi
baxımdan, təbii, yaxud da qeyri-təbii monopolistlərin, sahibkarların
əl-qolunu bağlayan əməllərinin qarşısını almaq olar. Əlbəttə, rəqabət
qanununun qəbulu ilə hər şey yoluna düşmür. Çünki, bu ölkədə qanunlar
işləmir, məmur özbaşınalığı var, vahid siyasi iradə yoxdur, vəzifə
səlahiyyətlərindən sui-istifadə olunur, məhkəmələr asılı durumdadırlar.
“Antiinhisar siyasəti haqqında” qanunun olmasına rəğmən, sahibkarların
hüquqları kəskin şəkildə tapdanır. Normal ölkələrdə olduğu kimi kompleks
siyasi, inzibati, iqtisadi, hüquqi mexanizmlər işlənib hazırlanmalıdır
ki, sahibkarlar rəqabət qabiliyyətli istehsal qura bilsinlər. Konkret
desək, Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun
qəbul olunmur”.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31