İranla sərhəddə silahlı narkotik qaçaqçıları tutulub
Trend Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, 2014-cü ilin 4 iyun tarixində Horadiz sərhəd dəstəsinin
xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə
gətirilməsi cəhdinin qarşısı alınıb.
Həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı
sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisində
mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan
Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə
cəhd etmiş İİR vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü
Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb.
Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunub.
Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət
Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik
vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət
sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.
İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb
olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər
iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8318