Təhsil İdarəsindən məktəb direktorlarına xəbərdarlıq
“Mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”
Bakı şəhəri
üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərinin rəhbərlərinə müraciət
edib. BŞTİ-dən APA-ya verilən xəbərə görə, Bakı şəhərində yerləşən
dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin
peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının
müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində müəllimlərin
bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq. Bu məqsədlə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son
hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və
İdarənin rəsmi “Facebook” səhifəsində verilən suallar cavablandırılır və
bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır:
“Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə, bəzi məktəb
rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən
gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini
bildirirlər. Bununla əlaqədar bildiririk ki, əslində Sınaq
Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq
obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera
inkişafını müəyyənləşdirmək, nəticə yönümlü əməkhaqqı sistemini
stimullaşdırmaq, təhsil verənin daim öz bilik və bacarıqlarını artırması
üçün münbit şərait yaratmadır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə
görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq. Sınaq
Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı
bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş
müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif
mexanizmlər tətbiq ediləcək.
Qeyd edək ki,
neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi
mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8323