Qaz savaşında qəfil dönüş
Azərbaycan Rusiyanın “Cənub axını”ına girə bilər
Azərbaycan Rusiyanın “Cənub axını”ına girə bilər
Bolqarıstan hökuməti Rusiyanın “Cənub axını” qaz kəmərinin
ölkə ərazisində tikintisini Avropa Komissiyasının təzyiqləri ilə
dayandırıb.
Bolqarıstan
hökumətinin ötən həftə qəbul etdiyi bu qərarın ardınca Avstriya,
Macarıstan və Serbiya da analoji addım ata bilər.
Nəticədə Rusiyanın Ukraynadan yan keçməklə Avropaya çəkmək istədiyi
yeni kəməri layihəsi iflasa uğrayacaq. Moskva bəyan edir ki, baş
verənlər Ukrayna hadisələri ilə bağlıdır və Rusiyaya qarşı enerji
şantajıdır.
Bolqarıstan baş naziri Plamen Oreşarskinin “Cənub axını” kəmərinin
tikintisinin dayandırılması barədə qərar verdiyini ötən bazar günü
bolqar KİV-ləri xəbər yayıb. Səbəb kimi Avropa Komissiyasının iyunun
3-də qəbul etdiyi tələbdir.
Eyni zamanda Avropa Komissiyası “Cənub axını” kəmərinə digər qaz təchizatçılarının da buraxılmasını tələb edir.
Avropa Komissiyası həmçinin Bolqarıstanda “Cənub axını” kəmərinin
tikintisi ilə bağlı keçirilmiş tenderin də nəticələrindən narazıdır. Bu
tenderi Rusiya prezidenti Vladimir Putinin dostu, “Gunvor” neft
treydinqi şirkətinin rəhbəri Gennadi Timçenkonun “Stroyqaztrans” şirkəti
ilə Bolqarıstanın “Gasproekt Jug” şirkəti udub.
Beləliklə, Avropa Komissiyasının qərarından sonra Bolqarıstan dilemma
qarşısında qalıb. Rusiyanın Bolqarıstanda mövqelərinin güclü olmasına
baxmayaraq bu ölkənin hökuməti ya Avropa İttifaqından çıxmaq, ya da
“Cənub axını”nı dayandırmaq barədə qərar verməli idi. Çünki Avropa
Komissiyasının qərarları üzv ölkələr üçün məcburidir.
“East European Gas Analysis” şirkətinin rəhbəri Mixail Korçemkin
hesab edir ki, Bolqarıstanın ardınca Avstriya, Macarıstan, həmçinin Aİ
üzvlüyünə namizəd olan Serbiya da “Cənub axını”nın tikintisini
dayandırmaq barədə qərar verə bilər.
Ekspertin qənaətinə görə, Rusiya bu layihəni həyata keçirmək üçün
Aİ-nin şərtlərinə əməl etməli, “Cənub axını”na digər təchizatçıları
buraxmalı olacaq.
Mixail Korçemkinin fikrincə, söhbət 2019-cu ildən başlayaraq Avropaya
TANAP və TAP kəmərləri ilə ildə 10 milyard kubmetr qaz nəql etməyə
hazırlaşan Azərbaycandan gedir. Əks halda “Qazprom” illərdir üzərində
işlədiyi “Cənub axını”nı Aİ-nin dəstəklədiyi “Nabucco” layihəsi kimi
dəfn etməli olacaq.
Rusiyanın Yanacaq və Energetika Nazirliyindən isə deyiblər ki,
hələlik Bolqarıstan hökumətinin qərarı onlara daxil olmayıb. Nazirlikdən
bildirildiyinə görə, Avropa Komissiyasının təzyiqləri siyasidir və
məqsəd Ukraynadan yan keçməklə yeni kəmərin tikintisinə imkan
verməməkdir.
Ekspertlərin qənaətinə görə, indi Rusiya buna cavab olaraq Ukraynaya
qarşı təzyiqləri artıra, o cümlədən bu ölkəyə satdığı qazın qiymətini
aşağı salmaqdan imtina edə bilər. Belə ki, Rusiya-Ukrayna qaz
münaqişəsində “Cənub axını” əsas alver predmeti hesab olunurdu.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8327