Dünyanı sirkələyən rüşvət qalmaqalı
Ərəblərin rüşvəti dünya futbolunu çalxalayır

Qətərdə 2022-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə
dünya çempionatının rəsmi sponsoru olan məşhur və nəhəng şirkətlər
FİFA-nın korrupsiya qalmaqalı ilə bağlı hiddət və narazılıqlarını bəyan
ediblər.
FİFA ilə partnyorluq hüquqlarına 180 milyon
dollar ödəmiş 6 sponsordan 3-ü korrupsiya qalmaqalından narazılığını
rəsmi bəyanatda dilə gətirib.
“Visa” ödəniş kartları
şirkəti bildirib ki, “öz partnyorlarının yüksək etik qaydalara əməl
etməsi və onların şəffaflığı şirkət üçün mühüm amildir və şirkət FİFA-da
aparılan daxili təhqiqatı diqqətlə izləyəcək”.
Yaponiyanın “Sony” şirkəti də FİFA-nı “təmizliyə, etik davranışa və ədalətə” çağırıb.
Almaniyanın idman geyimləri hazırlayan “Adidas” şirkəti də eyni mövqedən çıxış edib.
Şirkətin
açıqladığı rəsmi bəyanatda bildirilir ki, “futbol ətrafında gedən
indiki ictimai debat nə FİFA-ya, nə də onun sponsorlarına başucalığı
gətirmir”.
Mediada çıxan xəbərlərə görə, FİFA-nın daha
üç sponsorunun – “Airline Emirates”, “Hyundai/Kia” və “Coca-Cola”
şirkətlərinin də bəyanatla çıxış edəcəyi gözlənilir.
Britaniyanın “The Sunday Times” qəzeti öz sayında FİFA-da korrupsiyaya dair yeni faktlar açıqlayıb.
Qəzet yazıb ki, FİFA-nın keçmiş vitse-prezidenti Mohamed bin Hammam 2022-ci
il futbol çempionatının ev sahibliyi üçün keçirilən səsvermə ərəfəsində
səs verəcək futbol rəsmiləri ilə Qətər kral ailəsinin görüşünü təşkil
edib.
“The Sunday Times”ın iddialarına görə, Qətər
Futbol Federasiyasının rəhbəri Mohamed bin Hammam öz ölkəsinin
çempionata ev sahibi olmasına 5 milyon dollar məbləğində rüşvət ödəyib.
FİFA prezidenti Blatter: “Bir az səbr edin…”
Qətər
hökuməti isə israr edir ki, çempionatın ev sahibliyinə yiyələnmək üçün
ləyaqətli davranıb və təhqiqatın da bunu doğrulayacağına ümid bəsləyir.
FİFA-nın tənqidinə siyasətçilər də qoşulublar. Britaniyanın əsas müxalifət partiyası olan leyboristlərin lideri Ed Miliband FİFA təhqiqatçısı Maykl Qarsiyanı tənqid atəşinə tutub.
Qarsiya
bildirib ki, indi üzərində işlədiyi “sızdırılmış sənədləri” araşdırıb
qurtarmayınca, yeni iddiaların təhqiqatına başlamayacaq.
FİFA rəhbəri Yozef Blatter də tənqidçiləri səbrli olmağa və təhqiqatın nəticələrini açıqlayacaq hesabatı gözləməyə çağırıb.
FİFA-nın ləğvinə çağırışlar
İndi Qərb ölkələrində 2022-ci il futbol üzrə dünya çempionatına
ev sahibliyi üçün səsvermənin yenidən keçirilməsinə çağırışlar daha
tez-tez səslənir.
Qərb mətbuatı Qətərin namizədliyinə
lap əvvəldən etiraz edərək bildirirdi ki, bu ölkənin qızmar iqlimi
matçların normal qaydada keçirilməsinə imkan vermir və Qətər ümumiyyətlə
futbol ölkəsi deyil.
Bəzi tənqidçilər isə dünya futboluna rəhbərlik edən qurum kimi bütövlükdə FİFA-nın ləğv olunmasını istəyir.
FİFA
sponsorlarının hər dördillik dünya çempionatı dövrəsinə 1,5 milyard
dollar ödəyir və bu vəsaitin itirilməsi dünya futbol idarəsinin sonu
demək olardı.
İnsan haqları və futbol
“The Sunday Telegraph” qəzeti yazır ki, Qətər
stadionlarında çalışan miqrant fəhlələrin haqlarının pozulması iddiaları
da FİFA-ya başağrısıdır və təşkilat dünya çempionatları üçün ev
sahiblərini seçərkən insan haqlarına münasibəti nəzərə almaq qaydalarını
müzakirəyə çıxarıb.
M.Qarsiyanın 2018-ci il çempionatına ev
sahibliyinin Rusiyaya necə verilməsini araşdırması da gələn xəbərlər
arasındadır. Qarsiya təhqiqatın nəticələrini iyulun ortalarında açıqlayacağını vəd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8328