“Kütləvi ixtisar yoxdur, cəmi 2 min işçini çıxarırıq”

09.06.2014 - 17:08

“Yeni səhmdar cəmiyyətdə 11 min işçiyə ehtiyac yoxdur”. Bunu
Axar.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də kütləvi işdənçıxarma
ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən QSC sədrinin köməkçisi
Vüqar Sadıqov bildirdi:
 

“Buna kütləvi işdənçıxarma demək olmaz. Bu, sadəcə olaraq, yeni
qurumun yaradılması ilə əlaqədar olan təbii ixtisar prosesidir.
Bildiyimiz kimi, cənab prezidentin sərəncamı ilə keçmiş Dövlət Xəzər
Dəniz Gəmiçiliyi və Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması
birləşdirilərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar
Cəmiyyəti (QSC) yaradılıb. Keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində
təxminən 6 min, Xəzər Dəniz Neft Donanmasında isə 5 min adam işləyirdi.
Yeni səhmdar cəmiyyətdə isə 11 min işçiyə ehtiyac yoxdur. Burada yeni və
çevik kommersiya qurumu yaradılıb və onun da əsasında artıq ştat
vahidləri ixtisara salınıb. Bu, təxminən, 1000-2000 arasında bir
rəqəmdir”.
İşdən çıxarılanlara ixtisaslarına uyğun işlər təklif etdiklərini
deyən qurum rəsmisi bəzi şəxslərin bunu qəbul etdiyini, bəzilərinin isə
qəbul etmədiyini bildirdi:

“İşdən azad edilənlər arasında xeyli sayda təqaüdçü yaşına çatmış
var idi ki, onlar təqaüdə göndərildi. Həmçinin, öz ixtisası üzrə
çalışmayanlar var idi və onlar ixtisara salındı. Bizdə əsasən işçinin
tutduğu vəzifəyə uyğun gəlməsinə və yeni strukturda ona ehtiyac
olub-olmamasına nəzər yetirilir. İşdən çıxarılanların bir xeyli hissəsi
var idi ki, dünənə qədər öz ixtisasına uyğun işləmirdi, amma bizim başqa
bir qurumumuzda onun ixtisasına ehtiyac var və biz onlara özümüz başqa
işlər təklif etmişik. Bu təkliflə razılaşanlar və razılaşmayanlar var”.

Vüqar Sadıqov işdən azad edilənlərin Xəzər Dəniz Gəmiçilik
İdarəsinin keçmiş rəhbəri Aydın Bəşirovun qanunsuz yolla işə qəbul
etdiyi işçilər olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirdi: “Bizdə elə bir məlumat yoxdur. Bu, hər hansı bir təhqiqatın,
araşdırmanın mövzusudur və mən buna rəsmi heç bir şey deyə bilmərəm.
Yalnız onu deyə bilərəm ki, ixtisarlar yeni qurumun yaradılması ilə
bağlı gedir və burada əsas meyar öz peşəsinə uyğunluq və professional
keyfiyyətlərdir. Çünki yeni qurum mənfəətsiz, yəni ziyanla işləyə bilməz
və ona görə ölçü götürülməlidir ki, müəssisə gəlirlə işləsin və
işçilərin maaşı vaxtında verilsin. Bildiyimiz kimi, biz büdcədən
maliyyələşmirik, yəni dotasiya almırıq. Yalnız yükdaşımalardan gələn
gəlirlər hesabına tam təsərrüfatlı şirkət kimi işləyirik”.
İxtisara salınacaq vəzifə və işçilərin sayının dəqiq bəlli
olmadığını deyən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin
köməkçisi prosesin davam edəcəyini açıqladı: “Bu, davam edən prosesdir və işlədikcə özünü göstərəcək. Əgər
hansısa idarədə ixtisar aparılıb, filan qədər işçi işdən azad edilibsə
və gələcəkdə görsək ki, burada əlavə işçiyə ehtiyac var, o zaman yeni
ştat vahidləri yaradılacaq. Hər bir halda, fərdi yanaşma qaydası ilə bu
məsələlərə baxılacaq”.
Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi GSC-də kütləvi
işdənçıxarma prosesinin başlandığı və işdən çıxarılanların əksəriyyətin
keçmiş rəis Aydın Bəşirov tərəfindən qanunsuz işə alınanlar olması ilə
bağlı Axar.az özəl mənbələrə istinadla xəbər yayıb. Xəbərdə bildirilir
ki, qanunsuz işə götürülənlər əvvəlki rəhbərlik tərəfindən
aldadıldıqlarını əsas gətirərək, Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırlar.
 
*****
15:16
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də kütləvi ixtisarlara start verilib.
Bu haqda Axar.az-a QSC-in adının çəkilməsini istəməyən səlahiyyətlisi məlumat verib.
Bildirilir ki, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə rəhbərlik etdiyi
dönəmdə 1000-dən çox işçinin neqativ yollarla işə düzəlməsi faktı ilə
bağlı araşdırma aparılır. 
Mənbə qeyd edir ki, bu işə götürmə kompaniyası A.Bəşirovun
televiziya vasitəsi ilə “bizim işçilərimizin ən az maaşı 2.000 manat
olacaq” deməsindən sonra başlayıb. 
Prosesi Kardlar İdarəsinin rəisi Rövşən İmamverdiyev və rəis
müavini, A.Bəşirovun yaxın qohumu Firudun Ömərovun həyata keçirdiyi
iddia edilir. İşə götürülənlərin sənədlərinin rəsmən qeydiyyata
alınmadığı, sadəcə, Dəniz Administrasiyasına müraciət əsasında həmin
adamların saxta yollarla işə düzəldiyi vurğulanır. 
Hazırda aparılan yoxlamalarla üzə çıxan bu faktlar üzrə kütləvi işdənçıxarma aparılır.
Pulları alınaraq, “müvəqqəti statusla” işə götürülən şəxslərin Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyi
də verilən məlumat sırasındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31