Ülviyyə Abdalovanın şikayəti bəhrə verdi
Sahə müvəkkili ilə bağlı rəsmi araşdırma başladıldı
Bakının Yasamal rayonunun 28-ci polis bölməsinin əməkdaşı, sahə müvəkkili Şahverənov Nizami Misir oğlu ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmaya start verilib. Bu barədə cumhuriyyet.az-ı son günlər “MTN işi” bağlı gündəmə gələn xanım iş adamı Ülviyyə Abdalova məlumatlandırıb.
Ü.Abdalovanın sözlərinə görə, N.Şahverənovla bağlı onun və daha bir neçə vətəndaşın Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı müraciətlər sahə müvəkkili ilə bağlı rəsmi araşdırmanın başladılmasına səbəb olub: “N.Şahverənovun sahə müvəkkili olaraq polis adına yaraşmayan hərəkətlərə yol verməsi, vətəndaşları yersiz yerə incitməsi, onlarla kobud davranması, rüşvət tələb etməsi yalnız məni deyil, bir sıra vətəndaşların da sözügedən polis əməkdaşından əlaqədar qurumlara şikayət etməsinə səbəb olmuşdur. Və aldığım məlumata görə, bu gün N.Şahverənovla bağlı Bakı Şəhər Baş Polis İdarəsində rəsmi araşdırmaya start verilib.
Mən vətəndaşların müraciətinə həssaslıqla yanaşdığı üçün həm DİN, həm də Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə bütün vətəndaşlar adından öz dərin təşəkkürümü bildirirəm. Onlara təşəkkür edirəm ki, polis mundirinin müqəddəsliyinə xələl gətirən, polis adına yaraşmayan hərəkətlərə yol verən N.Şahverdiyevlə bağlı şikayətimizə həssaslıqla yanaşıb və bu şəxslə bağlı araşdırma qərarı veriblər. Bir daha başda hörmətli daxili işlər naziri Ramil Usubov cənabları olmaqla bütün rəhbərliyə öz təşəkkürümü bildirir, səmimi minnətdarlığımı ifadə edirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=83659