Səbayel icra hakimiyyətində rüsvayşılıq

10.06.2014 - 01:10

Abbasqulu ağa Bakıxanovun qohumundan ev tikdirmək üçün rüşvət istəyirlər

 

 

 

Abbasqulu ağa Bakıxanovun qohumundan ev tikdirmək üçün rüşvət istəyirlər

 

 

Bakıda fərdi yaşayış evi tikdirməklə bağlı ciddi problemlərin
olması məlumdur. Əsas problemlərdən biri də müvafiq qanuni sənədlərin
olduğu halda icra strukturlarına “şirinlik” vermək zərurətidir. Bunu
tikintiyə başlamağa cəhd etdiyin anda özləri peyda olan məmurlar
istəyir.

 

Səbayel rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1689a saylı
sahədə qanuni olaraq 0,06 hektar torpaq sahəsində fərdi yaşayış evi
tikdirə bilməyən Arifə Bakıxanova da eyni problemlə üzləşib.

 

Üzləşdiyi problemlə bağlı virtualaz.org saytına müraciət edən Arifə Bakıxanova
deyir ki, ev tikdirmək üçün müvafiq qanuni sənədləri Səbayel Rayon İcra
Hakimiyyətinə (RİH) təqdim etsə də 2 ilə yaxındır ki, aldığı cavablar
yalnız “müraciətinizə baxılır”, “cavab veriləcək”dən ibarətdir.

 

A.Bakıxanova deyir ki, yaşadığı mənzili 2012-ci ildə sataraq yuxarıda
qeyd etdiyimiz ünvanda qızı Fəridə Cabbarovanın adına torpaq sahəsi
alıb. Məqsədi isə burada fərdi yaşayış evi tikdirmək olub. Lakin 2 ilə
yaxındır Səbayel RİH-in “həri”sini ala bilmir.

 

 

Şikayətçi virtualaz.org-a açıqlamasında bildirdi ki, ev tikdirmək
üçün Səbayel RİH-ə ilk dəfə 2013-cü ilin əvvəllərində müraciət edib:
“Ötən il fevral ayının 28-də icra hakimiyyətinə müraciət edərək şəxsi
torpağımda fərdi yaşayış evi tikdirmək üçün icazə istədim. Bütün müvafiq
sənədlərim qaydasındadır. “Bakıelektrikşəbəkə”, “Azərsu” və
“Azəriqaz”dan mənə aid olan torpaq sahəsində tikintiyə mane olacaq heç
bir kommunikasiya xəttinin keçmədiyini təsdiq edən sənədləri də alaraq
icra hakimiyyətinə təqdim etdim. Aldığım cavabda deyilirdi ki, “ev
tikintisi Şəhərsalam və Tikinti Məcəlləsinin tikintiyə icazə
verilməsinin ümumi qaydalarına müvafiq olaraq barəsində tikinti ərazisi
üçün qüvvədə olan müfəssəl plan əsasında həyata keçirilməlidir”. Mənə
deyildi ki, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi məqsədilə
ümumi və müfəssəl planın hazırlanması başa çatdıqdan sonra müraciətə
baxılacaq”.

 

A.Bakıxanova bu cavabdan sonra deputat Tahir Rzayevin qəbulunda olub.
T.Rzayev tərəfindən qəbul edilən və dinlənilən A.Bakıxanovanın ev
tikdirməsinə icazə verilməsi üçün deputat tərəfindən icra hakimiyyətinə
müraciət göndərilib.

 

Bu arada A.Bakıxanova deputat Fuad Muradova da müraciət edərək bu
işdə ona dəstək olmasını istəyib. Hər iki deputatın adından icra
hakimiyyətinə müraciət ünvanlanıb.

 

Şikayətçi deputatların müraciətindən sonra Səbayelin icra başçısı
Asif Əsgərovun da qəbulunda olub. İcra başçısı şikayətçini dinləsə də
sonradan ona verilən rəsmi cavab birinci ilə eyni olub. Yəni
“müraciətinizə baxılacaq…”

 

Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinə müraciət
edən, komitənin aparat rəhbəri Elmar Hüseynzadənin qəbulunda da olan
A.Bakıxanova buradan aldığı rəsmi cavab əsasında icra hakimiyyətinin
“müraciətinizə baxılacaq” kimi fikirlərinin heç bir əsasının olmadığını
bir daha sübut edir.

 

Komitədən A.Bakıxanova verilən cavabda deyilir: “Fəridə Cabbaravoya
məxsus torpaq sahəsində ev tikmək üçün “Azərtikintiproyekt” MMC
tərəfindən 2 mərtəbəli fərdi yaşayış evinin layihəsi hazırlanıb. Layihə
üzrə evin hündürlüyü 8,6 metrdir. Lakin vətəndaşın müraciətinə icra
hakimiyyətindən verilən cavab məktublarında ümumi və müfəssəl planın
hazırlanmasından sonra tikintiyə “icazə” verilməsi məsələsinə baxılacağı
qeyd olunub. Bu isə “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının 29 iyun, 2012-ci il tarixli, 392 nömrəli
qanununun 2.2-ci maddəsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1,
74.1 və 80-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.

 

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin
tələbinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və
aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi
ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi
üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin
hazırlanması tələb olunur.

 

Həmçinin məcəllənin 80.2-ci maddəsinin tələblərinə əsasən barəsində
məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə
icazənin alınması tələb olunmur.

 

İcra hakimiyyətindən verilən cavab məktubunda işlədilən “…tikintiyə
icazə verilməsi, tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan
əsasında həyata keçirilir” cümləsinin istinad olunduğu məcəllənin
75.1-ci maddəsinin 3-cü cümləsində, müfəssəl plan olmadıqda bu
müraciətlərin məcəllənin 11-ci maddəsinə əsasən yoxlanılması tələb
olunduğu qeyd olunur. Həmin maddənin birinci cümləsində nəzərdə tutulmuş
müddəa (tikinti layihələrinin müfəssəl plana uyğunluğuna dair) bu
məcəllə qüvvəyə mindiyi gündən 3 il sonra, yəni 2016-cı il, yanvarın
1-dən qüvvəyə minir.

 

 

Odur ki, vətəndaşı A.Bakıxanovanın müraciəti Şəhərsalma və Tikinti
Məcəlləsinin 11.1 və 80-ci maddələri, həmçinin “Şəhərsalma və Tikinti
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il, 29 iyun
tarixli, 392-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası prezidentinin 4 sentyabr, 2012-ci il tarixli fərmanının
4.11-ci maddəsinin (http://az.president.az/articles/5777) tələblərinə uyğun həll edilməlidir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaş A.Bakıxanovanın
ərizəsinin qanunvericiliyə uyğun olaraq baxılmasını xahiş edirik”. 

 

Komitədən aldığı bu cavabla yenidən icra hakimiyyətinə müraciət edən
A.Bakıxanova yenə də razılıq ala bilməyib. İcra hakimiyyətindən bu dəfə
verilən cavabda deyilib: “Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq
qaldırılan məsələyə baxılır. Nəticə barədə əlavə məlumat veriləcək”.

 

Bu il fevralın 28-də icra hakimiyyətindən “əlavə məlumat veriləcək”
cavabını alan A.Bakıxanova deyildiyi kimi, əlavə məlumat ala bilməyib.
Mayın sonunda isə icra hakimiyyətindən zəng edərək “əlavə məlumat
veriləcək” xəbərdarlığı bir daha edilib.

 

Yaranan vəziyyətdən baş açmadığını deyən A.Bakıxanova torpağı olduğu
ərazidə hazırda tikinti işlərinin getdiyini deyir: “Torpaq sahəmizin
dörd bir tərəfində tikinti gedir. Bilmirəm axı bu necə olur ki, yalnız
bizə qadağa var. Bütün dövlət strukturlarına, hətta Prezident
Administrasiyasına, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də
müraciət etmişəm. Bütün müraciətlərin sonu gəlib Səbayel Rayon İcra
Hakimiyyətinə çıxır. Buradan da həmişəki kimi “müraciətinizə baxılacaq”
deyilir”.

 

Narazı A.Bakıxanova ev tikmək istədikləri ərazidə dəllalların fəal
olduğunu, müəyyən məbləğ qarşılığında ev tikintisi üçün şərait
yaratdıqlarını dedi: “Harada işlədiyini bilmədiyimiz Sahib adlı bir
nəfər bizə 5 min manat qarşılığında ev tikdirmək üçün şərait yarada
biləcəyini dedi. Biz onun bu təklifi ilə razılaşmadıq. Sonra isə eşitdik
ki, bu şəxs icra hakimiyyətində çalışırmış, amma sonradan işdən
çıxarılıb. Qonşular isə bu icazənin alınması üçün 10 min manat
xərcimizin çıxacağını dedilər. Bu məbləği onlara verəcəyimiz halda bizim
ev tikdirməyimiz mümkün deyil. Müvafiq qanuni sənədlərimiz qaydasında
olduğu halda niyə kiməsə rüşvət verməliyik? Əgər ev tikməyimizə icazə
verilmirsə, ətrafda olanlar necə ev tikir?”

 

A.Bakıxanovanın “torpaq sahəmizin dörd bir tərəfində tikinti gedir”
sözlərindən sonra həmin torpaq sahəsinə yollandıq. Müşahidələrimiz
əsasında deyirik ki, həqiqətən həmin ərazidə qızğın tikinti işləri
gedir. Çox uzaqda yox. Elə Arifə Bakıxanovanın fərdi yaşayış evi
tikdirmək istədiyi torpaq sahəsinin yanında tikinti işlərinin getdiyini
gördük.

 

Həmin ərazidə yaşayan və hazırda ev tikdirən sakinlərdən bəziləri ilə
də söhbət etdik. Onlar ev tikdirmək üçün birbaşa olaraq icra
hakimiyyətinə müəyyən məbləğ ödədiklərini deməsələr də dolayı yolla
dəllallar vasitəsilə kimlərəsə “şirinlik” verdiklərini etiraf etdilər.
Fərdi yaşayış evi tikdirənlər bu “şirinlik” olmasa, ev tikdirməyin
mümkünsüz olduğunu deyirlər. Elə məşhur Abbasqulu ağa Bakıxanovun
nəslindən olan Arifə Bakıxanova kimi…

 

A.Bakıxanovanın dediklərindən və bizim də gördüklərimizdən aydın olur
ki, Səbayel rayon icra başçısının prezident İlham Əliyevin müvafiq
fərmanını (http://az.president.az/articles/5777)
hansı qaydada yerinə yetirdiyi başadüşülən deyil. Əgər prezidentin
fərmanı icra olunursa, niyə A.Bakıxanova fərdi yaşayış evi tikdirə
bilmir? Əgər fərman ümumiyyətlə icra olunmursa, o zaman A.Bakıxanovanın 1
metrlik məsafədə olan gələcək qonşuları necə tikinti işləri aparır?
“Şirinlik” vermədən ev tikdirmək mümkün deyilmi?

 

Bu suallarımız hələlik cavabsız qalır. Mövzuya qayıdacağıq.

 

İlkin Muradov

 

 

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031