Cəmiyyət bütünlüklə mental tələyə düşə bilərmi?

10.06.2014 - 09:46
Mariya Sneqovaya, politoloq, Kolumbiya universitetinin doktorantı

Mariya Sneqovaya, politoloq, Kolumbiya universitetinin doktorantı

 

Iqtisadiyyatın gündən-günə geriləməsi fonunda Putin və Mevedevin
reytinqi durmadan artır. Ötən həftə onlar yeni rekorda imza atdılar:
sorğu nəticəsində son dörd ilin ən yüksək göstəricisi aşkar edildi.
“Levada-mərkəzin” apardığı sorğulara görə, may ayında Putini dəstəkləyən
respondentlərin xüsusi çəkisi 83 faizə yüksəlib, halbuki mart ayının
əvvəlində bu rəqəm 72 faiz idi. Vətəndaşlara 5-6 siyasətçi arasından ən
çox etibar oluna bilən birinin adını çəkmək təklif ediləndə, onlar ən
çox Putinin adını çəkirlər.

Sualın bu cür qoyuluşunda Putin 53 faiz, onun opponentləri isə
birlikdə 34 faiz tərəfdar qazanmışdı (“Levada-mərkəzin” 23-26 may
tarixində apardığı sorğulara əsasən). Niyə iqtisadiyyatın geriləməsi
fonunda hakimiyyətin populyarlığı yüksəlir? Bu sualın cavabı çox güman
ki, iqtisadiyyatda deyil, psixologiya sahəsində axtarılmalıdır.

Hakimiyyətə dəstək mexanizmləri ilə bağlı məsələlər üzərində alimlər
çoxdan araşdırmalar aparırlar. Hələ 1950-60-cı illərdə psixoloq Milton
Rokiç özünün “Açıq və qapalı ağıl” (1960) kitabında gerçəkliyin
idrakının iki əsas tipini təsvir etmişdi. Qapalı ağıl ehkamçılığa
(doqmatizmə) və avtoritetə danışıqsız itaətə meyllidir. Ehkamçıların
əsas xüsusiyyəti: “informasiyanın məzmununu onun mənbəyindən ayırmaq və
onu ayrılıqda qiymətləndirmək bacarıqsızlığı”dır. Başqa sözlə,
informasiyanı qəbul edərkən ehkamçılar avtoritetin təsiri altında olur,
oxuduqları və ya eşitdiklərinə şübhə ilə yanaşmırlar.

Həqiqət kimi qəbul olunan yalanlar

Avtoritet dedikdə heç də həmişə konkret şəxs(lər) nəzərdə tutulmur.
Əvvəllər mənimsənmiş ideya və baxışlar da bu mənada avtoritet ola bilir.
Kelli Qerret və Brayan Uiks 2013-cü ildə dərc olunmuş həmmüəllif əsərdə
göstərirlər ki, insanların gerçəkliyi nə dərəcə adekvat dərk etməsi
onların bunadək mövcud olan şəxsi qənaətlərindən asılıdır. Xüsusi
təcrübələr yolu ilə gəlinmiş nəticələrə görə, insan onun üçün tamamilə
yeni olan informasiyanı yalnız o halda mötəbər qəbul edir ki, bu
informasiya onun dünyagörüşündə (o cümlədən siyasi görüşlərində)
ziddiyyət doğurmur. Bu, mental tələdir: insan öz dünyagörüşünün əsasını
təşkil edən ideyalardan (bunlar tamam yanlış olsa belə) asanlıqla imtina
etmək iqtidarında deyil. Qrem Robertson göstərir ki, avtoritar
sistemlərdə yalanların həqiqət kimi qəbul olunması insanların rejimə
münasibətindən asılıdır. Rejimin gerçək mahiyyətinə bələd olan insanlar
nəinki onun daimi ağ yalanlarını qəbul etmir, hətta rejim yandaşlarının
dilindən səslənən həqiqi faktlara da şübhə ilə yanaşırlar. Çünki rejimə
bir qayda olaraq etibar etmirlər. Əksinə, rejimin mahiyyətini başa
düşməyən insanlar istənilən yalanı həqiqət kimi qavramağa meyllidilər.

Avtoritar sistemlərdə hakimiyyətin fəaliyyəti ilə bağlı həqiqi
məlumatlar əlçatan deyil. Əsas statistik məlumatlar bir qayda olaraq
saxtalaşdırılır, kütlələrə çıxışı olan əsas informasiya vasitələri
(xüsusən televiziyalar) nəzarətə götürülür və onlar rejimin yalanlarına
həqiqət donu geydirib yaymaqla məşğul olurlar. Belə hallarda həqiqətləri
üzə çıxarmaq üçün ciddi səy göstərmək lazım gəlir. Rejimi ifşa edən
məlumatlar bir qayda olaraq rejim əleyhdarları və ya müxalif qüvvələr
tərəfindən üzə çıxarılır. Əksinə, rejim yandaşları belə məlumatları
axtarmağa meylli deyillər, yaxud belə məlumatlar onların diqqətini cəlb
etmir, bəzən hətta rejimi ifşa edən faktlara ikrahla yanaşırlar. Nəticə
etibarı ilə, rejimi ifşa edən məlumatlar kifayət qədər geniş tirajlansa
da, itaətkar kütlələrin beyinə batmır və onların rejimə münasibətini
əsaslı surətdə dəyişmir.

Mütəxəssislərin çıxardığı nəticələr ilk baxışdan pessimist görünür.
Birincisi, müstəqil KIV-lərin və Internetin mövcudluğu özlüyündə
problemin həllinə zəmanət vermir. Insanlar gündəlik rastlaşdığı
informasiyanın yalnız öz dünyagörüşünə zidd olmayan, daha doğrusu,
əvvəldən mövcud qənaətləri daha da möhkəmlədən, onun öz görüşündə haqlı
olduğunu bir daha təsdiq edən informasiyaları həvəslə mənimsəyir,
qalanlarını sadəcə çıxdaş edirlər. Ikincisi, bu cür mental tələ
cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir. Rejimin əleyhdarları və
tərəfdarları arasında ünsiyyət alınmır, çünki onların düşüncə aləmləri
tamam fərqlidir.

Mental tələnin qurbanları

Təcrübə göstərir ki, bir çox hallarda əhalinin böyük əksəriyyəti
mental tələnin qurbanı olurlar. Brayan Kaplanın təbirincə desək, pis
ideyalar pis siyasətə gətirib çıxarır. Bunun əksi də doğrudur: pis
siyasət pis ideyaların yaranmasına səbəb olur. Birincisi, böhran
hallarında insanlar səhvləri müəyyən edib aradan qaldırmaq əvəzinə,
panikaya düşməyə və günahkar axtarmağa meyllidilər. Ikincisi, əvvəldən
seçilmiş kursun dalana dirəndiyini etiraf etmək siyasətçilər və xalq
üçün son dərəcə çətindir. Çünki belə etirafdan sonra siyasi və iqtisadi
kursu təməldən dəyişmək, sistemi yenidən qurmaq lazım gəlir. Xüsusən,
hakim siyasi qüvvə illər ərzində yürüdülmüş yanlış siyasətə görə xalq
qarşısında cavab verməli, ən azı hakimiyyətdən getməlidir. Bütün bunlar
avtoritar rejimlərin təbiəti ilə bir araya sığmır. Onlar ciddi böhranla
üzləşdikdə, yol verilmiş səhvlərə müxtəlif üsullarla haqq qazandırır,
uğursuzluqların daxili və ya xarici destruktiv qüvvələrin əməlləri
ucbatından baş verdiyini kütlələrə təlqin etməyə çalışır, əhali arasında
müxtəlif konspirasiyalar yayır, düşmən obrazları qondarırlar. Nəticədə,
yanlış yoldan çəkilmək əvəzinə, əvvəlki siyasətin intensivliyi daha
artır, iqtisadi tənəzzül daha dərinləşir, siyasət daha qəddarlaşır,
repressiyalar güclənir və s. Yekun etibarı ilə, iqtisadi tənəzzül, pis
ideyalar və səhv siyasət cəmiyyəti dərin böhran vəziyyətinə gətirir.
Başqa sözlə, mental tələ ölkəni yamanlıq kələfinə salır.

Yamanlıq kələfi bu günün Rusiyasının taleyidir

Dünyagörüşünün yanlışlığı, xüsusən Qərb və NATO-nun timsalında
şişirdilmiş təhlükə mənbələrinin əhaliyə təlqin olunması ona gətirib
çıxarıb ki, bu gün Rusiya əhalisinin böyük qismi Putinin Ukraynaya qarşı
sivil dünyanın gözündə yolverilməz olan hərəkətlərini böyük şövqlə
dəstəkləyir.  Xarici investorlar ölkəni tərk edir, dünya biznesi ilə
əlaqələr kritik həddədir, iqtisadiyyat ciddi tənəzzül yaşayır və bundan
sonra daha şiddətlə geriləyəcək. Bütün bunların fonunda hakimiyyətin
reytinqi yüksəlir, çünki rus xalqı yanlış ideyaların əsarətindədir. Rus
xalqının düşdüyü mental tələ yanlışlığı günbəgün dərinləşdirir. Həqiqi
iqtisadi islahatlar aparmaq əvəzinə, hakimiyyət xarici ticarətdə yeni
tərəfdaşlar axtarır (Peterburq iqtisadi forumunda Putinin çıxışı bunu
tam təsdiq edir). Xatırladaq ki, prezidentin müşaviri Sergey Qlazyev
xeyli vaxtdır, radikal özünütəcrid tədbirlərinin görülməsi zərurətindən
danışır. Latın Amerikası ölkələrinin zəngin təcrübəsinə baxsaq, bu cür
tədbirlər iqtisadi tənəzzülü daha dərinləşdirməkdən başqa heç nə vəd
etmir. 

Yanlış siyasətdən geri çəkilməmək, səhvləri təyin edib aradan
qaldırmamaq cəmiyyətə çox baha başa gəlir, həm iqtisadi, həm digər
sahələrdə. Lakin görünən budur ki, bir çox ölkələr öz həqiqət
illüziyaları naminə ağır bədəl ödəməyə hələ də razıdılar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8396

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031