Otaqda olmayan çemodandan necə narkotik çıxdı?

10.06.2014 - 09:53
Yaxud Kürdəmirdə 28 may əməliyyatı

Kürdəmir rayon Söyüdlər kəndinin bir qrup sakinindən “Meydan TV”-yə
şikayət ərizəsi gəlib. Ərizədə qeyd olunur ki, onların həmkəndliləri
Fizuli Əli oğlu Əsgərov “narkotik bitkilərin becərilməsi və satışı”
ittihamı ilə şərlənərək heç bir səbəb olmadan həbsə atılıb. Məsələni
araşdırmaq məqsədilə Kürdəmir rayonunun Söyüdlər kəndində olub və
əslində nəyin baş verdiyini öyrənməyə çalışdıq.

Hadisə necə baş verdi?

Məlumat üçün bildirək ki, 2013-cü il mayın 28-də Kürdəmir Rayon Polis
Idarəsinin və Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları Söyüdlər
kəndində əməliyyat keçirərək, Fizuli Əli oğlu Əsgərovu həbs ediblər.
Həbsin müəmmalı tərəfləri və ziddiyyətli məqamları haqda bir qədər sonra
daha ətraflı məlumat verəcəyik. Hələliksə Fizuli Əsgərov ilə bağlı
həyata keçirilən hüquqi prosedurlara nəzər salaq.

Fizuli Əsgərov həbs edildikdən sonra iş baxılması üçün Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə ona 10 il 6 ay həbs cəzası
kəsib. Hökmlə razılaşmayan müdafiə tərəfi apelyasiya şikayəti verib,
hazırda iş Şirvan Apelyasiya Məhkəməsində baxılır. Indi isə nələrin və
necə baş verdiyini aydınlaşdırmağa çalışaq.

Söyüdlər kəndində əməliyyat Fizuli Əsgərovun qardaşı Vaqif Əsgərov
həmin günü belə xatırlayır: “Biz 2013-cü il mayın 28-də Zərdab
rayonundan, qohumlarımızın birinin yas məclisindən qayıtmışdıq.
Fizulinin yaşadığı evin eyvanında oturub çay içirdik (Fizuli Əsgərovun
özünün şəxsi evi olmayıb, ona hazırda uçub dağılan ata mülkü qalıb, amma
orada yaşamır, elə həmin evlə yanaşı əmisi, eyni zamanda qaynatasının
evində məskunlaşıb – red.). Birdən gördük ki, ata mülkümüz olan və
hazırda yaşayış olmayan evə bir neçə polis maşını daxil oldu. Polislər
avtomatla silahlanmışdı və bu səbəbdən də əvvəlcə nəyin baş verdiyini
anlamadıq. Sonradan isə bəlli oldu ki, onlara qardaşımın narkotik bitki
əkməsi ilə bağlı məlumat daxil olub və əməliyyat qrupu da Söyüdlər
kəndinə elə buna görə gəlib. Gələnlər isə Daxili Işlər Nazirliyinin
Narkotiklərlə Mübarizə Baş Idarəsinin əməkdaşları Elman Zöhrab oğlu
Tərlanov, Qasım Nazim oğlu Hüseynov, Nazim Məzi oğlu Şikarov idi. Onlar
özləri ilə  Salyan şəhərindən Xaqani Böyükağa oğlu Bədəlovu hal şahidi
kimi gətirmişdilər. Xaqaninin o boyda yolu basa-basa gəlib hal şahidliyi
etməsinin özü belə xoş niyyətdən xəbər vermirdi.

Kürdəmir rayonunda isə işə polis işçiləri Fikrət Paşa oğlu Imanov,
Eldəniz Muxtar oğlu Həsənov, Vaqif Paşa oğlu Əhmədov, Nazim Cəfərov
əllərində avtomat olan polislər Emin Mürsəl oğlu Ibadov, Qoşqar və Sahil
adlı əməkdaşlar cəlb olunmuşdular”.

Vaqif müəllimin dediyinə görə, onlar məsələni aydınlaşdırmağa çalışsalar da, buna imkan verməyiblər.

Evdə və həyətdə uzun sürən axtarış nəticəsində heç bir şey
tapılmayıb. Bundan sonra əməliyyatçılar həyətdən çıxaraq hazırda
bələdiyyənin sərəncamında olan ərazidə axtarış aparıblar və oradan
çətənə kolunun aşkarlandığını bildiriblər. Həmin ərazidən tapılmış
çətənə kolunu mühafizə etmək üçün əraziyə iki polis qoyulub. Daha sonra
evdə və həyətdə yenidən axtarış aparılsa da, yenə heç nə tapılmayıb.

“Qolumu qandalladılar”

Baş verənlərin şahidi olmuş Fizuli Əsgərovun oğlu Telman isə həmin
günü belə xatırlayır: “Polislər qəflətən həyətə hücum çəkdilər. Mən belə
şeyi ancaq filmlərdə görmüşdüm. Onlar uca səslə soruşurdular ki,
“Fizuli kimdir?”. Atam irəli çıxaraq Fizuli olduğunu dedi və hər şey də
elə bundan sonra başladı. Həyətə girənlərdən biri atamı vurub yerə
yıxdı. Atamın yerə yıxıldığını görəndə qeyri-ixtiyari olaraq atamı
polislərin əlindən almağa çalışdım. Bundan sonra polislər mənim və
atamın qollarına qandal vuraraq ikimizi də babamın həyətinə gətirdilər.
Sonra mənim qoluma vurduqları qandalı açdılar”.

“Toyuq dərmanı, yoxsa marixuana?..”

Fizulinin digər qardaşı Tofiq Əsgərov da iddia edir ki, bu, qardaşına
atılmış şərdi və polislər haqq-nahaq kimisə tutmağa gəlmişdilər:
“Görünür, plan əvvəlcədən hazırlanıb və bu səbəbdən də onlar Söyüdlüdən
“əliboş” qayıtmaq istəməyiblər. Baş verənlər isə polisin həyata
keçirdiyi əməliyyatdan daha çox faşist davranışına oxşayırdı. Mən
axtarış zamanı onlarla bir yerdə olmuşam, onlar evdən və həyətdən heç nə
tapa bilmədilər”.

Onun sözlərinə görə, əməliyyatçılar birdən qışqırmağa başlayıblar ki,
“aha, tapdıq”. Amma tapılanın nə olduğu aşkarlanandan sonra çox gülməli
vəziyyət yaranıb: “Zərdabdan, baytarlıq aptekindən toyuq-cücə üçün ağ
rəngdə olan dərman almışdıq. Əməliyyatçılardan biri həmin dərmanı
tapanda dedi: “Görürsünüzmü, tapdıq, bu, marixuanadı”. Biz ona bunun
toyuq dərmanı olduğunu dedik və uzun “araşdırmalardan” sonra bunun belə
olduğuna polisləri inandıra bildik.

“Kaş açarı polisə verməyəydim”

Gecə saatlarına qədər davam edən axtarış nəticəsində evdə və həyətdə
heç nə tapmayan əməliyyatçılar Fizuli Əsgərovun həyat yoldaşı Nəzakət
Əsgərovadan evin açarlarını istəyiblər: “Dedilər ki, açarları bizə
verin, yoldaşın əynini dəyişmək istəyir. Açarları onlara verdim, amma
Fizuliyə əynini dəyişməyə də imkan vermədilər, elə oradanca maşına
otuzdurub apardılar. Kaş açarı onlara verməyəydim, nə bilim başımıza
belə oyun açacaqlar?”.

Amma Fizuli Əsgərovu Polis Idarəsinə aparsalar da, əməliyyatçılar
Söyüdlər kəndini tərk etməyib. Gecəni Fizuli Əsgərovun ata yurdu olan
evdə keçiriblər. Bütün Söyüdlər kəndi həmin gecəni səksəkə içərisində
qalır. Səhərisi gün, mayın 29-da isə Fizuli Əsgərovu yenidən kəndə
qaytarır və həyətində, evində axtarış keçiriləcəyini deyirlər.

Yaxınları, kənd sakinləri axtarışın dünən keçirildiyini və heç nə tapılmadığını desələr də, buna məhəl qoyan olmayıb.

Bir gün öncə həyəti və evi zərgər dəqiqliyi ilə axtaran polislər bu işə yenidən başlayırlar.

“Bu, mənim deyil”

Və… evdən, bir gün öncə dəfələrlə axtarılan evdən müəmmalı çemodan
tapılır. Çemodanın içində isə narkotik bitki. Işi belə görən Fizuli
Əsgərov uca səslə, qışqıraraq yalnız bunları deyə bilib: “Bu, mənim
məhsulum deyil, sizin məhsulunuzdur”. Daha sonra polislər dünən çətənə
kolu aşkarlanan əraziyə gedib, oradakı kolu da özləriylə götürərək,
kəndi tərk ediblər.

Füzulinin qonşusu Adilə Muradova deyir ki, polislərin bələdiyyə
ərazisində aşkarladığı çətənə kolunu öz gözləri ilə görüb, balaca bir
qom imiş. Eyni zamanda həm Adilə xanım, həm də digər qonşular iddia edir
ki, həmin çətənə qomunun içərisində onların yaxşı tanıdığı gəndalaş
bitkisi də olub. Bunu polislərə desələr də, nəticəsi olmayıb və həmin
qom çətənə kolu kimi qeydə alınıb. Sonradan isə məlum olub ki,
qonşuların kiçik qom kimi təsvir etdiyi həmin çətənə kolundan 166 ədəd
çətənə çıxıbmış”.

Məhkəmədə qalmaqal: əməliyyat mayın 28-də olub, ya 29-da?

Məhkəmə zamanı isə daha bir müəmma ortaya çıxıb. Sən demə, Kürdəmirin
Söyüdlər kəndində mayın 28-də başladılmış əməliyyat nədənsə
sənədləşməyib. Sənədlərdə polisin Fizulu Əsgərovun evinə mayın 28-də
gəlməsi haqda bir cümlə də olsa qeyd olmayıb. Bu necə ola bilər axı?
Kürdəmir polisi idarədən avtomatı icazəsizmi götürüb çıxıbmış? Və ya
bütün kəndin gözünün qabağında 28-də baş verən hadisə necə qəfil bir gün
ertələnir? Maraqlıdır ki, yalnız mayın 29-da və yuxarıda ətraflı təsvir
etdiyimiz hadisələr sənədləşdirilib və bu, müdafiə tərəfinin haqlı
narazılığına səbəb olub. Maraqlıdır, görəsən polisin mayın 28-də baş
verənləri ört-basdır etməyə çalışması nəylə əlaqədardır? Burada hansısa
gizli bir niyyət yoxdur ki? Təbii ki, bu və digər bütün sualların cavabı
iyun ayına planlaşdırılan və Şirvan Rayon Apelyasiya Məhkəməsində
reallaşacaq proses zamanı bilinəcək. Biz isə hələlik yalnız şahid
ifadələrini təqdim etməklə kifayətlənirik.

“Əməliyyat mayın 28-də olub”

Fizuli Əsgərovla qapıbir qonşu olan Əlövsət Paşa oğlu Qəmbərov da
iddia edir ki, polislər Söyüdlər kəndinə məhz mayın 28-də gəliblər: “Mən
dəqiq bilirəm ki, onlar Fizulinin evinə 2013-cü il may ayının 28-də
gəliblər. Həmin gün övladım dostları ilə bizim evdə “Son zəng”i qeyd
edirdilər. Bunun sübutu kimi video çəkilişlər də var. Nəyin baş
verdiyini anlamıram, amma bir şeyi deyim ki, mən Fizulini normal və
zəhmətkeş insan kimi tanımışam.

Digər kənd sakini Ağamalı Cəfərov da əməliyyatın məhz mayın 28-də
keçirildiyini bildirir: “Bu ailəni bütün kənd tanıyır, onların kənddə
böyük hörməti var. Ziyalı, tərbiyəli ailədi, belə bir şeyin olmasına biz
heç cür inanmırıq. Çölün düzündən nəsə tapıb, Fizulinin ayağına yazmaq
istəyirlər. Çöldən tapılan həmin çətənə kolunun içində gəndalaş
bitkisinin olmasını isə öz gözlərimlə görmüşəm. Biz hər halda nəşəni
tanımasaq da, gəndalaşı yaxşı tanıyırıq axı. Əməliyyat isə mayın 28-də
olub, buna şübhə ola bilməz”.

Seyid adlı kənd sakini də eyni fikirləri səsləndirir: “Bu yalan bizim kəndə ləkədi”.

Söyüdlər kəndinin ağsaqqalı, seyid Mirbəşir Tağıyev isə Fizulinin
narkotik bitki əkib becərməsinə inanmadığını deyir: “Fizulinin atası
müəllim olub, ziyalı ailəsində böyüyüb. Onların ailəsinə hər birimizin
hörməti var. Əgər Fizulinin evində və ya həyətində narkotik
tapılmışdısa, bunu niyə mayın 28-də aktlaşdırmadılar? Bu yalan bizim
kəndə ləkədi”. Icra nümayəndəsi də təsdiqləyir: “Mayın 28-də”.

Əməkdaşımız Fizulinin evində və həyətində aparılan axtarış zamanı
hadisə yerində olmuş Köhüllülər kənd icra nümayəndəsi Soltan Abbasovun
da fikirlərini öyrənib və o da əməliyyatın məhz mayın 28-də
reallaşdığını təsdiqləyib: “Mən bununla bağlı məhkəmədə də şahid kimi
ifadə vermişəm və bildirmişəm ki, Fizulinin həyətində axtarış mayın
28-də olub. Həmin gün axtarış aparıldı və ərazidən narkotik bitki olan
çətənə kolu aşkarlandı. Bu başımızı uca edən məsələ deyil. Amma mən də
Fizulini normal adam kimi tanımışam”.

Şahidlərin sözlərinə görə, bu işdə ən böyük absurdlardan biri də
mayın 29-u axşam saat 5 radələrində başa çatan əməliyyatın ardından
ekspertiza rəyinin alınmasıdır. “Rəy səhəri, ya o biri gün alınmayıb.
Sən demə, bizim polislər 1 saat ərzində, – Ekspertiza Idarəsi işini saat
18-də başa vurur – Söyüdlüdən 240 km yolu Bakıya gəlir, götürülən
kollar ekspertizaya verilir, rəy alınır və yenə də 240 km geri
qaytarılır. Bunca “operativlik” olmaz axı” – deyir, Əsgərovlar ailəsi.

Ailənin aşkarladığı başqa bir absurd: “Təsəvvür edin, çemodandan guya
qurudulmuş marixuana “tapılır”, Baş verənlər də videoya alınır. Amma
videoda nə görünsə yaxşıdır? Yamyaşıl yarpaqlar. Bu necə olur deyə, sual
verməyin. Olub, daha doğrusu, ediblər. Və indi bütün bu absurdluğa don
geyindirmək istəyirlər”.

Əsgərovlar ailəsi inanmır ki, bütün bu absurdlar ədalət məhkəməsinin diqqətindən yayınsın.

meydan.tv

Short URL: http://www.cumhuriyyet.net/?p=8397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930